Mən bir qara qarışqayam – Mahir N.Qarayevdən silsilə şeirlər

Mən bir qara qarışqayam – Mahir N.Qarayevdən silsilə şeirlər

Kulis.az Mahir N.Qarayevin silsilə şeirlərini təqdim edir.

I

Hər şeyi bilən Allah!

Qaranlıqda ayağımın izini görən Allah!

Mən bir qara qarışqayam –

Səndən bircə qarışdayam,

Səndən bircə qarışda…

Yüküm çəkimdən ağırdı –

fil də çəkməz mən çəkdiyim bu yükü;

Yolum təkcə bu cığırdı –

bu cığırın mən bilirəm hər cikini-bikini…

Fələk qarğamış kimiyəm –

qar-qamıştək bitdiyim bu cığırda;

Bir qara qarğış kimiyəm –

qar-yağıştək əridiyim, itdiyim bu çuxurda…

Bu çuxurda hamı məndən iridir –

mən hamıdan sısqası;

Bu cığırda hamı məndən diridir –

mən hamıdan ölüvayı, axsağı…

Halım yoxdu

çığırmağa-bağırmağa,

çağırmağa dilim yoxdu –

haqqım yoxdu cınqırımı çıxarmağa…

Ağır-ağır bu yerişlə,

fağır-fağır bu duruşla,

varım-yoxum bu qəpiklə, bu quruşla –

mən bir həqir qarışqayam,

mən bir fəqir qarışqa…

Yol getməyə başqa yol yox yolumda,

olan yolum – bu çığırdı, bu çığır;

Bu cığırdı əvvəlim də, sonum da,

nə karəyəm çızığımdan – cığırımdan çıxmağa?!

Bu cığırdı mənim solum-sağım da,

sağım-solum – bu çığırdı, bu çığır;

Heydən düşüb əlim də, ayağım da –

gücüm yoxdu bu cığırın axırına çıxmağa…

II

Mən bir qara qarışqayam,

mən bir kifir qarışqa –

mən gözlərə fil görünən ufaq, tifil qarışqa…

Mən bir tifil qarışqayam,

qarış-qarış boyum yox;

Hər yerdə, hər qarışdayam,

heç yerdə heç nəyim yox…

Mən hamıdan aşağıyam,

mən hamıdan dərində –

cığırımın sonundayam, çuxurumun dibində;

Quyumu dərin etmisən –

əlim çıxıb ipindən;

Dualarım çatmır sənə

bu çuxurun dibindən…

Kimsədən diləyim yoxdu,

kimsədən gileyim yox;

Yer üzündə yerim yoxdu,

Göy üzündə göyüm yox –

mən bir veyil qarışqayam,

mən bir səfil qarışqa…

Səfil-səfil, veyil-veyil,

nə yerdə, nə göydəyəm;

Yaratdığın gündə deyil,

unutduğun gündəyəm!

III

Bir ayrısı, özgəsi yox

bu kökdə, bu biçimdə:

Varlığımın kölgəsi yox

yoxluğumun içində!

Nə azımdan əsər qalıb,

nə çoxumdan xəbər var;

Nə sözümdə kəsər qalıb,

nə canımda təpər var.

Nə çölüm var – baxıb-baxıb

özgə yansın çölümə;

Nə içim var – yanıb-yanıb

çevriləm öz külümə!

Bükülməyə bel nə gəzir,

dikəlməyə qıçım yox;

Sürünürəm dizin-dizin,

yeriməyə gücüm yox.

Göz açandan batıb qalıb

səsim çıxmır içimdən;

Gör haçandan batıb qalıb

sözüm çıxmır içimdən.

Ogün-bugün

içimdədir son sözüm,

dilimin lap ucundadır son sözüm;

ha çığırım bu çığırda,

ha bağırım bu çuxurda –

qopub düşmür lal dilimin ucundan!

Hər şeyi bilən Allah!

Qaranlıqda ayağımın izini görən Allah!

Ayağımın izi yoxdu,

buynuzlarım içimdə;

Bir ayrısı, özgəsi yox

bu kökdə, bu biçimdə!

IV

Ovçum Sənsən,

ovun mənəm –

qolumda qandal yarası,

canımda çarmıx həvəsi…

Dustağın,

girovun mənəm –

kürəyimdə ağır xaçım,

qulağımda azan səsi…

Mən bir qara qarışqayam –

qanad açıb uçmayan;

Səndən bircə qarışdayam –

hara qaçam-qaçmayam?..

Başım üstdə dar ağacım,

boğazımda ilgəyim;

Darta bilmirəm bu xaçı –

ovuclarım göynəyir…

Qarnım ac,

qanadım qırıq,

üstüm-başım çirklidir;

Bircə qarış aralı dur –

cındırımdan cin hürkür!

V

Qovan Sənsən –

daş götürüb, ha qovduqca qovan Sən;

Qaçan mənəm –

baş götürüb, ha qaçdıqca qaçan mən…

Dırnaqlarım qopuq-qopuq,

topuqlarım didilmiş;

Dizim gömgöy, çapıq-çapıq,

lələklərim ütülmüş…

İstim-tüstüm

çıxa-çıxa təpəmdən

təpərimdən damcı əsər qalmayıb;

daş qalmayıb atılmasın dalımca,

qanadıma tuş gəlməyən bircə kəsək qalmayıb!

Bircə hovur

nəfəsini dərmədən,

bircə kərə büdrəmədən, durmadan

qovan sənsən – gah o, gah da bu küncə;

Bu qan-tərin,

bu tər-qanın içində,

qəfəs-qəfəs bu zindanın içində

qaçan mənəm – çərləyincə, ölüncə!

Ovunmağa

zərrə qədər ümid yox –

qovulmaqdan canımda hey qalmayıb;

Dağ qalmayıb mən aşmayan,

düz qalmayıb mən keçməyən –

mən uçmayan bir tikə göy qalmayıb!

VI

Qovan Sən,

qovulan mənəm –

kəsilən, soyulan mənəm;

qarışqatək qanı axan,

quş kimi sağılan mənəm!

Qovan sən,

qovulan mənəm –

uçmaqdan yorulan mənəm;

qarışqatək təzə qanad çıxaran,

quş kimi qanadı qırılan mənəm!

Bu ağ varaq qaşdan-qaşa uçunca –

daşlanan mən, tapdanan mən, qaçan mən;

Bu son yarpaq qırılınca, düşüncə –

son şairin ruhu kimi göy üzündə uçan mən…

VII

Sən – başqasan,

Mən – başqayam;

Mənim yerim ayaqdadır, Sən – başdasan!

Sən bəndənin Allahısan,

Mən Allahın bəndəsi;

Sən – Tanrısan, mən – bir ufaq qarışqayam…

Özün seçdin bu yolu Sən,

bu yol Sənin yolundur;

yol üstündə hər nə varsa, qolubağlı qulundur…

Qolubağlı bir qulunam,

dayanmışam yolunda –

gözləyirəm, Tanrım gəlib yoldan haçan keçəcək;

Uzaqbaşı gəlməyəcək,

keçməyəcək bu yoldan,

keçəndə də öz qulunu tapdayacaq, keçəcək…

Mən – Allahın bəndəsiyəm,

Sən – bəndənin Allahı;

Tanrısına qul olanın nə qorxusu, nə dərdi?!

İndi durub nə deyəsən,

neyləyəsən Sən axı?! –

özün seçdin bu yolu Sən, özün kəsdin bu şərti…

Ürəyimdə çat kimisən,

kürəyimdə yük kimi –

ilan kimi dil çıxarıb mənəm sənə yalmanan…

Sən – tapdayıb ucalansan,

Mən – tapdanıb kiçilən,

kiçildikcə içimdəki tifil Tanrı filləşir;

Qarışqaya dönən filəm

ayağın altında mən –

ayağının altına bax, gör əlinə nə keçir…

Gör əlinə nə keçəcək

qarışqadan, ya fildən –

bəs gözünə özün boyda Tanrı dəysə qəfildən?!

Share: