Mədəniyyət naziri yerini bilməyəndə… — Foto

Mədəniyyət naziri yerini bilməyəndə… — Foto

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin sərəncamı ilə mədəniyyət naziri Anar Kərimov vəzifəsindən azad edilib. 

“Qafqazinfo”nun məlumatına görə, bu vəzifəyə təyin olunmasından heç iki il keçməmiş Anar Kərimovun işdən çıxarılması bir çox suallar yaradıb. Belə ki, adətən Azərbaycanda yüksək posta gətirilən məmurlara həmin sahədə özünü təsdiq etmək, lazımi işlər görmək üçün müəyyən zaman tanınır. A.Kərimovda isə belə olmadı və bu, açıq suallar yaratdı.  

Məlum olduğu kimi, hələ bu qurumda Əbülfəs Qarayevin vəzifəsindən azad olunması ilə nəticələnən Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi əməliyyatlar A.Kərimovun vaxtında da davam etdi. Bu əməliyyatlar nəticədə onun birinci müavini Elnur Əliyevin bir neçə ay əvvəl işdən çıxarılması və digərlərinin həbsi ilə nazirlikdə baş verən oğurluq, yeyinti faktlarını obrazlı ifadə etsək, mədəniyyətsizliyi ortaya qoydu. 

Bütün baş verənlər həm də A.Kərimova bir siqnal idi. Lakin görünür, o, nə sələflərindən, nə də müasirlərindən dərs götürdü.

Bu arada, nazirin öz həddini aşması ilə bağlı daha bir fakt ortaya çıxıb. “Qafqazinfo”ya daxil olan fotodan çox şey aydın olur. Belə ki, bu yaxınlarda Heydər Əliyev Sarayında keçirilən tədbirlərdən birinə qatılan A.Kərimov, həmkarı, kənd təsərrüfatı naziri İnam Kərimov və onların xanımları sarayda adətən dövlət başçısının oturması üçün nəzərdə tutulan və protokol hesab edilən sıraya əyləşiblər. 

Deyilənə görə, nazirə həmin yerin Prezident sırası olduğu haqda xəbərdarlıq edilsə də, o, məhəl qoymayaraq kresloların üstündəki örtüyü açdırıb və israrla orada oturub. 

Vurğulayaq ki, A.Kərimovun yerini bilməməyi təkcə özünə aid olmayan yerdə oturması ilə bağlı deyil. O, qısa zaman kəsiyində nazir işləməsinə baxmayaraq, hərəkətləri ilə sənət adamlarının narazılığına səbəb olmuşdu. Belə ki, onun hətta əsas yoxlanmalı yerləri qoyub Azərbaycan Dövlət Kukla Teatrı kimi bir mədəniyyət ocağında yeyinti axtarması gülüşlə qarşılanmışdı. 

Sadaladıqlarımız məhz A.Kərimovun nazir ömrünün belə qısa bitməsi ilə nəticələndi. Zənnimizcə, bu tale bir daha yüksək etimad göstərilən məmurlar üçün örnək olmalıdır. 


Share: