Məni “qandırma” cəhdi? Adamın üzünə tüpürərlər… – Sabir RÜSTƏMXANLI yazır

Məni “qandırma” cəhdi? Adamın üzünə tüpürərlər… – Sabir RÜSTƏMXANLI yazır

Şahpur Qasımi adlı müəllif köhnə hüquqşünas dostumuz Məmmədxan Əzizxanlının səhifəsində “Qandırma!” rubrikası altında “Xalq şairi xalqı hansı faciələrə sürükləyir” adlı yazı paylaşıb və məqalə boyu sərsəm yozumlarla mənim adıma və fəaliyyətimə kölgə salmağa cəhd göstərir. O, “Türküstan” qəzetinin 20 iyun-4 iyul 2020-ci il tarixli sayında (3 il öncə) dərc olunmuş müsahibəmin ruhunu öz səviyyəsində dərk edərək, belə bir iddia irəli sürür ki, haqqında söhbət gedən yazıda mən xalqımızı başqa dövlətlərə yem olmağa və dini fanatizmə sürükləmək istəyirəm. Xalq arasında məşhur olan “ölü toyuğun gülməyi gəlir” məsəli burda yerinə düşür.

 

Bu böhtanın mahiyyəti aydın olsun deyə, Şapur Qasıminin yazısından bir neçə sitat gətirməyə məcburam. O, yazır:

“S.Rüstəmxanlının müsahibəsini mahiyyət etibarilə iki hissəyə bölmək olar. Birinci hissədə o, İranın Cənubi Azərbaycandakı soydaşlarımızın milli hüquqlarının tapdalanmasını, Şimali Azərbaycan Respublikasına dost olmayan münasibət sərgilədiyini, yumşaq tərzdə olsa da dilə gətirir.

Müsahibənin ikinci hissəsində isə İranın Şimallı-Cənublu Azərbaycan türkləri və bu günə müstəqil dövlət olmaqla Bütöv Azərbaycanın azadlığının təminatçısı, ümid yeri olan Şimali Azərbaycandakı dövlətçiliyimizin məhv edilməsinə yönəltdiyi və dövlətimiz, millətimiz üçün düşmənin ən real, təhlükə olan ideoloji silahını ölkədə genişləndirməyi və gücləndirməyi, bununla da ermənidən də hiyləgər, qatı, heç vaxt barışması mümkün olmayan şovinist fars faşizminin Azərbaycanın milli azadlığa qovuşmuş türklərini də əsarət altına almaq arzu, niyyət və səylərinin gerçəkləşdirilməsinə zəruri olan şəraiti bizim öz əlimizlə yaratmağımızı təklif edir. Buna görə də bütövlükdə müsahibənin mahiyyətini ancaq sol əli ilə öz ovunu sığallayıb yuxuya verərək, sağ əli ilə onun ürəyinə neştər saplamaq cəhdi ilə müqayisə etmək olar”.

Yaxşı ki, Şapur mənim “yumşaq tərzdə” söylədiyim fikirlərin üstündən səs-səmirsiz keçmir və yazır:

“Müsahibənin əvvəlində S.Rüstəmxanlı fikrini bir qədər yumşaq ifadə etsə də, Rusiya və İranın Azərbaycana olan münasibətlərinin heç də dost məzmunlu olmadığını, xüsusilə İranın həm Azərbaycan Respublikasına, həm də İranda olan türklərə qarşı düşmən münasibəti sərgiləməsini obyektiv olaraq qısa şəkildə təsvir edir. Hətta İranda təhsil almış Azərbaycan vətəndaşlarının vasitəsilə İranın gizli, aşkar təxribatla məşğul olaraq, onu genişləndirməyə çalışdığını da dilə gətirir və bunun bizim üçün ciddi təhlükə olduğunu da qeyd edir”.

Elə bilirəm ki, mənim “qısa və yumşaq tərzdə” olsa da, dediyim bu sözlər və müsahibədəki digər fikirlərim İranın Azərbaycana münasibətinin bütün mahiyyəyini açıb göstərir. Mən bir qəzet müsahibəsində bundan artıq danışmağa ehtiyac görməmişəm. Əgər bu, Şapura qısa və yumşaq görünürsə, onda qoy mənim ömrüm boyu Güney mövzusunda yazdığım şeirləri, “Bütövlük”, “Didərginlər”, “Hər kəs günəşi sevsə”, “Azərbaycan irticası”, “Səməd Behrəngi əfsanəsi”, “Vətənsiz”, “Bir əlin azadlığı”, “Atəş böcəyi” poemalarımı, “Bütövlük həsrəti”, Bütövlük eşqi”, “Vətəndaşlığın əlifbası” kitablarımı, nəhayət, İranin Ali Rəhbəri Seyid Əli Xameneiyə açıq məktubumu oxusun, din dəllallarının haqqımda çıxardıqlqrı ölüm hökmünü xatırlasın…

Mərhum xalq şairimiz Söhrab Tahir mənə zarafatla deyirdi: ”Biz Güneyli olsaq da, sən Güney haqqında bizdən çox yazırsan!”

Əgər Şapur Qasımi bunlardan xəbərsizdirsə, o zaman ağzını açıb mənim İran fanatizminə, oradakı milyonlarla türkün taleyinə, dinin fars şovinist siyasətinin alətinə çevirməsi məsələsinə münasibətim haqqında bircə kəlmə söz deməyə mənəvi haqqı yoxdur. Özünə hörmət edən adam telefonla alınan bir qəzet müsahibəsindən nəticə çıxarıb bütün gəncliyini Azərbaycanın dövlət müstəqilliyinin bərpasına sərf etmiş, Müstəqillik Aktında imzası olan adama böhtan deyib, onu guya, qonşu dövlətə boyun əyməkdə və ya qurduğu dövləti qonşu ölkənin yemi etmək istəyində və hətta “xalq düşməni” olmaqda suçlaya bilməz. Müasir hüquq müəllifin boğazından yapışıb sübut tələb edər.

Şapur Qasıminin fikrincə, guya mən müsahibəmin ikinci hissəsində “Azərbaycanın milli azadlığa qovuşmuş türklərini də əsarət altına almaq arzu, niyyət və səylərinin gerçəkləşdirilməsinə zəruri olan şəraitin” yaradılmasını təklif edirəm. Bizdə belə ağ yalan danışanlara “bala, get ağlına dua yazdır!” deyirlər.

Məsələnin mahiyyəti nədir?

Əgər, oxucularımız unutmayıblarsa, bu müsahibənin dərc olunduğu dövrdə Azərbaycan Respublikası İran tərəfindən ittiham olunurdu ki, guya, burda din və dindarlar sıxışdırılır, məscidlər bağlanır, Allahı tanımırlar və s. Bu böhtanı o ölkə atırdı ki, 30 il ərzində işğalçı Ermənistanla bərabər Qarabağda məscidlərimizin daşını daş üstə qoymamışdı. Mən bu məsələyə münasibət bildirərək demişdim ki, Azərbaycan dünyəvi dövlətdir, dinə qarışmır, bununla belə, dövlət-din münasibətləri yüksək səviyyədədir, köhnə məscidlər bərpa edilir, yeniləri tikilir, dövlət başçısı bu məsələyə həssaslıqla yanaşır. Dinin müdaxilə etmədiyi müstəqil dövlət siyasətimiz var.

Mənim bu izahatım Şapuru qəzəbləndirir, bunu İran qarşısında özünə bəraət qazandırmaq istəyi, yəni mənim zəifliyim kimi dərk edir və məscidlərin bərpasını, tikintisini dövlətin səhv addımı kimi, xalqı cəhalətə sürükləmək və orta əsrlərin qaranlığına qərq etmək kimi yozur…

Din və cəmiyyət məsələləri mürəkkəb mövzudur. Bu məsələdə Şapurun naratlığını başa düşürəm, lakin mənim mövqeyim tam aydındır və illər uzunu bu barədə dəfələrlə yazmışam və inanıram ki, cənub qonşumuzun cidd-cəhdlərinə baxmayaraq, Azərbaycan Respublikasında dini dövlət yaratmaq planları həmişə boş xəyal olaraq qalacaqdır.

Şahpur Qasımi iddia edir ki, niyə dövlət dinin qayğısına qalmalı, niyə məscid tikintisi ilə məşğul olmalıdır? Nəzərə almaq lazımdır ki, 30-cu illərdə məscidlərimizi və din donu geyindirilən tarixi abidələrimizi Sovet dövləti partladıb, dağıdıb yer üzündən silmişdi. Bu düşmənçilik dövlətin əli ilə görülmüşdü. Azərbaycan müstəqil olandan sonra bu yaraları sağaltmağa çalışırsa, bu, dövlətin dini işlərə müdaxiləsi deyil, xalqın heysiyyətinə vurulmuş yaraların sarınması, mənəvi dəyərlərinin qorunmasıdır.

Bu gün Qarabağda erməni işğalçılarının dağıtdığı məscidləri o yerlərdə hələ ki məskunlaşa bilməyən dini icmalar necə bərpa edə bilərlər? Ermənistan dövlətinin dağıtdığını Azərbaycan dövləti və ictimai qurumlar, Heydər Əliyev Fondu bərpa edir. Bunu qanmaq üçün böyük ağıl tələb olunmur.

İşğal olunmuş yerlərdə məscidlər və ziyarətgahlar bizim o yerlərdəki tarixi varlığımızı təsdiq edən möhürlər idi. Yəqin Şapur bu abidələri bərpa etməməyi təklif edərkən o yerlərə sahib çıxmaq istəyən ermənilərin dəyirmanına su tökdüyünü anlamır…

Bu sətirləri yazarkən Moskva televiziyasında dünya memarlığı haqqında ABŞ kino ustalarının çəkdiyi çox maraqlı bir veriliş gedirdi. Yer üzündə keçmişdən bu günə yaradılmış memarlıq şedevrləri nümayiş etdirilirdi və sevinirdim ki, Hindistandan başlamış Mərakeşə, İspaniyaya qədər böyük bir coğrafiyada tikilmiş biri-birindən gözəl müsəlman məscidləri haqqında söhbət verilişin təxminən yüzdə səksənini təşkil edirdi. Bu məscidlərin demək olar ki, hamısını quran, ucaldan məhşur türk-islam imperatorluqları və dövlətləri olmuşdur. Ona görə də mənim Azərbaycan dövlətinin İranın iddialarının əksinə olaraq, dini ocaqlara qayğısını vurğulamağım İran qarşısında boyun əymək deyil, öz dövlətinin apardığı və heç bir düşmən ölkəyə əl yeri qoymayan siyasətdən doğan qürur hissidir. Məgər, mənim “Azərbaycan dünyəvi dövlətdir, burada dinin özü yeri var, amma din siyasətə qarışmalı deyil. Dövlət siyasəti ayrıdır. Din pərdəsi altında ciddi fars şovinist siyasətinin aparmasına yol vermək olmaz!” deməyimdə özünə haqq qazandırmaq meyli var?

Şapur Qasımi Bibiheybətdə qədim məscidin və digər müqəddəs yerlərin bərpasını, dövlətin bu işə pul xərcləməsini cinayət sayır; mən saymıram, çünki həmin yerlərə təkcə din ocaqları kimi baxmıram, Allah sevgisi ilə tikilmiş böyük mədəniyyət abidələri, xalqın yaradıcı qüdrətini göstərən sənət əsərləri kimi baxıram.

Müəllifi qəzəbləndirən odur ki, mən “Azərbaycanda Allaha qarşı kim çıxa, onu inkar edə bilər? Onlar guya, Allahın müdafiəçiləridir, Allahı müdafiə etməyə çıxıblar. Azərbaycanda Allahı müdafiə etməyə ehtiyac yoxdur. Bunlar təxribatdır, həm də ciddi təhlükədir” demişəm.

Mənim bu sözlərimi günahkar mövqeyindən deyilən sözlər sayan Şapur Qasımi bundan sonra uzun-uzadı mənasız mülahizələrlə Allahın yoxluğunu, mifik bir obraz olmasını sübuta çalışır və belə bir nəticəyə gəlir ki, Azərbaycanda əhalinin böyük bir hissəsi dinsizdir və Allaha inanmır. O yazır:

“Əlbəttə ki, bu aksiyalar, təxribat və ciddi təhlükədir. O ki qaldı Azərbaycanda Allahı inkar edənlərin olub-olmamasına, ölkədə beyni, şüuru dini cəfəngiyyatlarla zəhərlənməmiş insanlar yetərincədir və Allahın mövcud olması, Allah anlayışının yarandığı min illər boyunca heç bir vasitə ilə sübut olunmamış, min illər öncə yaşamış ibtidai insanların primitiv zəkası, şüuru ilə yaratdığı mifik bir obrazı və bu obrazın həqiqət olduğuna başqalarını inandırmaq üçün onun ətrafında elə allah obrazı kimi yaradılmış mifik məlaikələr, cin, şeytan və s. obrazları hamı qəbul etməlidirmi?”

