Mənə bir məktub göndər, bilim ki, ölməmişəm… – Sabir Yusifoğlunun şeirləri

Mənə bir məktub göndər, bilim ki, ölməmişəm… – Sabir Yusifoğlunun şeirləri

Müstəqil.Az ötən gün rəhmətə gedən Sabir Yusifoğlunun şeirlərini təqdim edir.

Mənə bir məktub göndər

Susuzluqda su təki,

Bəlkə, yadına düşəm.

Mənə bir məktub göndər

Bilim ki, ölməmişəm.

Səndən başqa bilən yox,

Dərdimə bir dərman yaz.

İki kəlmə nədi ki,

Ay gözünə qurban, yaz.

Çox yox, bir varaq göndər,

Vaxtın yoxsa, ağ göndər,

əllərinin izini

evimə qonaq göndər.

Bilim harda solursan,

ay gülüm, ay bənövşəm.

Mənə bir məktub göndər,

Bilim ki, ölməmişəm.

Payız yağışları hopur canıma

Buludlar dənizi qaldırıb yerdən,

Çırpır küçələrin boz sifətinə.

İslanmış kölgələr qaçır işıqdan,

Oğru adam kimi qısılır tinə.

Bəlkə bir nadanın günahı üstə,

Hamının başına döyür bu yağış.

Kiminin gözündə yağışdı elə,

Kiminin içini oyur bu yağış.

Mamır bağlayacaq daşların üzü,

Dərdsiz ürəklərin divarı – yosun.

Belə yağandısa mənim qəlbimdən

Vəfasız bir qızın izini yusun.

Bu payız yağışlar hopur canıma,

Daha itirilmiş torpaq kimiyəm.

Yağışlar yorulub kəsəcək bir gün,

Mən bundan o yana çətin kiriyəm.

Nə qədər gözlərdə görünməz oldum,

Məni gəzən gözlər islanır harda?

Çiçəklər, yarpaqlar quruyub ölür,

Göyərib öləcəm bu yağışlarda.

Kim çəkib gətirdi düzə dağları

Qoşula bilmədik qayalarına,

Qoşduq tükdən yüngül sözə dağları.

Havası çatışmır aran yerində, –

Kim dartıb gətirdi düzə dağları?

Qartallar səsini içində boğub,

Qayalar kolların dibinə sığıb.

Əl boyda kağızın üstünə yığıb

Barmaqla göstərir bizə dağları.

O mənəm, hər yandan yolu kəsilən,

Babəklə bir yerdə qolu kəsilən.

Köçürün bu yurdun xəritəsinə

Sinəmə çəkilən təzə dağları.

Adın var alnımın güllə yerində

Nə özün gəlirsən, nə məktubların,

səninlə gedibmi yox olan yollar?!

Bəlkə Yer üzündən qırılıb düşüb

bizim aramıza yıxılan yollar?!

Qaldığın illərin yan-yörəsindən

seyrəlib çəkildim duman, çən kimi.

Tək sənin yadına düşmürəm deyə

yadımdan çıxıram çıxan can kimi.

Ulduzu tökülüb bizim göylərin,

nə sən o çiçəksən, nə mən o dəli.

Dadı, duzu qaçmış bu xarabada

hələ ki ölməyib həmən o dəli.

…Darıxan əllərim özündən çıxıb,

Döyər qapınızı günün birində.

Mən başdan ayağa başağrısıyam,-

Adın var alnımın güllə yerində…

Qadın elanı

Dünən,

əlli yaşını qeyd eləyən kişi,

əlli yaşını qeyd eləyən kimi,

gecə yarısı

evdən çıxıb…

və qayıtmayıb.

Şəkli?…

– Hə…

Üzü divara dirənmiş

güllələnən kişi duruşu…

…Cibində xırdalanmış

50 illiyin

qəpik-quruşu.

Çıxarkən başında ağ saçları,

üzündə sevinc,

gözündə

dərdin istehsalı olan nəmli kədər,

dizində daşlı yolların ufultusu,

əynində qara rəngli bəxt olub…

…onsuz da uzaq gedə bilməyəcək! –

şəxsiyyət vəsiqəsi

və nikah kağızı

məndə qalıb…

Yadımdan çıxıram

Nə özün gəlirsən, nə məktubların

Səninlə gedibmi yox olan yollar.

Bəlkə yer üzündən qırılıb düşüb

Bizim aramıza yıxılan yollar.

Qaldığın illərin yan-yörəsindən

Seyrəlib çəkildim duman, çən kimi.

Tək sənin yadına düşmürəm deyə,

Yadımdan çıxıram çıxan can kimi.

…Ulduzu tökülüb bizim göylərin

Nə sən o çiçəksən, nə mən o dəli.

Dadı, duzu qaçmış bu xarabada

Səninlə bir ölüb həmən o dəli..

Anam, dizlərim bükülür

Sinəm, kürəyim dağılır

Şah İsmayıl qılınc çəkən

Ölkənin sərhədi kimi.

Anam, dizlərim bükülür

Xocalıdan əsir düşən

O gəlinin qəddi kimi.

Kitaba, dərsliyə salın

Mənim də çəkdiyim dərdi

Sonsuzluğun həddi kimi…

Köhnəlmədim, vaxtım nə tez çıxdı ki

Heç darıxma,

mən də çıxıb gedəcəm, –

Adiləşim, unudulum…

Və sonra.

Ürəyində soruşursan, bilirəm:

“Deyək – getdin, tutaq – qaldın,

bə sonra?!”

Mən nə bilim o sonranı kim bilir? –

Sonrasını Allah bilir, cin bilir,

İnanmıram hansı kitab, din bilir, –

Nə tutubsan “bə sonra?”dan, nə sonra?!

Tanrı dönüb biz tərəfə baxdı ki,

Köhnəlmədim, vaxtım nə tez çıxdı ki?!

O dünyada görüş yeri yoxdu ki,-

Gözləyəcəm, görüşərik…

Hə, sonra.

Mən sevənlər dəbdən düşüb

Çox yaşamaq istəmirəm,

cavan ölmək istəmirəm.

Mən sevənlər dəbdən düşüb –

cavan olmaq istəmirəm.

Cavan olmaq istəmirəm,

o dağ yoxdu, dərə yoxdu.

O dərənin gəndalaşı biçilib,

kölgəsində mərə yoxdu.

Kəpənəkdən gün dilənib,

qarışqadan dən dilənib,

qırış-qırış kündələnib,

çox yaşamaq istəmirəm.

Çox yaşamaq istəmirəm,

şəhidlər yatan torpaqda.

Cavan ölmək istəmirəm

hər daşı Vətən Torpaqda.

Öz yolumda candan düşən cığıram

Sən bilməzsən necə olur bu ağrı,

qadan alım, necəsini heç bilmə.

Sən bilməzsən nəynən keçir qara gün,

işığından, ulduzundan keç, bilmə.

Nə çoxalıb burda ağzı köndələr,

kütə gedir yenə-yenə kündələr.

Demişdim də, heç darıxma, gün gələr,

ha vaxt gəlsə vaxtındadı, gec bilmə.

Öz yolumda candan düşən cığıram,

hər gecəmdən açıq göznən çıxıram.

Necə deyim?!

Nə əvvələm, axıram, –

sən də məni divar bilmə, künc bilmə…

Qara zolaq

Dualarım yan keçir,

məni hər qarğış tutur.

Hər dediyim baş tutmur,

hər atılan daş tutur.

Hər tələyə düşürəm,

tilov atsam boş gəlir.

Harda axmaq dərd varsa,

qaçıb mənə tuş gəlir.

Yollar hörümçək toru –

ilişib ayaqlarım.

Arzular göynən gedir,

ümidlər ayaqyalın.

Hansı tərəfə getsəm,

yel tutur, yağış tutur.

Dualarım yan keçir,

məni hər qarğış tutur.

Ölmədim

Yenə bəxtin gətirmədi,

qarğışın tutmadı məni.

Allah da kişi adamdı,

yenə eşitmədi səni.

Lap belə “xortlayıb döndüm”,

qarğışın göndərən yerdən.

Dedim ürəyin yumşalar,

məni ağlayarsan birdən.

Qorxma, Əzrail qoruyur, –

dəymədi, diri qayıtdım.

Təzə qarğışların üçün

darıxıb geri qayıtdım.

Salamat döndüm üstünə,

azar-bezar, filan olmaz.

Allah haqqı, bu canı da

səndən yaxşı alan olmaz…

Sən də bir gün qoşularsan

ərsizlərin sırasına.

Toya, yasa yollanarsan,

ürkə-ürkə, sına-sına.

Bir qara bantlı şəkil də

aramızda sərhəd olsun.

Dilin-saçın vay-şivəndə,

Xatirəndə bir “rədd olsun!”…

 

Share: