Azərbaycan Yazıçılar Birliyində Arzu xanımın mənə dediyi:
-Rəsmiyyə xanım, Arif müəllimlə bağlı kitab hazırlayırıq. Yazı vermək istəməsiniz?
-Əlbəttə, istəyərəm. Təəssüf ki, Arif müəllimin sağlığında deyə bilmədiyim o qədər xoş sözlər var ki… Heç olmazsa, onları yazmaq insanı bir az da olsa yüngülləşdirər.
…Arif müəllimi bir çoxları kimi AYB-də tanımışdım. Dürüstlüyünə, ədalətliliyinə, sözübütövlüyünə və digər müsbət keyfiyyətlərinə görə ilk günlərdən Ona qarşı içimdə dərin hörmət hissi yaranmışdı. Hər zaman istedadlının yanında, istedadsızın qarşısındaydı Arif müəllim. Hətta bir dəfə bizə:
-Nə qədər ki, mən sağam, bəzi istedadsız insanlar var ki, AYB-yə üzv olmaq istəyirlər, onlara imkan verməyəcəyəm,- demişdi.
Hər dəfə yolum AYB-yə düşəndə ilk döydüyüm Arif müəllimin otağının qapısı olardı. Haşiyə çıxaraq qeyd edim ki, nə yaxşı ki, Arif müəllimdən sonra “onun otağında” çox dəyərli SÖZ adamı, gözəl İNSAN İLQAR FƏHMİ əyləşir. Məncə bu Arif müəllimin də ruhunu şad edir. Çünki vaxtilə Arif müəllimin yanına üz tutanlar indi dörd bir yanında xoş xatirələrin olduğu bu otağa könül rahatlığıyla gələ bilirlər.
AYB-nin qurultayı öncəsiydi. Nərgiz Cabbarlı mənə dedi ki, Rəsmiyyə, Arif müəllim Milli Onkologiya Mərkəzində müalicə olunur. Onu ziyarət etmək istəmirsən?
-Əlbəttə, istəyirəm, söylədim.
Ertəsi gün vədələşib Arif müəllimi ziyarət etmək üçün Milli Onkologiya Mərkəzinə getdik. Palatada tək deyildi. Ömür-gün yoldaşı və bir dostu yanında idi. Bizi onlarla tanış etdi. Bir az ordan-burdan söhbət etdik. Sonra:
-Hər ikiniz qurultaya nümayəndəsiniz. Vəsiqələrinizi götürmüsünüzmü? – deyə canıyananlıqla soruşdu.
Bəli, Arif müəllim bu cür qayğıkeş İNSAN idi. Xəstə yatağında da başqalarını düşünəcək qədər böyük ürəkli İNSAN idi O.
Nə biləydik… Nə biləydik ki, Arif müəllimi belə tez itirəcəyik. Özünün də dediyi kimi “Mən belə asan ölə bilmərəm. Görəcəyim o qədər işlər var…”. Dünən təsadüfən Aydın Xanın statusunda Arif müəllimin sağlığında dediyi bu sözləri oxudum və kövrəldim. Amansız qədərə üsyan etdim içimdə.
…Həqiqətən, Arif müəllim, SƏN belə asan ölə bilməzsən. Dünyada adına “ölüm” deyilən cismani ayrılığın əlacı yoxdur. İnsanoğlu istəsə də, istəməsə də ondan qaça bilməyir. Əslində insan “ölüm” adlı nəsnənin varlığıyla barışır. Lakin vaxtsız ölümlər yandırır tərk edilənləri…
Nə qədər ki, SƏNi sevənlər var, SƏN hər zaman yaşayacaqsan. SƏN etdiyin yaxşı əməllərdə, yazdığın əsərlərində və sevənlərinin xatirələrində yaşayacaqsan.
Nədənsə Arif müəllimin xatirəsinə həsr olunmuş bu yazını Səməd Vurğunun şeirindən bir parçayla bitirmək gəldi işimdən:
Ölüm sevinməsin qoy! Ömrünü vermir bada
El qədrini canından daha əziz bilənlər.
Şirin bir xatirədək qalacaqdır dünyada
Sevərək yaşayanlar, sevilərək ölənlər.
Arif Əmrahoğlunun xatirəsinə dərin sevgi və sayqılarla
RƏSMİYYƏ SABİR