Məndən bir dəstə bağla…

Məndən bir dəstə bağla…

…Özünə göndər məni…

Yazının başlığına çıxardığım misra da onundur, elə yazının birinci cümləsi də… Duyğusal şeirlərin, yanğılı bayatıların yaratdığı təəssürat o qədər zəngindir ki, bu zənginliyin əhatəsində yazı yazmaq da şirindir. Sanki yazmaya bilmirsən. Bunlar Mahirə Nağıqızının bir bayatısının, oxucusu olaraq, mənim içimdə yaratdığı assosiasiyadır:

Çəmən kimi sər məni,

Çiçək kimi dər məni.

Məndən bir dəstə bağla,

Özünə göndər məni…

Onun haqqında bəlkə də mənim düşüncələrimə ehtiyac yoxdur. Mahirə Nağıqızı haqqında görkəmli türkoloq alimimiz, professor Minə xanım Təkləli-Nuriyeva bəhs etdi və şeirlərindən nümunələr oxudu. Bir dəfə istedadlı şairə xanım Aynur Qafarlı da Mahirə xanım haqqında, onun yüksək mədəniyyəti, elmi yaradıcılığından və poeziyasından söz açdı, ürək dolusu danışdı. Bu vaxta qədər isə tanınmış elm adamı Mahirə xanım Nağıqızı ilə artıq tanışmışdıq, onunla sosial şəbəkə üzərindən müsahibə də götürmüşdüm, şeirləri, xüsusi ilə bayatıları haqda qısa, lakin çox səmimi fikirlərimi bildirmişdim. Onlayn söhbətimiz artıq müraciətlərimizdə “bacı”, “qardaş” ifadələri ilə bir-birini əvəzləyirdi.

Kimdir Mahirə Nağıqızı? Bu suala onun şeirləri, yaradıcılığı haqqında yazılan, monoqrafiya səviyyəsində olan məqalələr, araşdırmalar birmənalı olaraq cavab verər: O, haqqında həmişə xoş sözlər deyilən, müqəddəs varlıq kimi təqdim olunan, əsərlərinin elmi-fəlsəfi yükü ilə fərqlənən, tələbələri və pedaqoq həmkarları tərəfindən adı rəğbətlə səslənən Azərbaycan xanımı, şairi, alimi, vətəndaşı…

Bayatılarının birində belə misralar var:

Ömürdü axar gedər,

Gözucu baxar gedər…

Həqiqətən də belədir. Ömür bir dağ çayı kimi şıdırğı axıb gedir, bu ömür adlanan çayın kənarında dayanmaqla da zaman dayanmaz, axıb gedər və həyat davam etdikcə bu, belə də təkrar olunar.

Mahirə Nağıqızının “Onun daş nağılı” kitabını özümlə səfər yoldaşı etdim, kitabı oxudum və qeyri-ixtiyarı özümlə götürmədiyim, lakin yaddaşımın əbədi qonağı olan bayatılarını da gözlərimin qarşısına gətirdim, pıçıldadım. Xalqın əzəli, əbədi ruhunda yazılmış, daş kitabələr kimi yaddaşda möhkəmlənən bayatıları dilimin köməyi ilə ağlımdan, ürəyimdən götürüb qulaqlarıma ötürdüm, pıçıldadım.

İllərin o tayında qalan yaşantıların, keçirilən hisslərin poetik ifadəsi, tərənnümü, etirafı, küskünlüyü… hər kəs öz yaşantısını görə bilər bu misralarda…

Və elə həmin “Bayatılar” kitabındakı daha bir ali, ilahi hiss:

Yurd qurub, binə gəzməm,

Evim – ürəyin sənin…

Mahirə xanım nədən yazırsa-yazsın, yazdıqları hansı məzmunda olursa-olsun, orada bir səmimilik var, təmizlik, özgürlük və sədaqət var. Həm də yaşantıların şirin etirafı… Ağrılı günlərdən bəhs etdikdə belə insan o səmimiyyətin içində qələmə alınanları özünün yaşantısı kimi duya bilir.
“Onun daş nağılı” kitabındakı eyni adlı şeir isə sanki mənim düşüncələrimin, eşitdiklərimin poetik təsviridir.

Anasının fədəkarlığından, ağır həyat yolundakı ömür gün yoldaşı ilə birgə atdıqları addımdan bəhs edilən şeirində anamı görürəm:

Bir dəfə taledən gileylənmədi,

Tapdı ocağında, bizdə varlığı.

