Məktəbli qızla evləndi, muğamın “Allahı” ona təzim etdi

Bu gün Xalq artisti Habil Əliyevin anım günüdür.

Kulis.Az bu münasibətlə sənətkarın həyat və yaradıcılığı haqqında maraqlı faktları təqdim edir.

Habil Mustafa oğlu Əliyev 28 may 1927-ci ildə Ağdaş rayonunun Üçqovaq kəndində doğulub. Yeddi yaşında rayon mərkəzindəki 3 saylı yeddiillik Ağdaş musiqi məktəbinə qəbul olub. Elə həmin vaxtdan da meylini kamana salıb.

1952-ci ildə Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin kamança şöbəsinə daxil olub. Görkəmli tarzən Qurban Pirimovdan, xanəndə Xan Şuşinskidən muğam sənətini öyrənib.

Gallery

Habil “Segah”, “Bayatı-Qacar”, “Bəstənigar”, “Bayatı-Şiraz”, “Rahab”, “Bayatı-Kürd”, “Cahargah”, “Rast”, “Zabul” muğamlarına yeni rəng qatıb. Onu Nikkolo Paqaninilə müqayisə edirlər.

Xanəndə Yaqub Məmmədovla uşaqlıq dostu olublar. Müharibədən sonrakı aclıq illərində qapı-qapı düşüb çalır-oxuyur, konsert verir, pul yığıb ailələrini dolandırırmışlar. Camaat danışırmış ki, iki qaraçı uşağı var, yaman çalıb-oxuyurlar.

Gallery

Habilin “Kaman əfsanəsi” kitabında (Kitabın redaktoru Şərif Ağayardır – Ö.X) qəribə bir məqam var. Yazır ki, qadaşım Qabillə tar kursuna gedirdik, o, tarda istedadsız idi, heç nə çala bilmirdi, notu hiss eləmirdi. Mənsə, dəqiqliklə öyrənirdim. Bir gün atam bizi yoxlamaq istədi. Qardaşım tarı sinəsinə basıb səhv-sühv ağzına gələni çaldı, mən xəcalət çəkdim, yalnız öyrəndiyim bir-iki notu dınqıldatdım. Atam peysərimə şapalaqla ilişdirdi ki, səndən bir şey çıxmaz, gör qardaşın necə gözəl çalır? Day abır-həyamdan demədim ki, qardaşım yalandan çalır, səni aldadır. Və beləcə bildiyim və xəyanət etmədiyim həqiqətlər üçün ömrüm boyu bax belə şillələr yedim!

Sənətkar həyat yoldaşı Şərqiyyə xanımla Qəbələnin Qəmərvan kəndində – toyda tanış olur. Şərqiyyə xanım o vaxtı 9-cu sinifdə oxuyurmuş. Onlar 1954-cü ilin avqustunda ailə qururlar. Çoxları Habili məktəb şagirdi ilə ailə qurduğuna görə qınayırmış. Vaxt keçir, Şərqiyyə xanım kimya fakültəsinə qəbul olunur, ancaq təhsilini bitirəndən sonra Habil müəllim onu işləməyə qoymur.

Gallery

Bir gün kimsə ona başa salır ki, get kaman ustası Nefton Qriqoryanın yanına, köpəyoğlunun ermənisi kamançanın cikini də bilir, bikini də. İçindən keçənləri ona başa sal, bəlkə nəsə çıxdı.

Nefton Qriqoryan Habili başa düşür, ancaq ona kömək eləmir. Habil hərləyib-fırlayıb bir gün içirdir bunu və qəfil Nefton deyir ki, kamançanın çanağına içəridən xrustal qırıqları yapışdırsaq, bəlkə də sən deyən səsi verər.

Bakıda xrustal qab nə gəzir… Varsa da varlılardadır, musiqiçi hardan tapsın? Harayını Əlibaba Məmmədova aparır.

Əlibaba bakılıdır, ev-eşik sarıdan nisbətən imkanlıdır…

Əlibaba Məmmədov xatırlayır: “Arvadın xrustal cehizi vardı bir dənə – gül qabı! Habil mənə deyəndə, fikirləşdim ki, bu qabın işini bitirəm gərək. Bir gün qəsdən özümü yelləyib şkafa vurdum, qab kəlləmayallaq döşəməyə gəlib pul-pul oldu. Arvad çox pis oldu. Amma day neyləmək olardı, qırıqları yığıb atmaq istəyəndə əlindən aldım ki, özüm ataram…”

Üstündən bir müddət keçəndən sonra küçədə təsadüfən rastlaşırlar. Habilin əlində kamançanın futlyarı var.

Əlibaba müəllim deyir, küçənin o tərəfindən məni görüb kamançanı futlyardan çıxara-çıxara özünü necə yola atdısa, az qaldı maşınların altında qala. Futlyarı tolazlayıb kamançanı aldı, yanıma çatan kimi simçoku bircə dəfə tellərə çəkdi, başımın tükləri biz-biz dayandı! Habil Əliyev axtardığı səsi tapmışdı.

Və bu səs onun ecazkar barmaqlarına ram olandan sonra təkcə ermənilər deyil, muğamın yaradıcısı sayılan fars ifaçılar da dizlərini yerə qoymalı oldular.

Və bu səsin ecazı idi ki, illər sonra İran muğamının Allahı Şajaryanı Habil Əliyevin qarşısında ikiqat edəcəkdi.

Gallery

Çox qısqanc kişi olub. Həyat yoldaşını hamıya qısqanırmış. Hətta bu xasiyyətinə görə ömrünün son günlərində, ən ağır vaxtlarında belə Babək Niftəliyev və Ehtiram Hüseynovdan başqa heç bir musiqiçi onlara getməyib.

Bir gün öz ifasında “Zabul segah”ı dinləyəndən sonra həyat yoldaşına deyir ki, Şərqiyyə, belə çalğı bir də heç vaxt olmayacaq.

Gallery

“Çömçəni dizimin üstünə qoyurdum, sonra oxlovu sürtməyə başlayırdım. Yazıq arvad deyirdi dəymə, murdarlayırsan. Evimizin balkonunda otururdum, nə isə çalmaq, öyrənmək, yeniliklər eləmək istəyirdim. Müharibə vaxtı idi… Tezdən poçtalyon evlərə qara kağız payladıqca həmin həyətlərdən ah-nalə ucalırdı… Hardan fəryad səsi gəlirdisə, bilirdim ki, poçtalyon o həyətdədir. Bax mən hər səhər o ah-nalələrin içindən keçib məktəbə gedirdim… Ömrüm boyu o ah-nalələri kamançada çalıb camaata çatdırmaq istəmişəm… Bir gün də böyük qardaşımın qara kağızı gəldi. Onun yolunu çox gözləyirdim, bilirdim ki, ailəni, uşaqları saxladığıma, sahiblənməyimə görə gəlib mənə sağ ol deyəcək. Amma gəlmədi… Çox çətin idi. Qışın soyuğunda, qarda-qiyamətdə dərsə gedirdim, müəllimimiz də erməni idi. Qarnımız ac, əynimiz yalın. Yazıq anam yastığın üzünü çıxarıb kamançanı bükürdü ki, islanmasın. Sinif soyuq olurdu, əllərim kamançanı tutmurdu. İçəri girən kimi müəllim deyirdi ki, çal görək, nə çalırsan. Əsəbiləşib ağzına gələni deyirdi. O qədər utancaq idim, deyə bilmirdim ki, soyuqdan əlim tutmur. Sözəbaxan, yumşaq, tərbiyəli, qorxaq uşaq olmuşam.”.

Gallery

“Mənim kamançama erməni ustası xəyanət elədi. Birinə etibar elədim, kamanı verdim ki, üzünün dərisini dəyişdirsin. O da açıb çanağını yonmuşdu. Soruşanda dedi ki, səsi yaxşı çıxsın deyə, belə eləmişəm. Amma qəsdən eləmişdi. Ondan sonra bir az kamandan uzaqlaşdım. Rəhmətlik Əhsən müəllimlə Hindistanda bir yerdə idik. Möhkəm ağladım. O dedi, darıxma, gedib birini də düzəltdirərsən. Dedim, ağac da çoxdur, kamança da çoxdur, amma mən o səsi itirdim… O mənim ürəyimin səsi idi. Kaman istidən partlamışdı. Oranın istisi dəhşət olur. Avtobusla 300 kilometr yol gedirdik. SSRİ-nin vaxtında… Azərbaycandan gedən sənətkarlara qayğı göstərən kim idi? Hamısı ruslar idi. Bir qab buz qoymuşdular ki, dəhşətli istiyə dözə bilək. Konserti birtəhər yola verdim. Amma özüm kimi çalmadım”.

Gallery

Yazıçı Şərif Ağayar xatırlayır: Polad Bülbüloğlu ilə araları yox idi. Hətta düşmən idilər demək olar. Düzdür, bu yersiz intriqada Habil müəllimin də günahı vardı. Amma əsas günah təbii ki, Polad Bülbüloğlunda idi. Çünki o, nazir idi və Habil Əliyevin kaprizlərinə dözmək birbaşa onun vəzifəsiydi. O, isə dözmürdü. Patriarxallıq edirdi. Həmin ərəfədə Habilin yubileyini keçirmədilər. Mən də yaradılışca axmaq olduğumdan bu söhbətə bir az alındım. Götürüb “Yeni Azərbaycan” qəzetinin mədəniyyət səhifəsinə bir yazı yazdım. Məzmunu bu idi ki, sən erməninin əlindən kamançanı aldığın üçün yubileyini keçirmirlər. Çünki torpaq onlarda – kamança bizdə, məntiqlə düz gəlmir… Bu halda sənin bir işin qalır: yaşamaq! O vaxtacan ki, Şuşanı ermənilərdən geri alıb, sənin qalib sənətinə layiq qalib bir ölkə quraq!”

Gallery

Alim Qasımovun qatı tənqidçisi olub: “Başa düşürük, təzə şeylər oxuyursan, amma yorğan-döşəyi niyə səhnəyə çıxarırsan?”

Gallery

Habil Əliyev 2015-ci il sentyabrın 8-də vəfat edib.

Share: