Son zamanlar ziyarət etdiyim şəhid ailələrinin əksəriyyətindən eşitdiyim bir cümlə məni çox təsirləndirir.
Şəhid anaları deyirlər ki”övladımız şəhid olandan bizim qapımızı ən çox açan, bizi tək qoymayan, bəzi məktəblərin müəllim və şagird kollektivləridir. Onlardan başqa qurumlar, İB-lər, təşkilatlar çox nadir hallarda olur ki, bizi yada salırlar.” Bu sözlər bir yazar olaraq mənə çox təsir etdi. Axı niyə şəhid ailələrini yalnız anım günləri yada salırlar? Bəs adı günlərdə gözləri qapıya tikiləndə niyə heç kəs açmır o qapını? Amma bir məqamı da vurğulayım ki, məktəblərdə müəllimlərin və aktiv valideynlərin şəhid ailələrinə təsəlli olmasına sevindim. Ən azından şərəfli müəllimlərimizin də sayı az deyil ölkəmizdə. Onların yetişdirdiyi şagirdlər də gələcəkdə onların davamçısı olacaq və şəhidlərimizin unudulmaması üçün əllərindən gələni edəcəklər.
Belə nümunəvi məktəblərdən biri də Sumqayıt şəhər 24 saylı məktəbdir. Nəsibə xanımın rəhbərliyi altında məktəbin demək olar bütün kollektivi şəhid ailələrinə həssas yanaşır, tez-tez ziyarətlərinə gedir, məktəbdə şəhidlərimiz üçün silsilə şəklində tədbirlər hazırlayırlar. Elə bu gün də məktəbin direktor müavini Vüsalə müəllimə və 1d sinifinin rəhbəri Sevinc müəllimə Sumqayıtda evin yeganə övladı şəhid Rüfət Mustafayevin ailəsini ziyarət ediblər. Ziyarət zamanı Sevinc müəllimə bildirib ki, şəhidimizin xatirələrini yaşatmaq üçün öz sinifinə Rüfət Mustafayevin adını vermək istəyir. Gəlişinin məqsədi də bu işdə ananın xeyir-duasını almaqdır. Bu xəbərə sevinən Afət xanımın gözləri yaşarır. Duyğulanaraq müəllimlərə şəhid balasına verdikləri dəyərə görə təşəkkür edir. Şəhidin ev muzeyində xatirə şəkilləri çəkdirdikdən sonra müəllimlər şəhidin anası ilə sağollaşıb, evdən ayrılaraq Rüfətin abidəsini də ziyarət edirlər.
Nə yaxşı ki, belə gözəl qəlbli müəllimlərimiz var. Allah şəhidlərimizə dəyər verən hər kəsdən razı olsun.
Esmira Günəş