Mən sənin müridinəm, Sabir bəy!

Mən sənin müridinəm, Sabir bəy!

Faiq Balabəyli

Bu gün Sabir Rüstəmxanlının doğum günüdür. Onu nə vaxt tanımışam, dəqiq yadımda deyil. Mənə elə gəlir ki, elə ağlım kəsəndən, şeirin nə olduğunu biləndən Sabir bəy mənim dostumdur, hocamdır, ağsaqqalımdır…

O, sanki doğulmamışdan bu dünyada olub, yaşayıb, Türkün kimliyini, haradan gəlib hara getdiyini, haralarda kimlərlə mübarizə apardığının, vuruşduğunun şahidi, iştirakçısı olub, insana, insanlığa, dünyaya, dağa-daşa, dərəyə-düzə , yerə-göyə, buluda, yağışa məhəbbəti görüb, götürüb,  özündə cəmləyə bilib.

Millətimizi, xalqımızı tanımaqda onun gözlərimdən süzülüb, qulaqlarımdan keçib də  ürəyimdə, beynimdə  məkanlaşan şeirlərinin, publisistikasının nəsrinin mühüm rolu var.

Bədxahlarınıən çox olması da onun böyüklüyündən xəbər verir. Heç vaxt kəssəyə əli baltalı, əli belli hücumların olunduğu görünməyib. Sabir bəyin adının, mövqeyinin, amalının saflığından, böyüklüyündən çəkinənlər, həsədlənənlər, gizlində, yaxud başqa qifayəyə bürünüb guya ki aşkarda quyuruq bulayanlar o qədər var ki… Amma bütün bunlar ona olan xalq sevgisinin heç bir faizi də deyil və heç ola da bilməz.

Sabir bəy haqda bir neçə dəfə yazmışam. Hətta ilk və yeganə poemam da ona həsr olunub. Amma, bilirəm ki, azdır, ürəyimdən keçənləri ifadə etməkdə çətinlik çəkməsəm də, görünür, hələki bacardığım bu olub.
Dəfələrlə Türkiyədə, digər türk dilli dövlətlərdə, Rusiyanın hələ ki tərkibində olan Tatarıstanda, Başqurdstanda olanda da ona olan sevgidən, yaradıcılığına olan hörmət və diqqətdən qürurlanmışam və bu ehtiramı bütünlüklə Azərbaycanın adına qəbul etmişəm. Sabir bəy o kişilərdəndir ki, adı çəkiləndə Ölkəmizin adı dilə gətirilir.
Sabir bəyin əsərlərinin adını sadalamaq istəmirəm, o nədən yazırsa yazsın, mənim üçün anlaşılan budur; “Bu sənin xalqındır”, deyib, “Xətai yurdunu” “Tanımaq istəsən” “Ölüm zirvəsi”nə qədər qalxıb, “Atamın ruhu”nu dinləyib, “Ömür kitabı”nı vərəqləyib, “Qan yaddaşı”nın bələdçiliyi ilə “Vətən” deyərək, “Gəncə qapısı”na qədər gəlib, “Sunami” dalğası kimi “Zaman məndən keçir” əminliyi ilə “Bütövlük həsrətini” yox etmək üçün “Difai Fədailəri”nin “Şair və şər”ə cavab olaraq, “Akademikin son əsəri”ni oxuyub “Dərdə əyilmə”mək üçün, “Əbədi sevdaya” düçar olub, “Göy Tanrı”nın qutsal bildiyi məkanda “Sevgim, sevincim” olan, “Sağ ol, ana dilim” harayı ilə, “Xəbər gözləyirəm” deyərək yazmaq yaratmaq, tanıdığını, bildiyini tanıtmaq və bildirməkdir.
Mən milli ruhun insan ürəyindən, düşüncəsindən təcəlla etməsini Sabir bəyin yaradıcılığında, şəxsiyyətində gördüm.

Yaşının üstünə bir yaşda gəlir. Düz 76 ildir ki, nəfəsi yurdumuzun üstündədir. Millətə, vətənə olan sevgisi yaz dumanı kimi ətrafa çəkilib. Əsərlərinin mayasında yurda sevgini analayana, duyana, içi saf olanlara, qanında, nəfəsində qarışıqlıq olmayanalara, yeni nəslə aşılayıb, aşılayır və aşılayacaq.
Çox yaşa, xoş yaşa, şairim, dostum, Hocam… Mən sənin müridinəm, Sabir bəy!

Share: