Mən sərçə balası, sən bir ovuc dən, nə mən səndən doydum, nə də sən bitdin

Mən sərçə balası, sən bir ovuc dən, nə mən səndən doydum, nə də sən bitdin

Aida Adıgözəl

 Aksioma

Guya aldadıram özüm – özümü,
hər gün ad qoyuram
ağlıma gələn…
Gah “keçmiş” deyirəm,
gah “unutduğum”…
Əslində axtarsam altın – üstünü,
nə sən məndən getdin,
nə də mən səndən…
Mən sərçə balası,
sən bir ovuc dən,
nə mən səndən doydum,
nə də sən bitdin!
Könlümdə tikdiyin
“Hüzn” sarayın
hər gecə nəm verir
qəm divarları.
Yenə buludlandı
göyümün üzü,
gözümdə göl saldım
– “Ayrılıq” adlı.
Girdi aramıza
“Zaman ” qayığı,
əqrəblər qaçışdı
saat səsində,
axşam qucaq açdı
son kölgələrə,
günlərim oldular
dərd avarları…

Atomların parçalanması

Sən də xatırlama bu dəli qızı,
unut, unut, unut, – deyə hayqır
könlünün tor basmış
künc – bucağına!
Diksinsin səsinə alatoranlıq,
yağışlar altında sahibsiz itlər,
qaranlıq küçədə səfil dilənçi…
Hörümçəklər qaçsın
tozlu torundan
cücülər sevinsin azadlığına…
Siz də, eşidirsiz, heeyyy, sizinləyəm?!
Yaxın tanışlarım, Şair dostlarım!
Sizlər də unudun,
heç böyüməyən
körpə uşaq qalmış bu kənd qızını…
Ağarmış saçını qara boyayıb
özünü gizləyir təbəssümündə,
varmı ürəklisi, çəkə nazını?!
Sən də eşidirsən, fırlanan Dünya?!
Üstümdən keçəndə bir ayaq saxla!
Qarışqa deyiləm kiçik görəsən,
ya da düzənlikdə vəhşı gərgədan…
Tikdiyim sarayda, saldığım bağda,
mənim pəncərəmdən özünə boylan,
hələ həyətə düş, gülləri qoxla!
Mənəm insanlığın yaradıcısı,
gələn nəsillərin Ulu Anası!..
Unut, unut məni Anamın bətni!
Başımı qoyduğum Ana dizləri!
Bağışlasın məni şeytanlaşanda,
“siçan” dişlərimin çıxan vaxtında
sıxıb dişlədiyim Ana döşləri!
Unutsun sandığın lap alt dibində
gizlincə qoyduğum,
körpələrimçin,
özüm toxuduğum,
heç geyilməyən,
“naftalində” qalmış yun geyimləri!..

Adı və dadı olmayan şeir

Ölməyə nə var ki, gözünü yum, get…
Burax dünyanı da, qayğıları da.
Gələrlər, gedərlər, yolu ot basar,
bir gün tərgidərlər darıxmağı da…
Sonrasın düşünmə geyimlərinin,
verərlər yoxsulun biri geyinsin.
Ya suya atarlar, ya basdırarlar,
insan qoxusuna torpaq sevinsin!
Bir gün dəyişərlər yataq yerini,
yığarlar paketə qalan nə varsa.
Atarlar çardağın tozlu küncünə,
ya da daş qəlblisi vurub yandırsa…
Bir göz qırpımında yaşandı, bitdi,
seyr etdin illərə sığışmağını…
İndi anladınmı doğulanların
dünyaya gələndə ağlamağını?!
Torpağın üstündə daşdan baş daşı,
torpağın altında bir qucaq sümük!
Bir neçə xatirə…yadlara düşsə,
bir də arxivlərə atılmış kimlik..

Zamanla sovrulanlar

Nə zamanı dayandırmaq istəyirəm,
nə əqrəbi geri çevirmək,
nə də irəli çəkmək…
Gəmi kayutuna bənzəyən,
kiçik pəncərəli
yarım qaranlıq otaqdan görünən
yamyaşıl ağacların,
tikilən hündür mərtəbəli binaların fonunda qarışqa kimi işləyən,
torpağın ciyərini söküb çıxaran fəhlələrin
və texnikanın hay – həşirində
yeni bir baharın səsi duyulur quşların civiltisində.
Nə olsun ki,
kükrəmiş dənizin üstündə uçan bir cüt qağayının hıçqırığına uğunub gedir dalğalar? !
Dəniz məhv etməyə,
qağayı isə yazda bala çıxarmağa öyrəşib…
Hüzur haradadır desəm,
hüzur hardaymış desən,
bir itin başını sığallayıb ona yemək verməyin,
ölməkdə olan ac pişiyə
bir tikə çörək atmağın həzzindəymiş, bil!
Zamanında çox şeyləri sevdim,
indi isə zamanı sevirəm!
Hər şeyi unutdurur deyə!..
Share: