“Mən Telman İsmayılovun evində jurnalist kimi yox, dost kimi olmuşam”

Sifarişli qətllərdə ittiham olunaraq barəsində qiyabi həbs qətimkan tədbiri seçilən və barəsində beynəlxalq axtarış elan olunan azərbaycanlı müflis oliqarx Telman İsmayılovun kreditorlardan gizlətdiyi bir neçə aktiv üzə çıxarılıb. Virtualaz.org xəbər verir ki, bu haqda “İzvestiya” yazır.

Məlum olub ki, müflisləşmə ərəfəsində T.İsmayılov bir neçə torpaq sahəsini, mənzillərini və villalarını qohumlarının, offşor şirkətlərin adına rəsmiləşdirərək onları müsadirə olunmaqdan xilas etməyə çalışıb. Lakin məhkəmə bu sövdələşmələri ləğv edib və əmlakların müsadirəsinə qərar verib.

Kreditorlar müəyyən ediblər ki, T.İsmayılov “qara gün üçün” bir sıra aktivlərini, o cümlədən Moskvaətrafındakı malikanəsini “Demetra” investisiya fondunun adına keçirib. Bunun əvəzində biznesmen fondun simvolik dəyərdə-120 milyon rublluq səhmlərini əldə edib. Əslində isə aktivlərin dəyəri milyardlarla rubldur. T.İsmayılovun təkcə Moskva ətrafında yerləşən, sütunları qızıl suyuna çəkilmiş malikanəsinin 3-4 milyard rubl olduğu təxmin edilir.

REN TV kanalının bu aktivlərin müsadirə edilməsinə dair reportajında deyilir ki, T.İsmayılovun həmin malikanəsində bir neçə il əvvəl azərbaycanlı jurnalist Eynulla Fətullayev olmuşdu.

Sitat:”“Gözqamaşdırıcı gözəllik, qızıl parıltısı, ağılları qarışdıran dəbdəbə”-Eynulla Fətullayev, biznesmenin evində olan azsaylı jurnalistlərdən biri İsmayılovun sarayını təsvir edərək belə yazırdı.”

Telekanal bu məsələ ilə bağlı Eynulla Fətullayevin özünə də zəng vurub. Lakin onunla söhbətdən cəmi bir neçə saniyəni efirə verib, bu zaman onun açıqlamasının mahiyyətini təhrif edib. Jurnalist özü rusiyalı həmkarlarının bu hərəkətini qeyri-peşəkar və hətta təxribat adlandırır.

“Bu açıq-aşkar saxtakarlıqdır. Mən Telman İsmayılovun işi üzrə Rusiya KİV-lərinə şərh veməkdən imtina etdim. Onlar zəng vurdular, dedilər ki, mən T.İsmayılovun Skolkovo iqamətgahında olmuş yeganə jurnalistəm. Mən də dedim ki, orada jurnalist kimi yox, dost kimi olmuşam. Bundan əlavə mən rusiyalı jurnalistlərə məsləhət gördüm ki, gedib məmurların Rublyovkadakı villalarını çəksinlər. T.İsmayılov biznesmendir. Və onun, kefi istəyən dəbdəbəyə haqqı var. O, dövlətdən oğurlamayıb ki, özü qazanıb. Qoy rusiyalı məmurlar özlərinin qızıl unitazlarının mənbəyini əsaslandırsınlar! Təəsüf edirəm ki, rusiyalı jurnalistlər belə saxtakarlığa əl atırlar. Təkrar edirəm: mən müsahibə verməmişəm. Jurnalist məndən təkcə bunu soruşdu-siz ki yazmışınız, onun evi kinolardakı kimidir. Mən dedim-bəli, yazmışam, amma onun, məmurlardan fərqli olaraq kinolardakı kimi yaşamağa ixtiyarı var!”-Eynulla Fətullayev bildirib.

 

 

Müstəqil.Az

Share: