Bu gün gənc şair Ülvi Bahadırın doğum günüdür. Kulis.az bu münasibətlə onu təbrik edir və şeirlərini təqdim edir.
Qırmızı
Başımız üstündə qırmızı bulud,
qırmızı-qırmızı baxır bizlərə…
çiyələk qoxulu qırmızı külək…
…sevgimi paylayır sevgisizlərə?..
Qırmızı yarpaqlar bəzəyir yeri…
…gedir sonsuzluğa bir qırmızı yol…
Qırmızı yanaqlı bir qız oxuyur
“Mən səndən küssəm də, sən yanımda ol…”
Qırmızı bir qarğa neçə saatdır
üzümə durubdu qızıl-qırmızı…
Qırmızı sahildə oğlan nə vaxtdır…
…qırmızı dodağa qalıb tamarzı…
Qırmızı Ay çıxır qaranlıqlardan…
səssizlik mahnısı zümzümə edir.
“Bir cavan oğlanın nəmli qisməti…
…bir qızın qızarmış qismətindədir”.
Qulaq as… qulaq as qırmızı ruhum,
daha burda qalma, sonsuzluğa uç…
– A bala, qan yuyub aparır səni!
– Alo…
– Alo! 103?..
Bir gün
Gün keçdikcə…
… sevdiklərinə daha çox sarılmaq istəyir insan
Bərk-bərk… bərk-bərk
Ayaqlarına düşüb yalvarmaq istəyir;
“Ölmədiyinizə çox sağ olun”…
Tez-tez ayaqqabılarına baxar – görüm həminki yerindədirlərmi?
Tez-tez paltarlarını qoxlayar – görüm əvvəlki ətrindədirlərmi?
Bəzən ayaqlarından əvvəl ayaqqabıların ölər çünki
Bəzən ruhundan qabaq ətrin çatar Tanrıya…
Və ya…
…gün keçdikcə daha çox yorulmaq istəyir insan…
O qədər yorulmaq ki…
…yorulmaq əlindən bezib atsın özünü kimsəsiz körpülərdən…
O qədər yorulmaq ki…
…əllərin səndən xəbərsiz rədd olub getsin bu şəhərdən…
Bir də… hərdən
…gün keçdikcə daha çox vurulmaq istəyir insan…
cavabsız zənglərə…
zəhərli balınclara…
bağlı qapılara…
qutsal yollara…
Bəzən də…
…dünyanın ən unudulmuş dağına çıxıb qışqırmaq istəyir insan….
Tanrım, sən hara…bura hara…
Empatiya
Qaşıdığım divarlar
Üstümə gəlir, eyvah.
Tavanda bir ağ dovşan
Üzümə gülür, eyvah.
Səhərdəndi bir xanım
Məğrur qəhqəhə ilə
Gülür televizordan
Deyəsən bilir, eyvah
Ölür… ölür…görürəm
teldəki sərçələr də…
Öpür…öpür…görürəm
Şimal küləklərini…
Bax, mən də beləcəyəm
Ayağımı sallayıb bir yalquzaq küləkdən… sərçətək oturmuşam
Sonra birdən, qəflətən
Saçımdan-ayağıma…
Gözümdən-dodağıma
Yaşımdan-yanağıma…sənsiz-sənsiz olmuşam…
Yaxınların yorğunu bir uzaq tanıyıram…
Barmağımın ucunda…
Saçımın arasında…
Dizimin yarasında…
Gözlərimin içində…
Dünyanın axırında… kimsənin bilmədiyi… alatoran evimdə…
Uzaqların adamı yalquzaq tanıyıram…
Uçurumun sonuncu… daşından asır özünü
Ağzı ilişir budaqlara… dişindən asır özünü…
Sonra heç yoxmuşcasına…yetim bir ilğım kimi kiçilir gözlərimdə…
Tanrı hiyləgərcəsinə, qiyamətin vaxtını…
…savadsız uşaqlar kimi…köçürür gözlərimdən…
Deyəsən, bilir, eyvah
Gülür televizordan
Məğrur qəhqəhə ilə
Səhərdəndi bir xanım
Üzümə gülür, eyvah
Tavandakı ağ dovşan.
Üstümə gəlir, eyvah
Qaşıdığım divarlar.
Boy at
Süpürgəçi qarılar küçələrdən süpürəndə ulduzları…
Ulduzlar axın edir pəncərələrə…
Sənsə…
…sənsə kim bilir indi hansı nağılın baş qəhrəmanısan yuxularında…
Bəzən günəş elə barmağının ucundadı…
…sənsə küyə düşüb səmaya baxırsan…
Alatoran küçələrin birində…
Bir balaca uşaq var…əlində bir parça bayat çörək…
Arxasınca quduz itlər hürüşür…
Uşaq qaçır…itlər qaçır…
İtlər qaçır…uşaq qaçır…
Sonra itlər yorulur…ləhləyir…dayanır…
…amma uşaq qaçır…qaçır…qaçır…
…əlindəki bayat çörəyi dişləyə-dişləyə…
Sonra həmin uşaq ilişib ağzı üstə yıxılır çörək mağazasının qabağına…
Durur üst-başını təmizləyir…ağzının qanını çirkli paltarıyla silir uşaq…
Qəlbində mələklərin orkestri…
…dünyanın ən qədim musiqisini pıçıldayır uşağın qulaqlarına…
Yavaş-yavaş gedir uşaq… sübhün qoynuna
Sonra birdən Günəşə ilişib yıxılır.
Şərt
Sübh çağının qutsal sükutunu çəkirəm nəfəsimə…
Dünyanın ən qədim məbədində…
İnsanlığın ilk nəğməsini pıçıldayıram…
əllərim süd qoxuyan ətçəbalalar kimi uzanıb tanrıya…
hardasa min il var…
…məni sevməməyin üçün dua eləyirəm…
Sən elə yağışı da sevirdin bir zaman…
…amma öldürdün onu alabəzək çətirlərində…
De görüm…de görüm heç saçlarına yazığın gəlmədi?..
Gözlərinə…əllərinə…dodaqlarına
Sən elə küləyi də sevirdin bir zaman…
Bəs niyə arxa çevirdin… güvənsiz dostlar kimi…
Bağladın pəncərələrini… örtdün qapılarını…
Dağılışdı bütün kəpənəklər…
Uçdu getdi bütün qaranquşlar o kimsəsiz küçədən…
Sən elə Günəşi də sevirdin bir zaman…
Söylə görüm rahatsanmı… o daxmanın kölgəsində?..
Alın yazın silinməyib qaranlığın əllərində?..
Sən günəşə çıxsan indi əriyərsən…çürüyərsən…
Boz torpağın yaddaşına səssiz-səssiz yürüyərsən…
Ən yaxşısı yavaş-yavaş dinlə məni…
Yağışlarda qaça-qaça arınıb gəl…
Küləklərə uça-uça sarınıb gəl…
Günəşlərdə saça-saça daranıb gəl…
Sonra gəl qon kirpiyimə…
…sev məni…
Arxaik
O küçələr vardı haa…
O dopdolu küçələr…
Bir qadının gözyaşıyla axıb getdi uzaqlara…
İndi burda park salınıb…
Balaca yelləncəklərdə…
Uşaqlar yellədirlər öz bədbəxt analarını…
Bir də gördün…
Bir əl çıxır torpağın altından göz yaşı formasında…
Dartıb aparmaq istəyir… o ətçəbalaları…
Bir də gördün…
Bir səs gəlir ayağının altından…başının üstündən…
Ayaqlarının tozunu silir…gözyaşıyla…
Saçlarını darayır…nəfəsiylə…
Ağacların köklərindən su qalxır ən ucdakı yarpağına…
O ağaclar parçalanıb çevrilib beşik olur…
O beşiklər birləşib çevrilib kəfən olur…
O kəfənlər çürüyüb çevrilib torpaq olur…
O torpağın arasında bir ovuc qabırğa nəfəs alır min ildi…
Uğultu
“Getmə” dedin…getdilər
…ömürdəki adamlar
İllər keçdi…kölgələrin susadığı zamanda…
Qayıtdılar…saçlarına…
Qayıtdılar…gözlərinə…
Qayıtdılar…dizlərinə…
O illər öncə əkdiyin ağacına qayıtdılar…
O illər öncə örtdüyün pəncərənə qayıtdılar…
O illər öncə keçdiyin yollarına qayıtdılar…
Qayıtdılar… qayıtdılar…
Yaxınlarına tüpürüb uzağına qayıtdılar…
Qayıtdılar…xəbərsizcə…
Heç bilməzdin…
Tökülən saçlarından…
Diksinən kirpiklərindən…
Səksənən barmaqlarından anladın…
…yollardakı uğultunu…
Daha külək vaxtı deyil…
Sərçələr çoxdan uçublar…
Yarpaqlar çoxdan tökülüblər…
Ona görə də qorxma…
Elə indicə… dur çıx bayıra…
Üzünü tut o yola…
…qışqır bütün gücsüzlüyünlə…
– Mən sizin hamınızı sevirdim…