Mən bir həyat hekayəsi… Səadət Qəribin yeni şeirləri

Mən bir həyat hekayəsi… Səadət Qəribin yeni şeirləri

Qürbətdə yaşayıb yaradan tanınmış şair Səadət Qəribin doğum günüdür. Şeirləri, sözlərinə yazılan mahnılarla geniş oxucu sayı qazanan şairəmizi Müstəqil.Az-ın yaradıcı kollektivi adından təbrik edirəm. Yaradıcılığında uğurlar, adı kimi səadətli günlər arzulayıram. Çox yaş, xoş yaşa, deyirəm.
Hörmətlə: Faiq BALABƏYLİ

GƏNCLİYİM UZAQDAN BAXIB KÖVRƏLİR
 
Əllinin əlindən tutub gedirəm,
Gəncliyim uzaqdan baxıb kövrəlir.
Ömür kiprik -kiprik qəmli gözünü
Saçımın ağında sıxıb kövrəlir.
 
Götür könül – könül oxşa əllimi,
Qəlbimin səsində, ürək səsimdə.
Gəncliyin istisi gülür üzümə,
Bu hicran duyğulu ürkək səsimdə.
 
Arzular ümüdlə səsləyir məni
Sevginin dilində, eşqin dilində
Ara ətir-ətir baxışlarımı,
Sevdanın gülündə, sevgi gülündə.
 
Bir həzin nəğmədi kədər avazlı,
Üzümnən boylanan ömür yoxuşu.
Baxıb qırış – qırış gələn qismətə,
Alnımda kövrəlir ömür naxışı.
 
Ayların illərin qözündə qaldı,
O şıltaq çağımın, sığallı günü.
Əridi zamanın ac dodağında,
Sürməli taleyin o ballı günü.
 
MƏN BİR HƏYAT HEKAYƏSİ
 
Mən bir həyat hekayəsi,
yazilmamiş bir əsərəm,
oxunmamış bir ürəyəm,
Açmadan solan çiçək…
 
Mən bir həyat hekayəsi…
bu həyatla nə dostlaşa
nə düşmən ola bilirəm.
Nə sevgiylə,
Nə sevgisiz ,
Nə sənsiz qala bilirəm…
Acilara alışmışam,
Od-alova sarılmışam,
Sarsılmışam,
cox yanmışam…
 
Mən bir həyat hekayəsi…
Neçə-neçə kədər yatır,
ürəyimin ilğım-ilğım
görünməyən tərəfində.
Həsrətimin parçalanmış
baş daşını gizlətmişəm
gözlərimin açılmayan
duman dolu səhərində.
 
Mən bir həyat hekayesi…
gecə gündüz çeynədiyim
Ne uda, ne de unuda bildiyim
vüsalının əsiriyəm.
Nə Leyliyəm nə Əsliyəm,
Mən yeni sevgi nəsliyəm.
 
Mən bir həyat hekayəsi…
Öz içində dustaq olan
heç vaxt yaza bilmədiyim
eşqin bulanıq tamıyam.
Bu qaranlıq zil gecənin
İlıq baxışlarındakı
soyuq sevgi dastanıyam.
 
Mən bir həyat hekayəsi…
Yıpranmamış həsrətimin
qəhərini uda -uda,
Taleyimin tellərinə
sığal çəkib oxşamışam.
Qürurumu qoruyaraq
İçimdeki duyğuları
İçimdəcə azdırmışam.
Ürəyimdə yer eyləyib
Sevgi dolu şeirləri
bircə-bircə basdırmışam.
 
Mən bir həyat hekayesi…
Odu sönmüş tənha ocaq…
Bu gün məni duymayanlar
Bir gün məni oxuyacaq.
Oxuyacaq, anlayacaq…
Amma onda gec olacaq…
Amma onda gec olacaq…
 
Səadət Qərib ( Rzayeva)
Share: