“Məhəmməd İqbalın Eşq və düşüncə şairi” kitabı nəşr olunub
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Azərbaycan-Asiya ədəbi əlaqələri” şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru Bəsirə Əzizəlinin görkəmli Pakistan şairi, filosofu, islam alimi Məhəmməd İqbala həsr olunmuş “Məhəmməd İqbal: Eşq və düşüncə şairi” monoqrafiyası nəşr edilmişdir. Kitab Ədəbiyyat İnstitutunun Elmi Şurasının 13 sentyabr 2021-ci il tarixli 6 saylı iclasının qərarı ilə çap olunub. Monoqrafiya “Sənətkarın elmi pasportu” seriyasında işıq üzü görən iyirmi dördüncü nəşrdir.
Kitabın elmi məsləhətçisi akademik İsa Həbibbəyli, elmi redaktoru filologiya elmləri doktoru, professor Bədirxan Əhmədli, rəyçilər filologiya elmləri doktoru, professor İmamverdi Həmidov və Pakistanın MUSLIM İnstitutunun direktoru, Cunaqadh əyalətinin Baş naziri, professor Sahibzada Sultan Ahmed Alidir.
Son illərdə Azərbaycanda Pakistan ədəbiyyatının, xüsusilə də mütəfəkkir şair Məhəmməd İqbalın yaradıcılığının mühüm istiqamətlərini, ədəbi-fəlsəfi cəhətlərini öyrənən, bu sahədə bir çox elmi məqalələrin müəllifi olan, müxtəlif illərdə Pakistanda keçirilən elmi konfranslarda ölkəmizi təmsil edən Bəsirə Əzizəlinin kitabı Azərbaycanda Məhəmməd İqbala həsr olunmuş ilk monoqrafiyadır.
Monoqrafiyada Pakistanın görkəmli şairi, filosofu, islam alimi və ictimai xadimi Məhəmməd İqbalın həyatı, yaradıcılıq yolu araşdırılmış, müxtəlif əsərləri tədqiq edilərək onların ideya-bədii xüsusiyyətləri müəyyənləşdirilmişdir. Kitabda Pakistanın mənəvi qurucusu kimi dəyərləndirilən Məhəmməd İqbalın nəzm və nəsr əsərlərində öz əksini tapmış ədəbi-fəlsəfi, milli-mənəvi, ictimai-siyasi görüşləri dəyərləndirilmişdir. “Məhəmməd İqbalın həyatı və yaradıcılıq yolu”, “Peyam-i-Məşriq – “Şərqdən xəbər” əsəri: Şərq və Qərb düşüncəsinin müqayisəsi”, “Cavidnamə əsəri: milli-mənəvi düşüncə, islam dünyası haqqında fikirlər, eşq fəlsəfəsi”, “Zarb-i Kelim” əsərində qadın və cəmiyyət məsələləri”, “Məhəmməd İqbal “Gülşən-i Razi-i Cədid” və M.Şəbüstərinin “Gülşəni-raz” əsəri”, “İslamda dini düşüncənin yenidən inşası” əsəri: müsəlman mədəniyyətinə yeni baxış”, “Hicaz ərməganı” əsərində müsəlman birliyi ideyası”, “Məhəmməd İqbalın yaradıcılığının Azərbaycanda tədqiqi və tərcüməsi” və “Book summary” kimi doqquz bölümdən ibarət kitabda görkəmli filosof-şairin həyat və yaradıcılığının, zəngin Şərq və Qərb motivləri ilə yoğrulmuş bədii-fəlsəfi irsinin mühüm məqamları araşdırılmışdır. Kitabın ön sözündə “M.İqbal ötən əsrdə müsəlmanların maddi-mənəvi inkişafı, Şərq və Qərb arasındakı münasibətlərin sülh və tolerant dəyərlər əsasında qurulmasının tərəfdarı kimi çıxış edirdi. Filosof şairin dünyagörüşündə islam dini, təsəvvüf təlimi, eşq fəlsəfəsi, kamil insan və mən konsepsiyası, həyatın praktik qavramı vəhdətdə ifadə edilmişdir. M.İqbalın düşüncələrinin mərkəzində eşq ilə kamilləşən insan dayanır. Şair insanlıq məqamının göylərdən uca olduğunu, insana hörmətin mədəniyyətin əsasında dayandığını dönə-dönə qeyd etmişdir” yazan Bəsirə Əzizəli ədəbi-fəlsəfi, ictimai-siyasi görüşləri və fəaliyyəti ilə Pakistan xalqının, eləcə də müsəlman aləmi və insanlıq tarixində mühüm rol oynayan mütəfəkkir şəxsiyyəti yüksək qiymətləndirmişdir.
228 səhifəlik kitab “Elm və təhsil” nəşriyyatında çap olunub. Bəsirə Əzizəlinin “Məhəmməd İqbal: Eşq və düşüncə şairi” kitabı Azərbaycan və qardaş Pakistan arasındakı ədəbi-mədəni əlaqələrin inkişafına mühüm töhfədir.
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,
İctimaiyyətlə əlaqələr şöbəsi
Müstəqil.Az