Milli Həmrəylik Partiyasının (MHP) sədri Əlisahib Hüseynov partiyanın mətbuat xidmətinə müsahibə verib.
– Əlisahib müəllim, Azərbaycan torpaqlarının işğaldan azad olunması istiqamətində dövlət başçımız və Ali Baş Komandanımız İlham Əliyevin siyasətini necə qiymətləndirirsiniz?
– Bildiyiniz kimi sentyabrın 27-də ölkəmizə qarşı növbəti dəfə elan olunmamış müharibə başlandı. Biz yenə də işğalçı Ermənistanın xain hücumuna məruz qaldıq. Bu müharibəni sözün birbaşa mənasında İkinci Qarabağ Müharibəsi adlandırmaq olar. Ancaq onu da qeyd etməliyik ki, 27 sentyabr döyüşlərini biz başlamamışıq. Bütün dünya da bilir ki, biz erməni təxribatlarına son qoymaq məqsədilə əks-hücuma keçməyə məcbur olmuşuq. Prezident İlham Əliyevin BMT tribunasından da bəyan etdiyi kimi Ermənistan rəhbərliyi son aylarda davamlı şəkildə müharibəyə hazırlaşırdı və məhz bunun nəticəsi olaraq Ermənistan silahlı qüvvələri gah münaqişə zonasında, gah da Azərbaycan-Ermənistan dövlət sərhədində tez-tez müxtəlif təxribatlar törədir, silahlı toqquşmalara şərait yaradırdı. 12 iyul hadisələri də buna əyani misaldır. Sentyabrın 27-də isə Ermənistan tərəfi Azərbaycana qarşı elan olunmamış genişmiqyaslı hərbi əməliyyatlara başladı. Bu əsl müharibə təşəbbüsü idi. Beləliklə, ermənilərin sentyabrın 27-də səhər tezdən başladıqları hərbi hücum nəticəsində Azərbaycanın yaşayış məntəqələri və bizim döyüş mövqelərimiz şiddətli artilleriya atəşinə məruz qaldı. Bu təcavüz nəticəsində Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak olub, hərbi qulluqçular arasında da həlak olanlar var. Biz bu təcavüzə əks-hücumla cavab verməyə, vətəndaşlarımızı və torpağımızı qorumağa məcbur idik. Ermənistan işğalçılıq siyasətini davam etdirmək üçün hücuma keçdi və layiqli cavabını da almaqdadır.
Heç şübhəsiz ki, Ordumuzun döyüş uğurları hər şeydən əvvəl Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətin nəticəsidir. Biz Milli Həmrəylik Partiyası olaraq Ali Baş Komandamızın yürütdüyü hərbi siyasətini və keçirilən uğurlu döyüş əməliyyatlarını yüksək qiymətləndiririk. Eləcə də Ordumuzun hazırki döyüş əzmi, savaş ruhu kifayət qədər yüksək səviyyədədir. Odur ki, əminliklə deyə bilərəm ki, Ali Baş Komandanımız kimi Ordumuz da tam Qələbəyə köklənib. Bu belə də olmalıdır. Çünki əsgərlərimiz öz gücünü xalqdan və Ali Baş Komandandan alır. Bu gün Ordu-Xalq-Ali Baş Komandan vəhdəti əsgər və zabitlərimizin özünəinamını, Qələbəyə hədəflənməsini təmin edir.
Mən Ali Baş Komandanımızın əsgərlərə münasibətində bir ata qayğısını, diqqətini görürəm. Onun Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə səmimi söhbəti də buna əyani sübutdur. İlham Əliyev beynəlxalq təşkilatlara, dünya liderlərinə göndərdiyi ismarıclarında, müraciətlərində nə qədər sərt, cəsarətli, sərrast və təcrübəli siyasətçi, diplomat təsiri bağışlayırsa, yaralı əsgərlərimizə, qazilərimizə qarşı da elə bir o qədər şəfqətli, mülayim və qayğıkeşdir. Bu gün Ali Baş Komandanın rəhbərliyi ilə ordumuz və xalqımız eyni amal uğrunda mübarizə aparır. Bu müqəddəs Vətən müharibəsidir və biz düşmənin şanlı Ordumuz tərəfindən tezliklə məğlubiyyətə uğradılacağına qəti şəkildə əminik! Biz Qarabağa dönəcəyik! Mütləq dönəcəyik!
– Bəs hazırki situasiyada Azərbaycan cəmiyyətində, siyasi partiyalar arasında Milli Həmrəyliyin nümayiş etdirilməsini necə qiymətləndirirsiniz?
– Bu sualınıza cavab olaraq onu qeyd etməliyəm ki, xalqımız Ordumuzla nəfəs alır. Bir daha bildirirəm ki, hazırda istər xalqımız, istərsə də Ordumuz yalnız və yalnız Qələbəyə köklənib və hərbi əməliyyatlar da hər gün yeni-yeni nailiyyətlərimizlə davam edir. Bu saat ermənilər böyük bir qorxu, xof içindədir. Çünki Ali Baş Komandanımızın qətiyyəti və Ordumuzun döyüş əzmi Ermənistan rəhbərliyinin və Dağlıq Qarabağdakı qondarma rejimin bütün təxribat və işğalçılıq planlarını alt-üst edib. Artıq bir neçə gündür ki, cəbhədə şiddətli döyüşlər gedir və bu döyüşlər nəticəsində Azərbaycan Ordusu bir sıra yaşayış məntəqələrini işğaldan azad edib, eləcə də müxtəlif istiqamətlərdə strateji yüksəklikləri tutub.
Vətəndaşlarimiz da hərə öz bacardığı səviyyədə dövlətimizə, döyüşən ordumuza dəstək verməyə çalışır. Yaralı əsgərlərimiz üçün könüllü qan verməyə gedən donor vətəndaşlarımızın sayı-hesabı yoxdur. Orduya kömək üçün maliyyə vəsaiti köçürmək istəyən, eləcə də döyüşmək üçün Orduya könüllü yazılan insanlarımız da həddindən çoxdur. Əsgərlərimizin qələbəsi üçün dua edən insanlarımızı da xüsusi qeyd etməliyik. Bir sözlə, bu gün Ordu ilə xalq arasında sarsılmaz vəhdət mövcuddur.
Siyasi partiyalar da ilk gündən Ali Baş Komandanımızın və Ordumuzun yanında yer aldılar. Belə ki, 50 siyasi partiya sentyabrın 27-də Orduya və Ali Baş Komandana dəstək məqsədilə birgə bəyanat imzaladı. Bu əsl Milli Həmrəyliyin təntənəsi idi. Bütün dünya da gördü ki, ölkəmiz üçün taleyüklü məsələlərdə partiya rəhbərləri siyasi və ideoloji fərqləri bir kənara qoyub iqtidarla, dövlətlə bir araya gəlməyə, birlik nümayiş etdirməyə qadirdir. Bu, eyni zamanda iqtidarla siyasi partiyalar arasında yeni sivil münasibətlərin formalaşmasının təzahürü idi.
Xüsusi qürur hissi ilə bildirmək istəyirəm ki, sözügedən birgə bəyanatı imzalayan 50 partiyanın arasında bir iqtidaryönlü partiya kimi biz də varıq. Ənənəvi radikal müxalifət partiyalarının bu bəyanatı imzalamaması isə onların iç üzünü açdı və düşmən dəyirmanına su tökməklərini ortaya qoydu. Onlar bu xalqdan qopmuş, uzaqlaşmış partiyalardır. Onların sonu yoxdur.
– Bu gün Milli Həmrəyliyin əldə olunmasında QHT-lərin dəstək verməsinin və ilin əvəlindən başlayan siyasi partiyalar arasında dialoqun nə kimi rolu olmuşdur?
– Milli Həmrəyliyə nail olmaq üçün hər kəsin – istər sıravi vətəndaşlarımızın, istər siyasi partiyaların, istərsə də ictimai təşkilatların, qeyri-hökumət təşkilatlarının hər birinin rolu və iştirakı önəmlidir. Bu komponentlərin ümumi ictimai razılığı, birlik təşəbbüsləri olmadan toplumda birliyə, milli həmrəyliyə nail olmaq mümkünsüzdür. Məhz bu mənada mən hazırki situasiyada ölkədə Milli Həmrəylik mühitinin formalaşmasında və hökm sürməsində siyasi partiyalarla və fərdlərlə yanaşı, QHT-lərin də rolunu yüksək qiymətləndirirəm. Bu gün Ordumuza dəstək məqsədilə hərəkətə keçən, müxtəlif təşəbbüslərlə çıxış edən çoxlu sayda QHT-ləri görə bilərik.
Eləcə də 2020-ci ilin əvvəlindən daha da dərinləşən siyasi dialoq kursunun da bu gün siyasi partiyalarla dövlət arasında səmimi əməkdaşlıq münasibətlərinin formalaşmasında, həmçinin siyasi partiyalarla Ordu arasında mənəvi birliyin, həmrəyliyin araya-ərsəyə gəlməsində mühüm rolu olub. Bütün bunlar ilk növbədə Prezident İlham Əliyevin yürütdüyü yeni siyasi konfiqurasiyanın formalaşdırılması xəttinin nəticəsidir. Dövlətimizin başçısının başlatdığı demokratik açılım kursu və Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin səmərəli fəaliyyəti ölkədə siyasi partiyalara qarşı tamamilə yeni və sağlam münasibətin formalaşmasına rəvac verib. Məhz bunun nəticəsidir ki, bu gün ölkəmiz düşmən təxribatı ilə üz-üzə qalanda həm siyasi partiyalar, həm də QHT-lər dövlətin, dövlət başçısının və Ordumuzun yanında yer aldılar və bimənalı şəkildə həmrəylik nümayiş etdirdilər.
– Bizi dəstəkləyən ölkələr barədə nə deyə bilərsiniz?
– Ermənistan silahlı qüvələrinin 27 sentyabr təxribatına qarşı əks-hücum əməliyyatlarına başlamağımız bizim gerçək dostlarımızı da bir daha yaxından tanımağımıza imkan yaratdı. Mən bu ölkələr sırasında ilk növbədə qardaş Türkiyənin və Pakistanın adını qeyd etmək istəyirəm. Eləcə də, Ukrayna və İsrail də birmənalı şəkildə bizə dəstək verdilər. Bu günlərdə dövlət başçımıza zəng edən, dəstəyini ifadə edən siyasi liderlər, nazirlər, beynəlxalq təşkilat rəhbərləri çoxdur. Biz dostlarımızın dəstəyini unutmayacağıq.
Bu arada ikibaşlı siyasət yürüdən və yaxud, özünü bizə dost kimi göstərib arxada isə əleyhimizə işlər çevirən ölkələri, ölkə başçılarını da tanıdıq. Lakin erməniləri kim dəstəkləyir dəstəkləsin, onsuz da bunun son nəticəyə heç bir təsiri olmayacaq. Çünki bütün hallarda işğaslçı ermənilər Qarabağdan qovulmağa, qaçmağa məhkumdurlar. Azərbaycan Ordusunun bir-birinin ardınca qazandığı döyüş nailiyyətləri bunu deməyə əsas verir. Mən Ordumuzun uğurları ilə və Prezidentimizin qətiyyətli mövqeyi ilə gerçəkdən də qürur duyuram!
Müstəqil.Az