“Afaq Bəşirqızı böyük səhv edir, o kimdir ki, ölkəni bakılıya-rayonluya bölür”.
Kulis.az xəbər verir ki, bu sözləri Bakı Kəndlər Birliyinin Nəzarət Təftiş Komissiyasının sədri Məlahət Babayeva Xalq artisti Afaq Bəşirqızının qalmaqala səbəb olan açıqlamasına münasibət bildirərkən deyib.
Məlahət Babayeva bildirib ki, Afaq Bəşirqızının Bakının adından danışmağa haqqı yoxdur:
“Biz onu yaxşı tanıyırıq, güc hardadırsa, Afaq Bəşirqızı da həmişə ordadır. Afaq Bəşirqızı bunu ona görə deməyib ki, guya Bakını sevir. Yox, bu, belə deyil. Hər yerin yaxşısı da var, pisi də. Afaq Bəşirqızı belə bir adamdır. Kimdən işi keçirsə, onu tərifləyir, belə-belə özünə karyera qurub. Əslində, Afaq bakılı da deyil”.
Məlahət Babayevanın fikrincə, Afaq Bəşirqızının bu çıxışının məqsədləri var:
“Görünür, nəsə almaq istəyir, yaxud da könlündən hansısa vəzifə keçir, ya da mandat umur. Ona görə də belə ifadələr işlədir, amma bunu xalqın böyük bir hissəsini alçaltmaqla etmirlər”.
Qeyd edək ki, Xalq artisti Afaq Bəşirqızı mətbuata müsahibəsində rayonlulara qarşı sərt ifadələr işlədib. O, “Evindən, rayonundan, şəhərindən qaçan insanlar necəsə internet üçün aylıq ödəniş etməyə, mobil telefona pul tapırlar, amma bir şey olmamış, deyirlər acıq”, – deyə, – bildirib.
Qaynarinfo