Mən yaşamaq istədim… – Hümbət Şamiloğlu yazdı

Mən yaşamaq istədim… – Hümbət Şamiloğlu yazdı

(Faiq Balabəylinin altmışıncı ilinə)

Əziz dost, bunu sənin altmışına bir məktub kimi yazıram. Bunu sənə yaddaşımın durduğu yerdən – kəmfürsət zamanın içindən yazıram, ordan ki, orda hamının qapısı çölə açılır, şairlərin qapısı içəriyə, dənizçilərin qapısı dörd bir yana.

Girirəm Faiqin qapısından içəri,məni dolğun və mənalı,müdrik kəlamlar səviyyəsində şeirlər qarşılayır, hamısı da təm-təraqnan. Amma, Faiqin gəmisində bu şeirlərin hər birinin öz kurs istiqaməti, öz direksiya bucağı var.

Görün, bu şeirdə Vətən necə sevilir,oxşanılır:

Mən sənsiz belə darıxdım-

əllərimi otlarına sürtdüm,

gözümü meşələrinə dikdim,

kürəyimi ağaclarına söykədim,

ürəyimi Araza çevirdim–

sənə gələn ağıları, ağrıları

içimdən keçirdim…

Bütövləşməyə fikir verin; şair Vətən üçün ölümə getmək istəyi ilə yaşamaq istəyir, “yiyəsi yox kəndinin sahibi olmağı” düşünür. Arada “sevincli anlarını sapanda qoyub, atmaq istəyir doğma kəndinə tərəf.” Onu deyim ki, bu şeirlər pafosdan uzaq, təmkinli hisslərin və duyğuların məhsuludur. Əfsuslar olsun ki, “bu yolların gedənləri qayıtmır”.  Yenə də sair ruhdan düşməyir, əsgərinə “vur” deyir. Və bu anda araya bu misra çıxır.

Səndən ötrü ayaq üstə

Öldüm, bir kimsə bilmədi.

Faiqin şeirlərində duyğudan, hissdən kənar heç nə yoxdur. Yüksək reallıq və ondan doğan təəssüratlar hərgiz ön plana çıxır. Fikir duyğuya, duyğu müəyyən bir situativ məntiqə dayaqlanır. Yəni, şair boş yerə adamın vaxtını almır, ona deyəcəyini deyə bilir. Sözünən cücərdir ağrılarını, baxmayaraq ki, “sevincini bircə-bircə aparanlar kədərini bölmürlər” onun.

Bəzən də bu şeirlərin kursu dəyişir, bütün bəşərin xilas bildiyi”İlahiyə” yönəlir.

Daha heç nə qəlbimin sarı simini qırmaz

nə bacımın göz yaşı,nə anamın ağısı.

Çiynimi söykədiyim bu ağacın gövdəsi,

üzümü söykədiyim yarpaqların ağrısı…

Acı rüzgarla qarşı-qarşıya gələn şairi “İlahi” də qurtara bilmir həyatın kəşməkeşlərindən. Bir söznən biz şairlər bülöv daşıyıq, hər kəs bizim üzərimizdən itiləyir bıçağını. Şəkərimiz, nevrozumuz, insultumuz, xərçəngimiz bir yandan, o biri yandan da qohum-qardaşın soyuqluğu, dostların xəyanəti, nələr və nələr…

Bu dünyanın çox üzü var,

Mənə düşən bu dörd divar.

Üz tutsam , göylər od tutar,

Əyilsəm torpaq yanacaq.

Desəm ki, hər bir yazıçının, şairin yazdığı kitab onun alın yazısını tamamlayır, söz yox ki, yanılmaram. Dostum, sən məhbəs həyatı da yaşamısan. Bu həyatların ən ağrılısı, ən əzab vericisidir. Bir şey ki, günahın olmaya-olmaya qurban gedirsən. Bəlkə də boyuna biçilmiş bu tale səni daha böyük şəxsiyyət etmək üçünmüş. Oğlun Turala yazılmış məktub-şeirləri oxuya bilmirəm. Kövrəlırəm, incinirəm. Məhbəs şeirlərini oxuyanda həyatın nə qədər amansız olduğunu anlayıram. “Bacara bilmədik biz bu dünyaynan“. “Məhbəsin gülləri o qoxunu vermirlər, qızım. O güllər qalın divarların, tikanlı məftillərin arasında doğulmuşlar, onların qoxusu olmaz”.

Mən həbsxana həyatına öyrəşə bilmədim

Çırpındım qəfəsdəki quş tək.

Hər gecə bir şirin yuxu arzuladım,

Gözlədim bayquş tək.

Torağaylar kimi

yuvamda qalan balamı arzuladım.

Gözləri çuxura düşən

anamı arzuladım.

Hə dostum, bu müharibələr bir tərəfdən, digər tərəfdən də öz əyri-üyrülərimiz qoymadılar bizi bu Vətən üçün yaşamağa, yaratmağa. Qoymadılar dahi olmağa. Qoymadılar insan olmağa. Hamımızı adicə adam qalmağa məcbur elədilər. Hamımızın boyu qısıq oldu, böyüyə bilmədik… Amma, yenə də böyüdük. Nə meyvə verə bildiksə, onu verdik. Bu meyvələrin də hamısı ailə kimi, Vətən kimi, torpaq kimi dad verdi. Sənin şeirlərin ailə kimi, Bətən kimi, torpaq kimi dadlıdır.

Dağların dağ vaxtıdır,

Ayın çıraq vaxtıdır…

İndi sınaq vaxtıdır

Bu hələ son deyil ki.

Hə dostum, indi gəminin kursunu dəyişmək istəmirəm. Elə məhbəs şeirlərin ilə davam edirəm. Məhbəsdə olanların azadlıqda olanlardan əslində heç bir fərqi yox. Orda da insanın istisi, soyuğu, içi dolu, içi boş olanı var.

Eynən “Dustaq arzusu” şeirində olduğu kimi. Biri siqaretdə, bir şüşə araqda, balıq kababında maraqlı, digəri üçünsə…

Əmr verilə,

deyələr “zabitlər bağışlanıbdı”.

Hücuma atılam düşmənin üstə,

yeriyəm,yüyürəm,döyüşəm,qardaş,–

deyib də dustağın biri ah çəkdi!…

elə bil ,o an

düşmənin üstünə o silah çəkdi.

“Ömrü bir ovuc dən kimi səpdik çöllərə”. Niyə axı, özümüz də bilmədik. Xətamı etdik, bizi bağışladılarmı, sevdilərmi, sevmədilərmi? Bəlkə, hər şeyin doğru olanı yaşamaq idi. Yaşadıq, yaşamaq-yaşatmaq istədik. Bəli, Sən yaşamaq istədin, dostum. Amma, yaşamaq insanı doyurmur ki, daima ac və möhtac qalırsan sevgiyə, istəyə, arzuya və şeir yazmağa. İndi mən sənin gəmini tərk edirəm, dostum,  gedirəm ömür deyilən yerə. Orda Sənin “altmışın” yelkən doldurur.

Altmışını təbrik edir, yaradıcılığında və həyatında möhtəşəm uğurlar diləyi ilə ayrılıram. Salamat qal!

Hörmətlə: dostun Hümbət Şamiloğlu

 

Share: