“Hər yer qaranlıq idi, yalnız səslər eşidilirdi. Mən ancaq dua edə bildim, buna fürsət tapmadan ölənlər oldu”.
“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu sözləri fevralın 6-sı baş verən zəlzələdə dağılan binadan xilas ola bilən 74 yaşlı Yıldız Yükselyapar deyib.
4 gün öncəyə qədər Hatayın Antakya rayonunda yaşayan və hazırda müalicə üçün Eskişehirə gətirilən yaşlı qadın o dəhşətli gecədə yaşadıqlarını danışıb. Bildirib ki, zəlzələ baş verən gecə evində tək olub: “Bu, zəlzələ deyildi, fəlakət idi. Bilmirəm çarpayımdan necə qalxdım. Zərbə məni divardan- divara atdı. Bir qolum sıyrılmışdı, digəri isə sınıb. Özümü bir anda yerə yıxılmış gördüm. Əcəlimin gəldiyini düşündüm. Uzun müddətdən sonra uşaqlarım gəlib məni çağırdılar. Kürəkənim və nəvəm məni qan içində evdən çıxardılar. Bacım, onun əri, xalam və gəlini öldü”.
Yükselyapar kimi 57 yaşlı Necmettin Şabanoğlu da bu faciədən sağ qurtula bilib. Zəlzələ onun Antakyada 3 mərtəbəli evini dağıldıb. Şabanoğlu evindən çıxmaq istəyərkən binanın tamamilə dağıldığını, ayaqlarının dağıntılar altında qaldığını deyib: “Xəstəxanada ayağımın 4 barmağı kəsildi. Eyni ayağımdakı baş barmağım isə sabah əməliyyat olunacaq”.