Məğlub ölkənin baş diplomatiya idarəsi və ekspertləri…

Məğlub ölkənin baş diplomatiya idarəsi və ekspertləri…

Azərbaycan və Türkiyənin daşı el dilində desək, deyəsən, həqiqətən də çox ağırmış. Bunu Laçın rayonunda Azərbaycan və Türkiyə xüsusi təyinatlılarının bu günlərdə keçirdiyi birgə təlimlərə qonşularımızın verdikləri sərsəm və qeyri-adekvat reaksiyalardan da bir daha aydın şəkildə gördük.

Xüsusən də Ermənistan XİN-in və bir çox erməni siyasətçilərinin, ekspertlərinin sözügedən birgə təlimlərə həddindən artıq isterik reaksiya verməsi heç cürə anlaşılan deyil. Məğlub ölkənin baş diplomatiya idarəsi və ekspertləri belə bir absurd iddia ilə çıxış edirlər ki, guya məlum hərbi təlimlərin keçirilməsi 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatına uyğun deyil və bu təlimlər sülhə, təhlükəsizliyə xələl gətirir.
Əslində Ermənistan XİN-in və çoxsaylı erməni politoloqlarının belə bir absurd və həyasız iddia ilə çıxış etməsi heç də təəccüblü deyil. Çünki biz Ararat Mirzoyandan əvvəlki erməni xarici işlər nazirlərinin dövründə də Ermənistan XİN-in və erməni ekspertlərinin bu cür şər-böhtan xarakterli bəyanatlarına, açıqlamalarına öyrəşmişdik. Belə görünür ki, Ermənistan Xarici İşlər Nazirliyi (XİN) öz köhnə təxribatçı, saxtakar, təhrifçi ənənələrinə bu gün də sadiq qalmaqda davam edir.
Erməni diplomatları və ekspertləri bilməlidirlər ki, əvvəla 10 noyabr üçtərəfli Bəyanatına Azərbaycan-Türkiyə birgə hərbi təlimləri yox, Ermənistanın müharibədən sonra revanşizmə can atması və Azərbaycanın sərhəd ərazilərini, habelə Şuşadakı, Ağdamdakı mövqelərimizi atəşə tutması ziddir. Eləcə də Rusiya sülhməramlı kontingentinin sülhməramlı missiyası ilə heç cürə uyğun gəlməyən hərbi təlimlər keçirməsi də 10 noyabr razılaşmasının prinsipləri ilə daban-dabana ziddir. Ermənilər və Rusiyanın bəzi ermənipərəst dairələri öz gözlərindəki tiri görmək əvəzinə, Azərbaycana böhtan atırlar.
Birdəki, Azərbaycan öz ərazisinin hər hansı bir nöqtəsində müttəfiq ölkələrlə birlikdə və ya tək olaraq hərbi təlimlər keçirmək üçün İrəvandan, Moskvadan icazə alası deyil ki. Biz suveren, müstəqil ölkəyik və kiminlə nə zaman, harda təlimlər keçirməyə də özümüz qərar veririk. Bu rəsmi Bakının müstəsna səlahiyyətlərinə aid olan məsələdir. Yaxşı olar ki, Ermənistan XİN-i Azərbaycanın Türkiyə ilə birlikdə keçirdiyi təlimlərə münasibət bildirmək əvəzinə, 10 noyabr Bəyanatından irəli gələn vəzifələrin yubanmadan yerinə yetirilməsinin vacibliyini Ermənistanın birinci şəxslərinə izah etsin, başa salsın.
Həmçinin erməni ekspertləri də Ermənistan ordusunun Rusiya ordusu ilə birgə Azərbaycanın Rusiya “sülhməramlı”larının müvəqqəti nəzarəti nəzarət etdiyi ərazilərində hərbi təlim keçirməsi kimi təhrikçi və qızışdırıcı təkliflərlə çıxış etməkdən əl çəksinlər. Çünki bu cür sərsəm təkliflər sonda Ermənistanın özü üçün fəlakətlə nəticələnə bilər.
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Share: