Müstəqil.Az istedadlı gənc şairə Nİgar Arifin bir neçə şeirini təqdim edir:
Bəlkə…
Bir az gözlərdən uzaq,
Bir az gözümdə dustaq,
Çırpınır arzuların,
Kəpənək qanadları…
Vərəqlərə atılır,
Könlümün söz atları…
Durnalar köçüb gedir
Köhnə diyarımızdan.
Yaş üstünə yaş gəlir,
Soylə,bizə nə qalır,
Küsən baharımızdan?
Hardasa düşüb itir,
Ayağından bir çarıq.
Kasıb ümidlərilə,
Gəzir hey aramızda,
Gəzir səfil ayrılıq…
Asılıb qəlbimizdən
Məhəbbətin bir ucu.
Parçalayır özünü,
Səbrin iti qılıncı.
Üşüyür məsafələr,
Günlər yağışda,qarda.
Geyin dualarımı,
Gələr yeni bahar da.
Sevgimizə yaxşı bax,
Qoyma bu eşqi darda.
Bəlkə bir də görüşdük,
Heyat adlı qatarda…
Sən gedəndə…
Mən coğrafiya dərslərindən
Həyatın qızarmış gözlərini görürdüm…
Vulkan kimi püskürən gerçəkləri,
Gerçəklərin lavasında yalanların süründüyü düzənləri,
En uca dağların yerə çökən dizlərini görürdüm…
Bütün ölkələrdə eyni külək əsirdi,
eyni yağış yağırdi…
Mən özüm də ölkə idim,mən özüm də…
Sənin kimi bir ölkəni ram etmək istəyəndə,
Ürəyimdə bir zəlzələ olurdu,
Ən kobud,ən keçilməz yerlərin lap dərin qatlarında
şirin sular axırdı,saf bulaqlar axırdı…
Ən uzaq ərazidə, ən gözəl varlıqların üzlərini görürdüm..
Sən gedəndə…
Sən gedəndə başa düşdüm ki,
İnsan ən böyük aysberqdi
Illərlə əriyib ölümə doğru axır…