“Mədəni İnkişafın Təbliği” İctimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Ürəyimdə sözüm var: şeir müsabiqəsinin keçirilməsi” adlı layihənin icrasına başlayıb.
Bu haqda “Mədəni İnkişafın Təbliği” İctimai Birliyinin mətbuat xidməti məlumat verib.
Məlumatda bildirilir ki, layihənin əsas məqsədi Sumqayıt şəhərində şagirdlərin asudə vaxtının səmərəli təşkili, qiraətlərinin formalaşdırılması, onlarda vətənpərvərlik ruhunun artırılmasıdır. Eyni zamanda, həmin şeirlərin bir kitabda toplanması, hər hansı bir oxucunun bu mövzuda şeir axtaranda birbaşa bir kitabdan şeirləri əldə etməsi də layihənin əsas məqsədlərindəndir.
Layihənin icrası ilə bağlı ilkin hazırlıq işləri görülmüş, peşəkar işçi heyəti seçilmiş, tədbirlər planı hazırlanmışdır.
Layihə çərçivəsində şeir müsabiqəsinin keçirilməsi ilə bağlı elan veriləcək, iştirakçılar münsiflər heyəti tərəfindən qiymətləndirilərək, qaliblər diplomla təltif olunacaq. Müsabiqənin nəticəsi olaraq, şeir almanaxı çap olunub kitabxanalara paylanılacaq.
Layihənin müddəti 2 ay olmaqla, 1 sentyabr 2022-ci il tarixdən icra olunması və noyabrın 1-dək yekunlaşdırılması nəzərdə tutulur.