Mənim müsahibəmdə “məlaikələri, cin və şeytanları” qəbul etdirməkdən söhbət getmir. Mən deyirəm ki, heç kim Allahın vəkili deyil və kimsə bizə Allah sevgisindən dərs verə bilməz.

Allaha inanıb-inanmaq hər kəsin vicdan işidir. Lakin mən yuxarıdakı cümlələri özümə bəraət qazandırmaq üçün yox, ölkəmizə atılan “onlar allahsızdırlar, dini inkar edirlər” böhtanlarına cavab olaraq demişəm. Mən Şahpur Qasımi kimi Allahın varlığı-yoxluğu mövzusuna girmirəm; bəşəriyyətin min illər boyu çözə bilmədiyi məsələlərlə məşğul olmaq niyyətim yoxdur. Mən ədəbiyyatşünas və millətşünasam, allahşünas deyiləm. Şahpur Qasımi tarixə müraciətlə çoxallahlıqdan üzü bəri, Allah ideyasının keçdiyi yollara nəzərə salaraq sübut etməyə çalışır ki, Allaha inanmaq cəhalətdir.

Mən insana və insanlıq tarixinə sayqıyla yanaşıram və hesab edirəm ki, min illər boyu insanlığın yaşatdığı, inandığı “obraz” hətta mifikdirsə belə, insanlıq ona inanmaq və sığınmaqdan başqa yol tapmırsa, buna anlayışla yanaşmaq lazımdır.

Şahpur Qasımidən də əvvəl dünyanın nəhəng alimlərinin bir çoxu Allah haqqında düşünüblər. Allahı inkar edən dahilər də çox olub. Hətta SSRİ kimi bir dövlət keçən əsrin 20-ci illərində arası kəsilməyən bir allahsızlıq ideologiyası da yayıb. Lakin insan ürəyindən Allahı çıxara bilməyiblər. Ağlı olan adamın bu reallıqla barışmaqdan başqa yolu qalmır. Allahın varlığını və yoxluğunu müzakirə mövzusuna çevirmək gülünc işdir. Biz insana və onun ruh aləminə, keçdiyi yola sayğıyla yanaşırıq və onun inancının, hafizəsinin Şahpur Qasimilərinin təbliğatı ilə silinib gedəcəyinə sadəlövhlük deməkdən başqa yolumuz qalmır. Əgər bu gün vəhşiləşən və taleyini getdikcə süni intellektə tapşıran dünyada Allah sevgisi şərin, düşkünlüyün, mənəviyyatsızlığın, savaşın, qanın qarşısını almaqda insanlara azacıq da kömək edə bilirsə, onunla mübarizə aparmaq mənasızdır. Bu, insanlığın tarixinə və inkişaf məntiqinə sayğısızlıqdır.

Mənim bu sadə məntiqim ortadaykən Şapur Qasımi öz yazısında tərbiyəsiz notları gücləndirir və yazır:

“Millət vəkilinin heç bir əsası olmayan yalan vasitəsilə Azərbaycan dövlətinə təpki göstərmək istəyən İran mollalarına əsaslı elmi arqumentlərlə cavab verərək, onları susdurmaq əvəzinə onların yalanına yalan ilə, yəni, – “Azərbaycanda Allaha qarşı heç kim çıxa bilməz, heç kim Allahı inkar edə bilməz” – kimi sərsəm yalanla cavab verməsi fars şovinizmi və onun nökərlərinin daha da ayaqlanmasına səbəb olur”.

Məncə, ən sərsəm və ağılsız fikir Şapur Qasıminin mənim bu fikrimin İranda fars şovinizmini ayaqlandırmasına səbəb olacağı uydurmasıdır. Bunun ardınca Şapur özünün şəxsən Allahı tanımadığını bəyan etməklə (bu, onun şəxsi işidir) böyük bir əminliklə yalan dəryasına baş vurur və əminliklə deyir ki, “şəxsən mən və milyonlarla Azərbaycan vətəndaşı yalanlar üzərində qurulub, ərəb, fars milli şovinizm hədəflərinə qulluq edən dini dəyərlər və personajlarını (Allahı, peyğəmbəri – S.R.) heç vaxt qəbul etməmişik”. Bunu deyərkən qorxmur ki, bu “milyonlarla Azərbaycan vətəndaşı” onların əvəzinə belə məsuliyyətsiz hökm verənin üzünə tüpürər…

Mənim bir hədəfim var: bu da millətimin inkişafı, sivil dövlətimizdə haqq və ədalətin tam bərqərar olması, millətin maraqlarının qorunmasıdır. Bu işdə hansı vasitə və inanclar yardımçı ola bilirsə, onu da qorumaq istəyirəm.

Şapur Qasıminin məqaləsi genişdir, orda İranda və İslam aləmindəki mövcud vəziyyət, yalançı din xadimlərinin xalqı üzləşdirdikləri fəlakətlər, elmin inkişafı və məsələlərə elmi yanaşmanın zəruriliyi, siyasiləşmiş dinin millətləri əzmək vasitəsinə çevrilməsi barədə haqlı mülahizə və təhlillər də var, lakin bunu mənim konkret məqsəd daşıyan, qısa müsahibəmə yamaq etmək onun xoş niyyətindən yox, qərəzkarlığından xəbər verir. O yazır: “Çünki məntiq və tarix, həm də bugünkü faktlar, milli şüuru din zülmətinə boyayanda millət vəkili – millət düşməni, xalq şairi anlayışı isə xalq düşməni anlayışına çevrildiyini çox aydın, amansız inkaredilməz faktlarla hamıya sübut edir”.

Mənim xalq düşməninə çevrilməyimin səbəbi isə onun fikrincə, “Azərbaycanda dini təhsili genişləndirmək“ təklifim imiş… Şapur ya mənim fikrimi anlamayıb, ya da özünü anlamazlığa vurur. Mən həmişə bu fikirdə olmuşam ki, biz gənclərimizi dini təhsil almaq üçün Misirə, İraqa, İrana və s. islam ölkələrinə göndərməməliyik. Çünki hər ölkə dini təhsil adına gənclərin beynini öz siyasət və ideologiyası ilə zəhərləyir. Dini təhsil özümüzdə təşkil olunmalıdır. Bu o demək deyil ki, biz dünyəvi təhsildən, elmdən imtina edib bütövlüklə dini fanatizmə qapılmalı, orta əsrlər cəhalətinə qayıtmalıyıq. Əksinə, biz dini təhsilin öz xalqımızın maraqları çərçivəsində aparılmasını istəyirik. Əgər dinə düzgün yanaşılsa, o, bir sıra Xristian ölkələrində olduğu kimi fanatizmə yox, milli şüurun inkişafına (Ermənistandakı qriqorianlığı yada salaq), dölətin möhkəmlənməsi və milli birliyə xidmət edər. Sən öz uşaqlarının Qumda oxumasına niyə icazə verirsən ki, sonra da onlarla mübarizə aparmalı olasan? Belə olsa, Azərbaycana müxtəlif ölkələrdən din xadimi adına missioner axını dayanar və ölkə içində həyatımızın bu sahəsi tənzimlənər. Mənim bu təklifim, Şapur Qasıminin dediyi kimi, Azərbaycanda fars şovinizminin və İranın təsirinin artmasına yox, əksinə, bu təsirin qarışısının alınmasına xidmət edir və məncə, bundan sonra belə də olacaq…

Mən orta məktəblərdə din fənninin yox, “Mənəviyyat” fənninin öyrədilməsinin tərəfdarıyam. Özbəkistanda bu təcrübə var. Yüksək mənəviyyatlı gənclərin dini təmayüllərə və cəhalətə uymaq qorxusu yoxdur.

Şapur Qasıminin fikri ölkədə ümumiyyətlə, dinin kökünün kəsilməsi və din xadimlərinə ehtiyacın qalmamasıdır. Bilmirəm, bəlkə də nə vaxtsa Allah Şapuru bu arzusuna çatdıracaq, lakin indilikdə bu, boş xəyaldan başqa bir şey deyildir. Şapur Qasıminin Allahı, dini, peyğəmbəri inkarı özünü inkardan və bu hoqqabazlıqlarla özünü gülünc vəziyyətə salmaqdan başqa bir nəticə verməyəcək…

Sonda onu da deyim ki, Məmmədxan Əzizxanlının səhifəsindəki “Qandırma” rubrikası öz-özlüyündə həm haqqında söhbət gedən müəlliflərə, həm də oxuculara hörmətsizlikdir. Hər hansı müəllifin və ya səhifənin bizləri və ya oxucuları “qandırmaq” cəhdi öz-özlüyündə qanmazlığın göstəricisi sayılmalıdır. Şapur Qasıminin məqaləsi də bunun bir nümunəsidir…

 

Share: