“Mədə xərçənginin müalicəsində edilən səhv…” — Dr. Samirə Mahmudova

“Mədə xərçənginin müalicəsində edilən səhv…” — Dr. Samirə Mahmudova

Könül Cəfərli ilə “Peşəkar həkim” layihəsinin növbəti qonağı onkoloq Dr. Samirə Mahmudovadır. Müsahibimiz mədə xərçəngi ilə bağlı  suallarımızı cavablandırıb.

“Qafqazinfo” müsahibəni  təqdim edir:

Arayış

Peşəkar onkoloq Dr. Samirə Mahmudova 2005-ci ildə Azərbaycan Tibb Universitetini  bitirib. 12 il Milli Onkologiya Mərkəzində həkim-onkoloq kimi fəaliyyət göstərib. İxtisası üzrə Türkiyə, Almaniya, Polşa, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya və Gürcüstanda keçirilmiş beynəlxalq konfranslarda iştirak edib. Avropa Onkoloqlar Məktəbinin, Avropa Onkoloqlar Cəmiyyətinin, Türk Tibbi Onkoloqlar Cəmiyyətinin üzvüdür.

Hazırda DTX Hospitalda çalışır.

-Mədə xərçəngini yaradan əsas səbəblər nələrdir?

-Mədə xərçənginin əsas səbəblərinə keçməzdən əvvəl statistik məlumat vermək istəyirəm. Əslində statistik məlumatlar səbəbləri öyrənmək üçün vacib qeydlərdir. Dünya statistikasına görə mədə xərçəngi ən çox rast gəlinən beşinci xərçəng növüdür. Mədə xərçənginə rast gəlinməsi coğrafi, sosioekonomik və hətta etnik fərqliliklər göstərir. Belə ki, ən çox Şərqi Asiya ölkələrində – Yaponiya, Koreya, Çin, ən az isə Şimali Avropa və Şimali Amerika ölkələrində rast gəlinir. Ümumilikdə götürsək, mədə xərçəngi daha çox az inkişaf etmiş ölkələrdə qeydə alınır.  

Maraqlı burasındadır ki, son onilliklərdə mədə xərçənginə rast gəlinməsində azalma müşahidə olunur. Buna səbəb mədə xərçənginin əsas risk faktorlarından olan “Helicobacter pylori” bakteriyasının tapılması və bunun müalicə olunmasıdır. 

-Bu bakteriya haqqında oxucularımıza məlumat verərdiniz.

– “Helicobater pylori” mədədə yerləşən və qastrit, mədə xorası törədən xüsusi bakteriyalardır. Bu hallar sonda mədə xərçəngi ilə nəticələnə bilər. “Helicobater pylori”nin kəşfi səhiyyədə vacib hadisələrdən biridir. Hətta bu bakteriyanı kəşf edən şəxslərə Nobel mükafatı verildi. 

-Bu bakteriyadan başqa hansı amilləri qeyd etmək olar?

-Əvvəl mədə xorasına görə çoxsaylı mədə əməliyyatları icra edilirdi ki, bunun özü də mədə xərçəngi üçün risk faktorudur. Digər amillərdən biri kimi işlənmiş ət məhsullarını vurğulamaq istərdim. İşlənmiş ət məhsulları Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən bir nömrəli kanserogen olaraq təsdiqlənib. Bu zəhərlər, yəni kolbasa, sosiska çoxumuzun evində var. Duz və duz ilə işlənmiş məhsullar da mədə xərçəngi riskini artırır. Yüksək miqdarda duz qəbulu mədənin daxili divarını zədələyərək xərçəngi başlada bilər. Digər səbəb siqaret çəkməkdir. Bir tədqiqatın nəticəsinə görə, siqaret çəkmək 20% hallarda mədə xərçənginin səbəbi ola bilər. Eyni zamanda yüksək çəki, spirtli içki qəbulu da mədə xərçəngini yaradan amillərdəndir. 

-Tünd və qaynar çay, energetik içkilər də mədə xərçəngi yarada bilərmi?

-Tərkibində yüksək karbohidrat və kofein olan energetik içkilər xüsusilə ürək-damar xəstəliklərini yaradan zərərli içkilərdir. Bunun birbaşa mədə xərçəngi yaratması ilə bağlı böyük  tədqiqatlar yoxdur. Lakin kiçik araşdırmalara görə,  çox miqdarda enerji içkisinin qəbulu atrofik qastrit yarada bilər. Hansı ki, bunun da mədə xərçənginə çevrilmə riski var. Qaynar içkilər daha çox qida borusu xərçəngi riskini artırır, mədə xərçənginin əsas risk faktorları arasında qeyd edilmir.

-Hansı mədə xəstəlikləri xərçəngə çevrilə bilər? Qısa olaraq bir neçə xəstəliyin adını çəkə bilərsiniz?

-Atrofik qastrit, mədə xorası xərçəngə çevrilə bilən xəstəliklərdir. Diffuz mədə xərçəngində isə irsi amilin rolu daha çoxdur

-Hansı əlamətlər mədə xərçəngindən xəbər verir?

-Mədə xərçəginin əlamətləri çox fərqlidir. İlk öncə bildirim ki, çox hallarda simptomsuz ola bilər və buna görə də mədə xərçəngi daha çox gecikmiş mərhələdə rast gəlinir. Xəstələrin müəyyən hissəsində mədə xorası anamnez ola bilər. Məsələn, xəstələr uzun müddət mədədə yanma, göynəmə, ağrı hissini qeyd edirlər. Ən çox rast gəlinən əlamətlər arıqlama, qarında ağrı, ürəkbulanma, erkən doyma hissi, udqunma problemidir. Bəzən isə simptomlar metastazlara bağlı ortaya çıxa bilər. Məsələn, qarında maye toplanması, sümüklərdə kəskin ağrı və ya körpücük üstü nahiyədə limfa düyününün əmələ gəlməsi. Çox nadir hallarda mədə xərçəngi dəridə dəyişikliklərlə də müşahidə oluna bilər. Buna paraneoplastik sindromlar deyirik.

-Onkoloqa nə zaman müraciət etməli?

-Onkoloqa xərçəng diaqnozu təsdiqləndikdən sonra müraciət etsələr, daha doğru olar. Amma mədə-bağırsaq sistemi ilə əlaqəli şikayətləri olan insanların vaxtında qastroenteroloqa müraciət etmələri çox vacibdir. Xüsusən mədədə ağrı, yanma, göynəmə hissi, udqunma, səbəbsiz arıqlama problemləri olduqda qastroenteroloqa müraciət etsinlər. Qastroenteroloq zərurət yarandığı təqdirdə endoskopiya müayinəsi edəcək, mədədə problemli sahədən biopsiya götürərək diaqnozu təsdiq edəcək. Həmçinin qastroenteroloq “Helicobacter pylori” bakteriyasını təsdiqlədikdən sonra uyğun müalicəyə başlayaraq xərçəng riskini azalda bilər.

-Mədə xərçənginin tək müalicə yolu cərrahiyyədir?

-Bir neçə illər öncə mədə xərçəngində ən vacib müalicə üsulu cərrahi əməliyyat sayılırdı. Lakin müasir dövrdə hətta əməliyyat oluna bilən xəstələrdə belə kombinə olunmuş, kompleks müalicə çox vacibdir. Kombinə olunmuş dedikdə cərrahi əməliyyatla birlikdə kimyaterapiya və şüaterapiya müalicəsi nəzərdə tutulur. Artıq böyük tədqiqatların nəticəsi göstərib ki,  kombinə olunmuş müalicə təkbaşına icra edilmiş cərrahi əməliyyatdan daha üstündür. Ona görə də mədə xərçəngi diaqnozu qoyulmuş şəxslərin ilkin olaraq tibbi onkoloqa müraciət etməsi tövsiyə olunur. Həmçinin əməliyyat öncəsi multidisiplinar yanaşma çox vacibdir. Xüsusən də Azərbaycanda mədə xərçənginə daha çox yerli yayılmış mərhələdə rast gəlinir və belə hallarda müalicəni ilkin olaraq kimyaterapiya ilə başlayıb ehtiyac olduqca cərrahi əməliyyatla davam etdirmək daha məqsədəuyğundur. Metastaz vermiş, yəni IV mərhələ xəstəlikdə isə yeganə müalicə üsulu dərman müalicəsidir. Bir də xüsusi vurğulamaq istərdim ki, mədə xərçəngində radioloji müayinələrlə müalicədən öncə düzgün mərhələləndirmə çox vacibdir. Bu düzgün aparılmayanda xəstələrdə mərhələ düzgün təyin olunmur və xəstə səhvən əməliyyata salınır.

-Mədə xərçəngi tamamilə sağalırmı?

-Bu sualın cavabına keçməzdən öncə istəyirəm mədə xərçənginin proqnozu haqqında qısa məlumat verim. Mədə xərçənginin proqnozu bir çox faktordan – hansı mərhələdə aşkar edilməsindən, növündən və aparılmış müalicənin effektliyindən asılıdır. Yaponiyada mədə xərçəngi çox erkən mərhələdə tapılır. Buna səbəb orada skrininq proqramlarının olmasıdır. Xəstədə erkən mərhələdə mədə xərçəngi aşkar edilərsə, 5 il sağ qalmaq şansı 90 faizdir. Yəni pasiyentlərin 90 faizi 5 il və daha çox yaşaya bilir. Lakin yerli yayılmış mərhələdə bu rəqəm 35% civarında, metastatik mərhələdə isə 10 faizin altındadır. Buradan da bir daha anlaşılır ki, mədə xərçənginin vaxtında aşkarlanması proqnozun yaxşılaşdırılması üçün çox vacibdir.

-Mədə xərçəngindən sağalan xəstələriniz varmı?

-Bəli, erkən mərhələdə sağalan xəstələrim var. Erkən mərhələdə mədə xərçəngindən tamamilə sağalmaq mümkündür. Ona görə də xərçəng üçün mərhələndirmə vacibdir. Erkən mərhələdə müraciət edən xəstələr kompleks müalicə ilə tamamilə sağala bilirlər və mütəmadi həkim nəzarəti altında qalırlar. 

-Hansı hallarda mədə xərçəngi yenilənə bilər?

-Xərçəngin geri qayıtması və proqnozu üçün mütləq törəmənin ölçüsü və ətraf limfa düyünlərinin tutumu vacib faktorlardandır. Əgər törəmənin ölçüsü kiçik və ətraf limfa düyünlərinə sıçrama baş verməyibsə, bu, proqnoza ciddi təsir göstərir. Belə xəstələrin kompleks müalicə ilə tamamilə sağalması mümkündür.

Qeyd: Dr. Samirə Mahmudova bütün növ onkoloji xəstəliklərin müalicəsi ilə məşğul olan yüksək ixtisaslı mütəxəssisdir. Maraqlananlar həkimlə  (050) 209-95-91 mobil nömrəsi ilə əlaqə saxlaya bilərlər. Həmçinin https://www.facebook.com/profile.php?id=100095071935409 feysbuk, eyniadlı “drsamiramahmudova” instaqram hesabları ilə də həkimə elektron müraciət etmək olar.


Share: