Məni bağışla, ana! – Aləm KƏNGƏRLİ

Uşaq ikən yıxılanda deyərdin ki, ağlayıb, ürəyimi dağlama, kişi də heç ağlayarmı?!

Mən o vaxtdan, ağlayanda yalnız içimə ağladım.

Göz yaşlarımı çarmıxa çəkib, yaşamağa qoymadım! Hönkürtümü uddum ki, canın sızlamasln, ana!

Amma bu gün… Amma bu gün fəryadım yadları da ağlatdı!

Məndən incimə, ana, göz yaşlarıma gücüm çatmadı.

Yemək yeməyəndə küsərdin ki, adam da anasının sözündən çıxarmı?

Bu gün heç nə keçmədi boğazımdan, məndən küsmə, nə olar!

Üstümdə əsib, can deməkdən, canını qurban deməkdən usanmadın.

Payız gələndə deyərdiin ki, əynini qalın eylə, fikrim yanında qalmasın.

Bəs, bu sazaqlı havada, bu əyin-başla hara gedirsən, ana?!

Sənə soyuq olmazmı?
Olmaya, atam üçün darıxmısan?

Yalvardım ki, məni qoyub getmə!

Deyirdin ki, sənsiz qala bilmərəm, bəs, niyə getdin, ana?

Axı, heç vaxt sözümdən çıxmazdın.

Ürəyin sıxılmasın deyə, həmişə səliqə-sahmanlı olardım.

Bu gün üst-başım torpaqlı – üzüm qara idi yanında.

Səni ala bilmədim Əzrailin əlindən.
Məni bağışla, ana!

Share: