Artıq günlərdir ki,Səbail rayonundakı 162 saylı orta məktəbin şagirdi Elinanın faciəsi gündəmi zəbt etməkdədir.
Sosial şəbəkələrdə, ictimai yerlərdə, qəzet səhifələrində, bir sözlə hər yerdə bu faciənin ağrısını çəkənləri görməmək mümkünsüzdür.
Yeniyetmə qızın faciəsinə ağrımaqdan, boyunlarına düşən məsuliyyəti dərk etmək əvəzinə intihar etmiş qızın sosial durumu, ailəsi haqda ürəkbulandıran açıqlama verən məktəbin xanım direktorunun münasibəti də təəssüf doğurdu. Heç kəsə sirr deyil ki, məktəb şagirdin həyatında ailəsi qədər məsuliyyət daşımalıdır.
Bəzi məqamlarda isə bu daha çox olmalıdır. Məktəb azyaşlıya, yeniyetməyə təkcə hansısa dərsləri tədris etdirməklə işini bitmiş hiss etməməlidir.
Bu günlərdə Nizami rayonundakı Xalid Quliyev adına 62 saylı lisey-məktəbdə də şagirdlər arasında fikir ayrılığı baş verib.
Müəyyən səbəblərə görə, uşaqlara pis təsir edəcək deyə adlarını çəkmədiyimiz şagirdlərin valideynləri işə qarışmalı olub.
Müstəqil.az-a məktəbin müəllimələrindən birinin verdiyi məlumata görə qız uşaqları olan şagirdlərin hər ikisi dərs əlaçısıdır.
Sinif yoldaşları tərəfindən daha çox hörmət olunan bir şagirdə digərinin aqresiv davranışı mübahisəyə səbəb olub.
Niyə şagirdlər sənə daha çox hörmət edir, səninlə görüşürlər deyib və sinif yoldaşını məktəbliyə yaraşmayan ifadə ilə təhqir edib, sən “vor zakonsan” deyib.
Şagirdin anası məktəbə gələrək məktəbin direktoru Mətanət xanım Cabbarlıya müraciət edib. Məktəb direktoru isə ikinci tərəfə , şagirdlərə, eləcə də müəllimlərin fikirlərinə şagirdlərin hansı haqlıdır deyə soruşmadan yeniyetmə şagirdi otağına çağırıb, digər şagirdin anası və şagirdin özü də olmaqla uşağa psixi təsir göstərərək pedaqoqa yaraşmayan bir mövqe sərgiləyib.
Məktəbin rəhbəri haqsız hücuma və tənqidə məruz qalan şagirdin vəziyyətini bir qadın, bir ana, bir müəllimə və rəhbər kimi nəzərə almayıb.
Şagirdin anasının dəfələrlə müraciət etməsinə baxmayaraq sinifdaxili iclas çağırmaq istəyinə, xahişinə etinasız qalıb. Mənbənin Müstəqil.Az-a verdiyi məlumata görə bütün bu hallar yeniyetmə şagirdin psixikasına mənfi təsir göstərib.
Məktəb direktoru ilə dəfələrlə əlaqə saxlamaq istəyimiz isə baş tutmayıb.
Hadisəni gündəmdə saxlayıb olanları ətraflı araşdıracağıq.