On səkkiz ildir ki, Faiq Balabəyli ilə tanışam. İlk gündən yaranan doğmalıq onun dənizçi olması ilə bağlıydı. Sonrakı illərdə də bu doğmalıq davam etdi, bu gün də davam edir.
Dostlarım küsəyən olduğumu bilirlər, Faiq Balabəyli küsə bilmədiyim insanlardandı. Yeri gəldi, dalaşdıq, yeri gəldi incitdi məni – amma küsmədim ki… Ondan heç bir zaman küsmək olmaz, düşünürəm.
Bəlkə də onunla bağlı çox məqamları bilmədim. Bir müddət “həyat dərsi” keçdiyi Cəza evinin girəcəyində utana-utana, burda cəza çəkən Faiq müəllimi görməyə gəlmişəm, deyəndə hətta onun soyadını belə bilmirdim. Məhz buna görə məni onun yanına buraxmadılar:
“Soyadını belə bilmədiyin bir adamın yanına səni necə buraxaq, xanım?” cavabını alanda – “Qardaşım yerində olan, qardaşım qədər sevdiyim dostumdur”– cavabıma o zaman nəzarətçi zabitin gülümsəməsi məni qəhərləndirsə də, sonralar özüm də bu dialoqa gülmüşdüm.
Özünü Faiq Balabəylinin yaxın dostu sayanlardan birindən xahiş etmişdim, özü gedəndə məni də aparsın ora, gedim Faiq müəllimi görüm.
Bu arzum da gerçəkləşməmişdi.
Mən isə onu görmək, yoluxmaq istəyirdim.
Çünki Faiq Balabəyli mənim şəhid qadraşımın dənizçi olduğunu biləndə, mən də dənizçiyəm, məni də özünə qardaş bil – demişdi, və mən də onu o gündən qardaşım kimi görmüşdüm.
Və bəlkə də sadəlövhlük idi, bəlkə də onun mənə səmimiyyəti idi, nədənsə Faiq o qapalı qapılar arxasında olanda, onun deyil, məhz qardaşımın orda olduğunu düşünürdüm.
Sonralar onun o qaranlıq məkandan yazdığı “Dustaq yasəmən”ini oxuyanda hönkürtü ilə ağladığım heç yadımdan çıxmır…
…Doğum günləri məni hər zaman duyğulandırır; özümünkü və sevdiyim insanların doğum günləri olanda…
Faiq Səfərova – Faiq Balabəyliyə öncə sağlamlıq, sonra dəniz qədər ilham, Dəniz kimi məsum nəvələr arzulayıram…
Yaxşı ki, varsız, Faiq müəllim!
Yaxşı ki, sizi, gözəl xanımımızı, gül balalarınızı tanımışam.
Təbrik edirəm…
Təranə Musayeva,
dənizçi bacısı