Aynur QAFARLI
GÖYÇƏ
Min rəngdən doğulub gözəlliklərin,
Bu rəngə bərabər rəng hanı, Göyçə.
Vermərəm dünyanın yüz cənnətinə,
Səndə keçirdiyim tək anı, Göyçə.
**
O ötən illərin qızıl çağısan,
Ağlar gözümüzün qəm ortağısan,
Qərib könlümüzün ləl yatağısan,
Zümrüdün, yaqutun kənkanı Göyçə.
**
Aman bu həsrətin, aman əlindən,
Xəyalım dolanıb keçər çölündən,
Yuyunub çıxıbsan Göyçə gölündən,
Dünyada sənintək pak hanı, Göyçə?!
**
Varsan ömrümüzün nağıllarında,
Qalıbsan hamının ağıllarında,
Görmüşəm ziyalı oğullarında,
Mən sənin işıqlı zəkanı Göyçə.
**
Şöhrətin dolanır eli, mahalı,
Titrəyir dinəndə könlümün xalı,
Səndə yaşa dolub Ələsgər, Alı,
Ağır kişilərin məkanı Göyçə.
QAYIT GƏL
Yolda qalıb gözlərim,
Qulaqlarım səsdədi.
Hardasan, ay sevgilim,
Könlüm səni istədi.
*
Mən bir az səbirliyəm,
Bir azca da qərarsız.
Qəlbim səni istəyir,
Səni istəyir yalnız.
*
Sənsən könül həmdəmim,
Səndən özgə kimim var?!
Bu gen dünya başıma,
Sən gedəndən olub dar.
*
*
Həsrətindən sübhədək,
Sıxılıram, qayıt gəl.
Eşqinin zirvəsindən,
Yıxılıram, qayıt gəl.
*
Civə kimi heç yerdə,
Qərar tutmuram bir an.
Nə olar, gəl sən məni,
Qurtar bu sıxıntıdan.
QAÇMAQ İSTƏYİRƏM BƏZƏN ÖZÜMDƏN
İpək saçlarımda illər keçsə də,
Titrək əllərinin həniri durur.
Mən səni hər dəfə xatırlayanda,
Nəfəsin üzümə-gözümə vurur.
*
Aydın səmalara üzümü tutub,
Demək istəyirəm: “adımı çağır”.
Ömrümə buz kimi küləklər əsir,
Qəlbimə buz kimi yağışlar yağır.
*
Təbiət özü də yorğun görünür,
Vaxt ötür, gün batır, qaralır axşam.
Yollara baxıram istər-istəməz,
Səni gözləyirəm masamda bir şam.
*
*
Sevincin mənimdir, kədərin mənim,
Adınla bağlıdır bu duyğu, bu hiss.
Qəlbimin tufanı yatıb içimdə,
Susub dayanıram, beləcə səssiz.
*
*
Qaçmaq istəyirəm bəzən özümdən,
Qaçmaq istəyirəm, qaça bilmirəm.
Məhəbbət doğrudan bir yuxu imiş,
Hələ də gözümü aça bilmirəm.
*
Bir bilsən könlümün istəklərini…
Sükuta qərq olub sinəmdə adın.
Boğulur həsrətin burulğanında,
Bir zaman yolunda öldüyün qadın.