Yoxluğa sınmadı, yoxa enmədi,

Onu qorxuzmadı daş ağırlığı…

Sən demə bütün analar belə olurmuş, sən demə bütün analar şirinli-acılı həyat yolunu həyatının yoldaşları ilə məhz belə addımlamalı imiş… Şairə xanım dediyi kimi:

Atamla yanaşı daş qaldırardı,

Deyərdi bu daşlar ocaq daşıdı…

Anamın kürəyində tifil uşağı, yanında ətəyindən tutaraq ayağı dolaşa-dolaşa gəzdiyi məndən böyük qardaşlarım çaydan su daşıyıb, bizim böyüdüyümüz ikiotaqlı, geniş aynabəndli, kürsülü evimizin bütün kərpicini tək kəsməyini nəql etməsi gözümün qarşısına gəlir, qulaqlarımı dalayır bu şeirin hər bəndinin, hər misrasının məhrəm gücü:

O daş əlləriynən durub o başdan

Çöllərdə yavanlıq nə tapsa, dərdi.

Bəlkə əllərinin daş olmağından

Utandı, özünə sığal vermədi…

Anamın əlləri qoynunda oğullarının yolunu gözləməsi, çoxdan haqq dünyasında olan atamızın xatirəsini əzizləməsi, balalarının, nəvələrinin uğurlarına sevinməsi, hər bir addımda halallıq gəzməsi və görməsi Mahirə xanımın öz anasına yazdığı bu şeirdə əksini, poetik ifadəsini tapıb:

Dərdini deyəndə qımqımasıynan,

Gözündən bir dəfə yaş asılmadı.

Daşıdı daşları ağırlığıynan,

Amma ürəyindən daş asılmadı…

Ana ürəyindən daş asılmamasının əsas səbəbi təkcə uzun illər ömür-gün yoldaşı ilə çiyin-çiyinə maneələri birlikdə dəf etmək yox, həm də balalarının uğurlarının gətirdiyi sevincin varlığında da ola bilir.

Mahirə xanımın lirik dünyası bayatılarında da yerli-yataqlıdır. Uşaq vaxtlarımdan bayatılar məni həmişə özünə çəkib, ovsunlayıb, kövrəldib, sevindirib, sevdirib. Anamın anası Xədicə nənəmin, atamın anası Gülsabah nənəmin, mənə doğma nənələrim qədər əziz və yaxın olan Atlaz nənənin çəkdiyi bayatılar hələ də mənim qulaqlarımda səslənir, ürəyimdə təkrar olunur, başımda havalanır. Onların bayatılarında nisgil varıydı, ayrılıq varıydı… Hicran doluydu o bayatılar. İtkiləri onları sızladırdı, həyat yoldaşı, doğulub boya-başa çatdıqları yurdun həsrəti və sair…

Mahirə xanımın bayatılarında da bu doğma hissləri, qohum duyğuları görürəm:

Dəniz qırağı sərin,

Meh oynadır tellərin.

Keçib gələ bilmirəm,

Dalğa çox, suyu dərin…

və yaxud

Olma məndən bezar, yar,

Mən sənə laləzar, yar.

Ölsəm, o dünyamda da,

Ruhum səni gəzər yar.

İlahi eşqin tərənnümüdür bu bayatılar. Hisslərin belə poetik ifadəsi isə əsl sənətkarlıq, sözün qədrini və qədərini bilməkdir. Hər kəs indi nümunə göstərəcəyim iki misrada böyük bir sevgini ifadə edə bilməz axı:

Aç, qəlbini sığınım,

Mənim başqa haram var?

Heç kəsə sirr deyil ki, şeir dilin, hissin, duyğunun adi formada deyilməyən bir nümunəsidir. Poeziya müəllifin iç dünyasından çölə – milyonların dünyasına, qəlbinə açılan bir pəncərəsidir – desəm, ifrata varmaram – düşünürəm. Hər kəsin duyduğunu, gördüyünü, eşitdiyini hər kəsdən fərqli olaraq oxucuya ötürmək ilahi bir istedadın, vəhyin məhsuludur. Bu istedad, bu vəhy Mahirə xanımın yaradıcılığını izlədikcə, duyulur, hiss olunur.

Fotoğrafı Aç

İlahi varlığa, yaradana şükranlıq, olacağa, olmuşlara, talenin gətirdiyi qazavü-qədərə səbirlə qane olmaq, dözmək və Tanrı sevgisinə qısılmaq da onun şeirlərində oxucu nəzərindən yayınmır.

Ömrün bütün anları gözəldir, yetər ki bunu duya, dəyərləndirə biləsən.

Dindin, həsrətdimi, xoş vüsaldımı,

Ömrün ismarışı – payız yağışı.

Ömür deyiləndən əsbü-haldımı,

Yağdın nə yaxşı ki, payız yağışı

Ümüdsüzlük, çar-naçar qalmaq, bir növ geri çəkilmək, təslim olmaq onun iç dünyasında, düşüncəsində nəzərə çarpmır, şeirlərində hiss olunmur. Necə ki, şeirin növbəti bəndində bunu görə bilirik:

Yenə şimşək çaxar, ildırım oynar,

Səfər ovqatına yüklənər, nə var.

Uçacaq, içində köçəri quşlar,

Yaşamaq savaşı, payız yağışı.

Payız sözünün assososiyası, səslənməsi həsrətin, ayrılığın, gözləntinin sinonimidir, desək yanılmarıq. Eləcə də payız yağışında bir doğmalıq var, mən bu doğma hissi həyatımda da duymuşam, Mahirə xanımın nümunə göstərdiyim şeirində də gördüm. Demək, insanların duyğularında, müşahidələrində bir yaxınlıq, doğmalıq var:

Ömür – söylənilən qismətdi, baxtdı,

Yazıdı, pozudu, o baxta-baxtdı.

Mahirə yolunu gözlər nə vaxtdı,

Axtarar sirdaşı, payız yağışı.

Heç nə unudulmur, yaddan çıxmır, deyiblər və bu deyim bütün məqamlar üçün yetərlidir, qəbulolunandır. Xatirələr, bu xatirələrin şirinliyi, əlçatmazlığı, yenidən o günləri yaşamaq, o günlərə qayıtmaq, bu günün təcrübəsi, düşüncəsi ilə ötənlərin xəyal olaraq təkrarlanmısı… necə də gözəldir. Yenidən qayıtsam, dünyaya gəlsəm, nə edərdim? Ritoruk sualdır. Amma olanlar, yaşananlar sənə məxsusdur və bu məxsusluqdan imtina heç kəsin ağlına belə gəlməz, xırda təəssüf hissi ola bilər, bu təəssüfə bu günün təcrübəsindən baxılırsa, əslində heç təəssüflənməyə də dəyməz.

Şairə xanım yazır:

Ömür pilləsiymiş hər günü, ayı,

Acısı, şirini – bilinməz sayı.

Qurmaq istədiyim ömür sarayı,

Daşı divarıymış ötən günlərim.

Ötən günlərin şirinliyini xəyalən yaşamaq isə duyğuların ən alisidir. O xatirələrin istiliyinə tərəf boylanmaq, yenilənmək, geri dönmək dünyaya təzədən gəlmək kimi bir yaşam. Dediyimiz o təəssüf, lakin xoş hisslərin əhatəsində, bu günün təcrübəsi, düşüncəsi ilə o günlərə verilən dəyər:

Qəlbim istəyənmiş, öz havasıymış,

Yağış havasıymış, yaz havasıymış,

İçimi oynadan saz havasıymış,

Sevda yuvasıymış ötən günlərim.

Haqqında bəhs etdiyim şeiri oxuduqca lirik qəhrəmanımızın heç də təəsüflənmədiyinin də şahidi oluruq. Demək ötən günlər heç də başqa bir anlamda təəssüfləndirici deyil. Əslində kitabda “Ötən günlərim” adı ilə yer alan bu şeir bir xatirə toplusudur və bu xatirə toplusu, hər kəsi özünün ötən günlərinə qaytarır:

Ömür təsəllidir, bu dünya puçdu,

İllər vəfasızdır – quş kimi uçdu.

İnanma, Mahirə, kim desə suçdu,

Həyat savaşıymış ötən günlərim!

Ötənlərə qayıtmaq, arxada qalan illərin doğmalarına çatmaq, yaşananları bir də yaşamaq, nostalji hisslər, xanım əfəndimizin ifadəsində hər kəsin duyğularının, xəyallarının gerçəkləşməsi ola bilir. Bayatılarından birində dediyi kimi:

Arzular çin-çin olar,

Yığsam bir əlçim olar.

Yanına getmək üçün

Ruhum göyərçin olar.

Mahirə Nağıqızı ruh adamıdır. Şeirləri ilə ruhumuzu oyada bilir, ruhumuza, düşüncımizə sığal verə bilir. Ona yaradıcılıq uğurları arzulayıram, sağlam olsun, yazsın, yaratsın, oxucuları bol olsun. Və mən əminəm ki, şeirlərindəki misraları arasında çırpınan bu ürəyin, düşüncənin, ifadə tərzinin müəllifi olan xanım əfəndimiz, gözəl şairimiz oxucu sevgisinin əhatəsindədir və özünü çox gümrah hiss edir.

…Beləcə… ONUN DAŞ NAĞILIndan süzülüb gələnlərdən kimlər bəhrələnmir ki… Auditoriyada gələcəyin filoloqu olacaq yüzlərlə tələbələr, şeirləri, bayatıları ilə ruhən qidalanan sayı-hesabı bilinməyən oxucuları və bu yazının müəllifi…

Faiq Balabəyli

Share: