Coşqun XƏLİLOĞLU
Coşqun Xəliloğlu 1960-cı ilin dekabr ayının 27-də Kürdəmir rayonunun Mollakənd kəndində tanınmış ziyalı-pedaqoq, Azərbaycan dili və ədəbiyyat müəllimi, SSRİ Jurnalistlər İttifaqının üzvü Xəlil Əziz oğlu İbrahimlinin ailəsində dünyaya gəlmişdir.1978-ci ildə Mollakənd kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Neft və Kimya İnstitutunun qaz-neft mədən fakültəsinə daxil olmuş, 1983-cü ildə oranı müvəffəqiyyətlə bitirərək təyinatla “Azneft” İstehsalat Birliyinin Əli Bayramlı Qazma İşləri İdarəsinə göndərilmişdir. O, burada qazmaçı kimi əmək fəaliyyətinə başlamış, sonra usta köməkçisi işləmişdir. C.İbrahimli daha sonra əmək fəaliyyətini “Azneft” İstehsalat Birliyinin Carlı Kəşfiyyat Qazma İdarəsində, Qalmaz Dərin Qazma Ekspedisiyasında davam etdirmiş, sonralar həyata keçirilən struktur islahatları ilə əlaqədar olaraq Qobustan Qazma İdarəsində, Qum Adası Dəniz Qazma İdarəsində, Sahil Qazma İdarəsində qazma mühəndisi kimi müxtəlif vəzifələrdə çalışmışdır. 2014-cü ildən SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkətinin) “Kompleks qazma işləri” trestində texnoloji şöbənin rəisidir. Şeirlərini təqdim edirik.
Gözlərin aydın, Vətən
(Azərbaycan xalqının böyük qələbəsi münasibəti ilə)
Necə də xöşbəxtik biz, qələbə çalınıbdır,
Müqəddəs torpağımız yağıdan alınıbdır,
Hiyləgər düşmənimiz pis günə salınıbdır,
Ruhsuz yaşaya bilməz, bütöv olammaz bədən,
Anam, gözlərin aydın, gözlərin aydın, Vətən.
Üçrəngli bayrağımız əzizdir canımızdan,
Törpağımız güç aldı tökülən qanımızdan,
Danışır cahan bizdən – yüksələn şanımızdan,
Neçə bəxtiyar olur, arzuya, kama çatan,
Anam, gözlərin aydın, gözlərin aydın, Vətən.
Qarabağ ki var, bizim, şanımız, şöhrətimiz,
Vətənin hər qarışı, əbədi sərvətimiz,
Necə güclüdür bu xalq, göründü qüdrətimiz,
Bundan sonra yaşayar, millətimiz xöşbəxt, şən,
Anam, gözlərin aydın, gözlərin aydın, Vətən.
Biz həmişə olmuşuq, düz sözlü, düz ilqarlı,
Başımızı dik tutub yaşamışıq vüqarlı,
Hər günümüz xoş keçsin, yaylı, qışlı, baharlı,
Laləzardır yurdumuz, min cür nemətlər bitən,
Anam, gözlərin aydın, gözlərin aydın, Vətən.
Azadlığa qovuşub torpağımız, daşımız,
Bizə dəstək-arxadır böyük Türk qardaşımız,
Biryolluq azad olub, Laçınımız, Şuşamız,
Sevinc ilə, qürurla, fərəhlə deyirəm mən:
Anam gözlərin aydın, gözlərin aydın, Vətən.
12.10.2020.
AĞLAMA, ANAM, AĞLAMA.
(Şəhid analarına ithaf edilib)
Böyüyüb bir igid oldum,
Ağlama, anam, ağlama.
Yurd uğrunda şəhid oldum,
Ağlama, anam, ağlama.
Şirin laylanla böyüdüm,
Mənə deyirdin, “İgidim”,
Qulağımdadır öyüdün,
Ağlama, anam, ağlama.
Yeridim düşmən üstünə,
Yağını qoydum, pis günə,
Fəxr et, ağı demə mənə,
Ağlama, anam, ağlama.
Axı, niyə ağlayırsan,
Qara yaylıq bağlayırsan,
Ürəyimi dağlayırsan,
Ağlama, anam, ağlama.
Mən məğlub yox, qalib oldum,
Öz yurduma sahib oldum,
Dərd-qəminə təbib oldum
Ağlama, anam, ağlama.
Mən vətən torpağındayam,
Bir çiçəkli bağındayam,
Anamın qucağındayam,
Ağlama, anam, ağlama.
Burda neçə qardaşıq biz,
Etibarlı yoldaşıq biz,
Vəfalı dost, sirdaşıq biz,
Ağlama, anam, ağlama.
Sən ağlarkən dolur gözüm,
Saralır bənizim, üzüm,
Canım-gözüm, budur, sözüm;
Ağlama, anam, ağlama.
Dayan, bir bax – qızılgüləm,
Al laləyəm, qərənfiləm,
Şuşada xarı bülbüləm,
Ağlama, anam, ağlama.
Əyilmə, dik tut başını,
Sel eyləmə göz yaşını,
Qeyd elə, hər il yaşımı,
Ağlama, anam, ağlama.
19.12.20
Azərbaycan əsgəri
Dayanıb gecə-gündüz
Vətənin keşiyində,
Mərdlik öyrədib ona
Anası beşiyində.
Qəhrəman millətimin,
Ulu Türkün öğludur,
Cəsarətdə, qeyrətdə,
Babəkdir, Koroğludur.
Qorxmazdır, Mübarizdir,
Cəsur bir övladdır o,
Yenilməz qəhrəmandır,
Əyilməz Poladdır o.
Azərbaycan əsgəri
Xalqımızdan güc aldı,
Müqəddəs bir savaşda
Düşmənindən öc aldı.
Qeyrətiylə, gücüylə
Necə öyünməyim mən,
Xilaskar əsgərin var,
Gözlərin aydın vətən.
Qovdu yurdumuzdan o,
Xain, rəzil yağını,
Düşməndən azad etdi,
Müqəddəs torpağını.
Azərbaycan əsgəri
Məhv eylədi düşməni,
Ən böyük arzusudur
Bütöv görmək Vətəni!
Hazırdır hər əmrinə
Ali Baş Komandanın,
Daim üstündə olsun
Nəzəri yaradanın.
Hələ neçə zəfərə
O, imza atacaqdır,
Xalqımın sevincinə
Min sevinc qatacaqdır!
QƏHRƏMAN ATAM
(Şəhid balalarının dilindən)
Atam şəhid olubdur,
Qarabağ savaşında,
Cənnətə qovuşubdur,
Otuz altı yaşında.
Başlarkən müharibə
Dedi, getməliyəm mən,
Qarabağı düşməndən
Azad etməliyəm mən.
Gülümsünüb, diqqətlə
Baxdı mənim üzümə,
Maşallah, böyümüsən,
Diqqət elə, sözümə:
-Bu torpaq babalardan
Bizə bir əmanətdir,
Torpağı yada vermək
Günahdır, xəyanətdir.
Torpağımız kafirin
Əlində qala bilməz,
Qarabağsız bu diyar
Yurd, vətən ola bilməz.
Məhv eyləyib düşməni
Qayıdarıq, inşallah,
Anam dedi, qorusun,
Sizləri, qadir Allah!
Döyüşlərə atıldı
Atam bir aslan kimi,
Düşmənlərlə vuruşdu,
Əsil qəhrəman kimi.
Əlində avtomatı
Daim irəli keçdi,
Düşməni milçək kimi
Məhv etdi, qırdı, biçdi.
Atam qəhrəman olub,
Dostları da şahiddir,
Gecə yuxuma gəlir,
Gül üzlü bir şəhiddir.
Atamla fəxr edirəm
O, qələbə çalıbdır,
Qarabağı düşməndən
Öz qanıyla alıbdır.
22.12.20.