Bu gün əfsanəvi boksçu Məhəmməd Əlinin doğum günüdür. Kulis.az onun haqqında maraqlı araşdırmanı təqdim edir.
Həyatı
Əsl adı Kassius Marselius Kley olan boksçu 17 yanvar 1942-ci ildə ABŞ-ın Kentukki əyalətində anadan olub. Afro-Amerikan əsilli olan boksçunun bu idman növü ilə tanışlığı 12 yaşına təsadüf edir. O, qısa müddətdə “National AAU” və “Qızıl əlcək” çempionatına həvəskar olaraq qatılır. 1960-cı ildə Romada keçirilən Olimpiada dünyaya unudulmaz, əfsanəvi boksçu qazandırır. 18 yaşlı Məhəmməd Əli bu Olimpiadada qızıl medal qazanaraq daha da məşhurlaşır.
1964-cü ildə 22 yaşında olan gənc idmançı S.Listona qalib gələrək Dünya Çempionu olur. Bu qələbədən sonra isə dinini dəyişdirərək İslamı qəbul etdiyini bütün dünyaya bəyan edir.
Məhəmməd Əli adını dəyişdirdikdən sonra 1967-ci ildən 1970-ci ilə qədər çox sevdiyi boksa fasilə verməli olur. Onun adları əlindən alınır və boksdan uzaqlaşdırılır. Bu zamanlarda o, universitetləri gəzərək İslamdan danışır. “Vyetnamlılar mənə heç bir pislik etmədikləri üçün onlarla müharibəyə getmirəm” deyərək Vyetnam müharibəsində iştirak etməkdən imtina edir. Buna görə, isə o, 5 il həbs cəzası və 10 min ABŞ dolları miqdarında cərimə olunur. Lisenziyası və pasportu əlindən alındığı üçün müharibə vaxtı maddi sıxıntılarla qarşılaşır və müflis olduğunu bəyan edir.
1970-ci ildə məhkəməyə etdiyi şikayət təmin edilərək yenidən boksa qayıdır. Bir il sonra Coy Frayzerlə əsrin oyununa çıxır və professional boks karyerasında ilk dəfə məğlub olur. Mütəxəssislər 3 ildən sonra sadəcə 2 dəfə oyuna girən Məhəmməd Əlinin bu qədər çətin oyuna hazır olmadığını bildirirlər. Amma o, tez bir zamanda çempion olmaq istəyirdi.
Daha sonra Ken Nortona uduzduğu, çənəsinin sınması ilə nəticələnən oyunda özü və yaxınlarından başqa çoxları onun karyerasının bitdiyini sanırdı. Amma o, rəqib boksçuları bir-bir məğlub edir, Ken Nortona qalib gəlir və yenidən məşhurluq nərdivanını qalxmağa başlayır.
1973-cü ildə Məhəmməd Əli Coy Frazer və Corc Foremanı nokautla məğlub edir. O, 1978-ci ildə Dünya Çempionu adını 3 dəfə əldə edən ilk boksçu olur.
1978-ci ildə boksu çempion olaraq tərk edir. Sonra 1984-cü ildə Parkinson xəstəliyinə tutulmasına rəğmən, bunu gizlədərək böyük pul müqabilində iki oyuna çıxaraq uduzur. Məğlub olduğu boksçuların ikisi də o vaxtın dünya çempionları idi. Professional boksla məşğul olduğu dövrdə sadəcə 5 dəfə uduzan, Olimpiada və dünya Çempionu olan Məhəmməd Əli, 36-sı nokaut olmaqla 56 oyun qazanır.
Ona sadəcə boksçu olaraq baxmaq lazım deyil. Çünki o, gücü ilə nə edibsə, insanlığı ilə də bir o qədər gözəl işlər görüb. 1960-cı ildə Roma Olimpiadasından qayıtdıqdan iki gün sonra restoranda ancaq ağ dərili insanlara servis edildiyini gördükdə medalını Luisvill şəhərində Ohio çayına atıb. Hər il milyonlarla turist əfsanəvi boksçunun olimpiya medalının üzdüyü Ohio çayını görmək üçün Luisvill şəhərinə səfər edir. 1996-cı ildə Atlanta Olimpiadasında bu medalın yerinə ona başqa qızıl medal verilir.
Şəxsi həyatı
Məhəmməd Əli dörd dəfə ailə həyatı qurub. Onun uğursuz evliliklərinin səbəbi bütün dünyaya məlumdur. Hərçənd ki, o, çox sevimli və yaxşı ata olub, bunu onun övladları da hər zaman deyir. Həyat yoldaşlarına qarşı da hər zaman qayğı və sevgi ilə yanaşıb. Məhz qadınlara olan düşkünlüyü səbəbindən onun evlilikləri hər dəfə uğursuzluqla nəticələnirdi. Boksçunun üçüncü xanımı Amerika gözəli olan Veronika Porşe də 4 il davam edən evlilikləri haqda bu sözləri demişdi: “Məhəmməd Əli ilə olan hər bir gün sehrli nağıla bənzəyirdi, onunla həyat həqiqətən də çox gözəldir. Lakin vaxt keçdikcə Əli ilə yaşamaq çətinləşirdi, bunu əslində hər kəs bilir ki, Əli nə qədər möhtəşəm və əsrarəngiz insan olsa da həyat yoldaşı olaraq sadiq deyildi. Bu səbəbdən də biz ayrılmalı olduq, lakin mən hər zaman onu sevmişəm. Məhəmməd Əli mənimçün sevgi deməktir…”
Boksdan sonrakı həyatı
1984-cü ildə Məhəmməd Əli, Amerika Birləşmiş Ştatlarının prezidenti Ronald Reyqanın yenidən seçilməsi üçün ona dəstək verdiyini açıqlayır. 1991-ci ildə boksçu Körfəz müharibəsində İraqa gedir və amerikalı girovların sərbəst buraxılması üçün Səddam Hüseynlə görüşür.
1996-cı ildə Atlantada Yaz Olimpiadasının məşəlini yandırır. 17 noyabr 2002-ci ildə Məhəmməd Əli, sülh elçisi olaraq Əfqanıstana gedir və üç gün Kabil şəhərində olur. 27 iyul 2012-ci ildə Əli, London Yay Olimpiadasının açılış mərasimində bayrağını gətirir. O, xəstəliyi səbəbindən stadionda bayrağı gəzdirə bilməyəcək hala gəldikdə həyat yoldaşı Lonniye ona kömək edir. 20 dekabr 2014-cü ildə Əli sətəlcəm olur və xəstəxanaya yerləşdirilir. Daha sonra o, Arizonada qonaq getdiyi evdən sidik yolunda infeksiya diaqnozu ilə xəstəxanaya aparılır və səhəri gün xəstəxanadan çıxır.
2001-ci il 11 sentyabr hadisələri zamanı o, başına Nyu-Yorkun Yanğınsöndürmə Mərkəzinin papağını qoyaraq hadisənin baş verdiyi yerə gedərək İslamı gözdən salmamağı, İslamın qatil yox, sülh dini olduğunu qeyd edib.
Ölümü
Məhəmməd Əlinin dövrünün ən yaxşısı olması qəbul edilir. 2001-ci ildə Hollivudda onun haqqında film çəkilir. Əli adlı filmdə Məhəmməd Əli obrazını Uill Smit canlandırıb. Parkinson xəstəliyi səbəbindən Miçiqandakı bağ evində hamıdan uzaq yaşamağı qərara alan boksçu rinqlərdə 20 ildir ağzından düşməyən ”bütün dövlərin ən yaxşısıyam” sözünü isbat edərək əfsanə olub.
Xeyli müddətdir Parkinson xəstəliyindən əziyyət çəkən Məhəmməd Əli 3 iyun 2016-cı ildə tənəffüs yolundakı narahatlıq səbəbindən müalicə aldığı xəstəxanada gözünü əbədi olaraq yumur…
Əfsanəvi boksçu Məhəmməd Əlinin qızı Hana, atasının bütün orqanları dayandıqdan sonra ürəyinin 30 dəqiqə vurduğunu bildirib. Ailənin sözcüsü Bob Gunnell deyib: “O, dünya vətəndaşı idi və cəmiyyətin bütün təbəqələrindən onun dəfn mərasiminə qatılmağı arzu edirlər”.
ABŞ prezidenti Barak Obama sosial şəbəkədə Məhəmməd Əlinin 1965-ci ildə Sony Listona qalib gəldiyini oyunun videosunu paylaşaraq: “Dünyanı sarsıtdı və daha yaxşı bir yerə çevirdi. Rahat yat, çempion” mesajını paylaşıb.
Eks ABŞ prezidenti Bill Klinton da “Sağ ol, dostum, çox mükəmməl biri idin” statusunu yazıb.