Mən əvvəllər elə bilirdim ki – Orxan Saffari

Mən əvvəllər elə bilirdim ki,
Babam Berlin divarlarını çiyni ilə yarıb,
sonra əlində əsasının əsdiyini gördüm
qocaldım, öldüm.
 
Mən əvvəllər elə bilirdim ki,
Nənəm xalçaları evimizə sərmək üçün toxuyub
sonra ona büküldüyü gördüm,
bükülüb, öldüm.
 
Mən əvvəllər elə bilirdim ki,
atam dünyanın ən güclüsüdü
Atam öldü….
mən də öldüm.
 
Mən əvvəllər elə bilirdim ki,
anam heç vaxt yemək yemir
bir gecə qazanı necə sivirdiyini gördüm
gördüm ki, YEMIR.
sivrilib, öldüm.
 
Mən əvvəllər elə bilirdim ki,
böyük qardaşım həmişə yanımda olacaq.
böyük qardaşımı öldürdülər.
böyüyüb, öldüm.

Share: