Kitabın cildinin içindəkilərə dəxli olmadığı kimi,
insanın xarici görkəminin daxili aləmi ilə heç bir
bağlılığı ola bilməz! (Müəllif)
…Yaradıcı adam hansı yaşda olursa olsun, öz imzasını mətbuat səhifələrində və ya nəşriyyat müəssisələrində çap olunan kitabının cildində görəndə daxilində sevinc hissi keçirir. Lap əvvəllər mən bu sevinc hissini doğum evində övladının dünyaya gəlişini yaxınları ilə toy-bayram kimi qeyd edən valideynin sevinciylə eyniləşdirərdim...
Düzdür, indiki “imza” sevinci sovet dönəmində radiodan, televiziyadan, qəzet və jurnallardan qələm haqqı (qonarar) aldığımız “bəxtəvər” vaxtların İMZA sevincinə əsla bənzəmir. Hətta o vaxtlar kitabı çıxan yazıçılar raykom katiblərinin illik maaşından çox qələm haqqı alardılar. Amma hər necə olsa da öz imzası ilə tanınmaq yaxşı şeydir. Əbəs yerə imzaya mübarək demirlər ki… Bizim müasirlərimiz hələ üstəlik təntənəli “İmza günü” də keçirirlər.
Fəqət imzaların da doğması, yadı olur. Qürbətə gedəni, didərgin düşəni, şəhid olanı, hətta düşmən dəyirmanına su tökəni də olur. Bəli, söhbət imzasına heyran olduğumuz müasirlərimizdən gedirsə, onu da qeyd edim ki, çoxumuz onların özündən qabaq imzalarını tanımışıq… Və istər-istəməz qalın-qalın kitabların üz qabığında , uzun-uzun serialların titirlərində gördüyümüz o imza sahiblərinin bir az saflığına, bir az da dürüstlüyünə inanmışıq. Hətta uzaqdan-uzağa olsa da bəziləri oxucunun və ya tamaşaçının gözündə mələyə də dönür… Axı onlar öz əsərlərində qəhrəmanlarının dili ilə haqdan -ədalətdən dəm vurur, mərdlikdən, mətanətdən söz açırlar.
Kim bilir, bəlkə də şair və yazıçıların SAF, vicdanlı insan olmasına inam və etibar dünyanın düz vaxtında bizim “nəsli” pioner, komsomol kimi tərbiyə edən cəmiyyətin vahid ideologiyasından irəli gəlir? O zamna qələm sahibinin bir tənqidi yazısına görə dövlət məmurları partiya bürolarında, plenumlarında müzakirəyə çıxarılardı, bəzən məqalədə göstərilən faktlara görə töhmət alanlar, işdən çıxarılanlar, hətta barəsində cinayət işi açılanlar da olurdu. Bilmirəm, hərdən mənə elə gəlir ki, dünyanın heç düz vaxtı olmayıb…
Qısısı, səksəninci illərdə ilk dəfə kitab nəşr etdirmək arzumun daşa dəyməsinə səbəb imzasını tanıdığım GÖZƏL və özəl bir qələm sahibi oldu… Müstəqilliyimizin bərpasının ikinci ili isə özəl naşriyyatlardan birininin ixtisasca jurnalist olan direktoru məndən köçürmə yolu ilə aldığı pulu çırpırşdırdıb “aradan” çıxdı . Yalnız dünyasını dəyişəndə fırıldaqçılıq yolu “yeyib, üstündən su içdiyi” pulu rəhmətliyə halal elədim. Güya bundan başqa yolum var idi ki?!
Düşünürdüm aldana-aldana “təcrübə” qazanmışam. Daha heç bir yaradıcı adam, imzasına hörmət etdiym qələm sahibi məni aldada bilməz!
Lakin cəmiyyətimizdə göbələk kimi artıb-çoxalan fırıldaqçılıq “peşəsi” haqqdan-ədalətdən yazan qələm sahiblərinə də sirayət eləmişdi. Burada filosof dostum Rahir Uluselin bir aforizmi yadıma düşdü . “ABŞ dolları üstünə yazılıb: “ IN QOD WE TRUST” ( “BİZ ALLAHA İNANIRIQ”) Amma gərək belə yazaydılar: “BİZ ALLAHA İNANIR, LAKİN ŞEYTANA XİDMƏT EDİRİK”
İndiki zamanda puldakı “Şeytan işığı” çoxlarını özünə hayıl-mayıl edib. Sadə vətəndaşların aldadıb fırıldaçılıqla pul qazananların bir çoxunun ifşa olunması ilə bağlı faktları ekrandan-efirdən çox eşitmişik. Bu sahənin peşəkarları qarşı tərəfi inandırmaq üçün imzaladıqları müqavilə sənədlərini səliqə ilə tərtib edib, ona yaxşıca möhür də vururlar.
Yaşımın bu çağında məni yekə QƏLƏM sahibinə aldadacağını heç ağlımın ucundan da keçirmirdim. Üstəlik özümlə yanaşı mötəbər bir adamı da inandırdım ki, “əşi, bu İMZA sahibi nə adına, nə də soyadına kölgə salar! Özü də PUL onun üçün ikinci dərəcəlidir. Sizin bircə xeyir-duanız kifayət edər ki, “öz işinə” başlasın…”
Axı necə də inanmayaydım və inandırmayaydım ? Adam Polad Ələmdarın Koroğlu boyda tərəf müqabillərindən birini gətirib səninlə tanış edə, masanın üzərinə 11 səhifəlik “Çoxseriyalı bədii televiziya filminin layihəsi”ni qoya, sonra həmin serialın yaradıcı heyətinin şərəfinə verilən böyük ziyafətə dəvət olunasan və üstəlik filmin 5-10 dəqiqəlik reklam çarxına baxasan … və s. və i. kimi faktlar ortada var ikən necə də inanmayasan?
Düzü, mənəvi, “xeyir-duasını” aldığı adama maddi zərər vuran YEKƏ imza sahibi də görkəmindən Koroğluya oxşayırdı. İntəhası Koroğlu xalqa əziyyət verən paşalara-xanlara divan tutmaq amacıyla Qıratına minərdi… İmzasına inandığım QƏLƏM sahibi isə ağsaqqal dediyi ADAMdan pul qoparmaq xatirinə tamah atına minmişdi . İndi hərdən dost kimi qələmə verdiyim o imza sahibini həmin ağsaqqal məndən yarı istehza, yarı ciddi: “Dostun neynir?” deyə xəbər alır…
Təzə-təzə ürəyimə qara-qura fikirlər də gəlirdi, düşünürdüm ki, bəlkə ağsaqqal bu “dost” kəlməsiylə eyham vurur ki, o pul məsələsində mənim də barmağım olub? Yox! Əsla, elə düşünməz deyə özümə təsəlli versəm də 60 yaşında imzasına hörmət etdiyim biri tərəfindən aldanmağın hələ də peşmançılığını çəkirəm! Özümü dönə-dönə qınamağım bir yana , PUL qazanmaq xatirə məni aldadan adamı hər gün ekrandan-efirdə görmək, qəzet və jurnalda imzasına rast gəlmək ruhumu PİŞİK kimi çırmaqlayır..
Bəlkə də sivil dövlətlərdə belə adamları cəzalandırmaq asandır. Amma bizdə adamı qınayırlar… “O sənə pislik eləmişdi, gərək sən yaxşılıqdan əl çəkməyəydin…”
Əvvəllər elə sanırdım ki, məni aldadan qələm sahibi Qisas imzasını düşməndən qisas almaq üçün götürüb. Sən demə mənim kimi dost dediyi çox adamı aldadıb. Hətta belə işlərinə görə bir-iki dəfə də mühakimə də olunub!
Kitabın cildinin içindəkilərə dəxli olmadığı kimi, insanın xarici görkəminin daxili aləmi ilə heç bir bağlılığı ola bilməz!
Hərdən düşünürəm görəsən niyə bizim xalq Xirosimasına, Naqasakisinə atom boması düşən yoponlar qədər uzunömürlü olmur. Axı Azərbaycanın nə Bakısına, nə də Sumqayıtına (iraq olsun) bomba düşməyib. Demək, ömür qayçılayan fırıldaqçı adamlar atam bombasından da təhlükəlidir.
P.S. Deyə bilərsiz ki, niyə ad çəkmirsən, çəksəm nə dəyişəcək ki?! Bir də ki, onsuz da saxtakarlıq bu və ya digər şəkildə hər tərəfdə tüğyan edir…