Gənc şair Dıyanət PÜNHAN Türk Dünyası Şeir festivalında “Ən iyi çağdaş şiir” ödülünə layiq görülüb.
Müstəqil. Az gənc şairin şeirlırini təqdim edir
YOLSUZLUĞUN YOLU
Gözlərimin işığı
Ümidimi söndürmə.
Onsuz da yaşamıram.
Bu cansıza öldüm.
Baxt üzünə güləndə
Niyə gözlərim dolur?
İndi qara üzümə
Saqqalım da ağ olur.
Niyə məndən gedəndə
Xəyalıma gəlirsən?
Belə yaşamaq olmur
Özün yaxşı bilirsən.
Gözümün qucağından
Yuxum ərşə çəkilər
Körüm arşa çək
Şirin xatirələrin
Acı-acı tökülər.
İndi bu darıxmağa
İt hürər, karvan keçməz
Mən sənə susasam da,
Gözüm səndən su içməz.
Daha xəzan bələyib
Baharımı, yazımı
Alın tərim silibdir
Alnımdakı yazını.
Mənə çıxmırsa yolun
Yol sənlə yola getməz
Yolun bəlli deyilsə
Hara getsən fərq etməz.
HARDASAN
Gəl yandır gecənin işıqlarını.
Zülmətin gözünü tökdüm, hardasan?
Ağacın başında yuva qurmuşdum.
Hər gün bir çöpünü sökdüm, hardasan?
Hər gecə dan yeri sökülənədək.
Zülmətin evimdən çəkilənədək.
Həsrətin yuxusu tökülənədək.
Gözümü tavana dikdim, hardasan?
Gəl mənim bu qədər sıxma qəlbimi.
Yoxluğun öldürə bilməz sevgimi.
Atalı-analı yetimlər kimi.
Günlərlə boynumu bükdüm, hardasan?
Geçib xəyalımda ötən illərdən.
Yenə arzuladım o xoş günlərdən.
Başına döndüyüm xatirələrdən.
Hər gecə bir film çəkdim, hardasan?
Bəlkə də mən səni unutmalıydım.
Gözümün yaşını qurutmalıydım.
Bir şeylə özümü ovutmalıydım.
Mən də şeirlərə çökdüm, hardasan?
AYRILAQ
Biz bu yolu qoşa gedə bilmirik
Canım, gözüm, gəl mehriban ayrılaq.
Ayı, günü, saatı sən təyin et.
Görüşəndə denən haçan ayrılaq.
Odla su kimi yovuşası deyilik.
Biz bu qanla sovuşası deyilik.
Bilirik ki, qovuşası deyilik.
Qocalmamış, cavan-cavan ayrılaq.
Gəl bu yerdə ümidləri basdıraq.
Gözlərimiz danışanda sus duraq.
Dünya boyda sevgimizi susduraq.
Yaşanmamış kimi, asan ayrılaq.
Özü boyda dərdləri var bu dağın.
Bir tərəfin aparıbdır su dağın.
Bu ağacın qırma qolun budağın.
Kölgəsində bir az dayan, ayrılaq.
Saç ağarıb, bel bükülüb, əl əsmə.
Mən şeirlər yazmalıyam, gəl, əsmə.
Arxamızca düşən mi var? Tələsmə.
Yavaş-yavaş, zaman-zaman ayrılaq.
Bu qəribin qohumu yox, yadı yox.
Bal yesək də ağzımızın dadı yox.
Özümüzü aldatmağın adı yox.
Bu yuxudan sən də oyan, ayrılaq.
NAĞIL KİMİ
Yolumu hicran kəsdi, günlər keçdi, ay oldu.
Göyün qanını qaraldan bədirlənən ay oldu.
Əyilməsən də olar, eşq önündə sın, amma
Zəncirlərə vurduğum səbrimi çox sınama.
Ya susdur həsrəti, ya vüsaldan əlin üz.
Bacarsan göz yaşımın sahilinə tərəf üz.
Nəfsə girov qəlbinə qəlbim könüllü əsir.
Sənsizlik çovğununda, ümidlər tir-tir əsir.
Dərdinin əlacına necə vurursan yara?
Tapdala keç qüruru, zülməti yara-yara.
Kəhrəba gözlərində göz yaşı var, dür, inci.
Dizlərini qucaqla, inadından küs, inci.
Qaranlığın dünyamın ən işıqlı yeridi.
Üsyanına hönkürən bəxt, dərd üstə yeridi.
Qoxun getməsin deyə yumuram əllərimi.
Ətrini əzizləyib yumuram əllərimi.
Saçlarının rəngi var taleyimdə, üzümdə.
İnsaf et, həsrətindən əllərimi üzüm də.
Sinəm altda çırpınan ürək yandı, göynədi.
Sən hər şeydən ucaydın, ümman nədi, göy nədi?
Bu nağılın cırtdanı daha keçməz bu çayı.
Xatirən içir indi süzdüyün soyuq çayı.
Yoruldu Məlikməmməd, divin canın almadı.
Hər şeyin səbəbkarı göydən düşən almadı.
GÜZGÜDƏKİ ADAM
Dərin baxışlarım var.
Qəbrimi gizlədən.
Dəli gülüşlərimdir.
Kədərimi gizlədən.
Qanımızı qaraldan.
Ağ günlərə tələsdi.
Çörək kəsdiklərimiz.
Çörəyimizi kəsdi.
Güzgüdə küsənlər də
Özləriylə barışsın.
Bizlə danışmayanlar
Arxamızca danışsın.
Bədbəxt edir adamı
Xoşbəxtlik arananda.
Çiliklənsin güzgülər
Xəyanət darananda.
Heç bir savab etmədi
Məni xoşbəxt, bəxtəvər.
Xəyalımda səninlə
Etdiyim günah qədər.
Nə ümid tükənmədi.
Nə də həsrət bitmədi.
Canımı da aldılar.
Yetmədi ki, yetmədi.
Bir ömür də lazımdır
Mənə yaşamaq üçün.
Birini qurban etdim
Sənə, yaşamaq üçün.
Qoy Allahdan qaçanlar
Şeytana görünsünlər.
Şeirdən yıxılanlar
Hecaya bölünsünlər.