AXDG QSC-nin Donanmanın texniki istismar departamentinin rəisi Balakişi Səfərovun övladı Məmmədağa Səfərov II Qarabağ savaşında şəhadətə qovuşaraq ən ali zirvəyə – şəhidlik zirvəsinə yüksəldi. Şəhid əsgərimiz işğal altında olan doğma torpaqlarımızı düşməndən xilas etmək məqsədilə silaha sarılan qıhrəmanlarımızdan biridir.
Müstəqil.Az xəbər verir ki, Dənizçilərə Sosial Dəstək İctimai Birliyinin oktyabrın 28-də keçirdiyi sonuncu toplantısında şəhidimizin keçdiyi mənalı ömür yoluna nəzər salınıb. İB sədri Faiq Balabəylinin verdiyi məlumata görə qəhrəman dənizçilərimiz və dənizçi övladlarının döyüş yolu ilə bağlı tərtib edilərək dərc etdirəcəkləri növbəti kitabda Məmmədağa Səfərov haqqında da bəhs olunacaq:
“O, müqəddəs amal, torpaqlarımızın işğaldan azad edilərək ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda son damla qanınadək şərəflə döyüşüb, əbədi olaraq adını onu tanıyanların, döyüş yoldaşlarının qəlbinə yazdırıb. Tariximizin ən şərəfli səhifəsi olan Vətən savaşında adı, şücaəti, qorxmazlığı ilə qalacaq.
Məmmədağa Səfərov haqqında Türkiyənin “TRT Haber” televiziyasının hazırladığı sujeti təqdim edirik.
Müstəqil.Az