Mənim ətrafımda qeybət olmaz, olsa belə ayaq tutar, yeriməz – Məlahət YUSİFQIZI

Məlahət Yusifqızı imzasını az adam olar ki tanımasın. Ədəbiyyatımızda da, dostların yanında da özünəməxsusluğu ilə tanınır və sevilir. Ona həmişə hörmətlə yanaşıblar, elə yaradıcılığına da. Xarakteri necə var eləcə köçürülüb şeirlərinə. Özündən bir addım da kənar durmur, nə yazıbsa, nədən yazıbsa içini, özünü yazıb. Onun misralarından riya, özünəvurğunluq, sünü ifadələr boy vermız. Nə varsa təbiidir. Əminliklə demək olar ki, onu tanıyan oxucular həm də buna görə onu sevir və davamlı olaraq oxuyurlar.

Bu günlərdə yaşının üstünə bir yaş da gəldi. İmkan tapıb görüşdüm, çoxdan idi həmsöhbət də olmurduq:
– Salam, Məlahət xanım, necəsən  deyib də kefini, səhhətini soruşdum
Salam  üzündən heç vaxt əskik olmayan təbəssümlə aldı:
– Yaxşı olasan. O barədə, yəni necə olmaq barədə düşünməyə vaxt var?! Necə olsam da, işimlə məşğulalam. Yaxşı da olur, pis də.
Xanımlar yaşlarını gizlətməyi sevər düşüncəsi ilə arxada qalan doğum gününü  gününü xatırlatdım:
 
-Yavaş-yavaş yaşının üstünə yaş qoya-qoya cavanlaşırsan ha, bunun bir sirri zadı var?
Sən demə yanılmışam, Məlahətin elə bir kaprizi heç yoxdur:
– Elədirsə yəqin ölümə cavanlaşıram. Yəni məsafə qısalır. Cavan qalmaq deyil, cavan görünməyin çox sirləri var. Təbii və süni. Sünilər mənlik deyil, təbiilərə da çox həvəsli deyiləm. Amma xeyli üsulları var ki, bilirəm. Məsələn, sən yaşam tərzini düzgün qurmamısan. Yaşından xeyli düşkünsən.
– Sənin şeirlərində çığırtı az olsa da, heç bədgümanlıq da az deyil, düzdür ötən şeirlərində buna çox təsadüf olunurdu, amma indi deyəsən yox.
– Şeirdə insana xas olan hər nəsnə olmalıdı. Çığırtı da, çağırış da… yəni mühit bütövlükdə və olduğu kimi.
 
“Alınmaz qaladı Şuşa!”
Alındı axı!
Alınan qalaya dönüb,
çalındı axı!
Qəzəbim çox, əllərim boş, yalındı axı!
Yaddaşım üstdən xırman, yol salındı axı!
 
Mənə nağıl danışmayın, kişilər!
Hanı qələbə deyilən dəlil?!
Düşmən çaldı, apardı.
Haqqınız yoxdu danışmağa, yoxdu haqqınız.
Varsa, buyurun, haqqınızdan danışın!
Mənə nağıl danışmayın, kişilər!
 
-Səni, özünün ətrafında bir dəstə şair -oxucun var ki, tədbirlərində tək qoymur. Onlarla dağı dağ üstə qoymaq olar, yoxsa əksəriyyət qadındır deyə, qeybətə daha çox yer verilir?
-Mənim ətrafımda qeybət olmaz, olsa belə ayaq tutar, yeriməz. Mən hər kəsə sözü üzə deməyi öyrədirəm. Arxadan danışmağa ehtiyac qalmır. “Sənə yanlış məlumat veriblər.” O ki, qaldı ətrafımdakı şair və yazıçılara. Güclülər də, ortabablar da var. Ən başlıcası sədaqətli, səmimi, illərin sınağından çıxmışlardı, xeyir-şərimizin ortaqları olan insanlardı.
– Keçək əsas məsələyə, bura qədər zarafat etdik, de, necədir yaradıcılığın, bu günlərdə nələr yazdın?
– Əslində söhbətimiz ciddi gedir. 60 illiyimə 4 kitab nəzərdə tutmuşdum. 2011-ci ildən işləyib, bitirdiyim Abşeron təzkirəsini, haqqımda olan şeir və yazılardan ibarət kitabı, bir şeirlər kitabını və ayrıca qəzəllərdən ibarət bir kitabı çap elətdirməli idim. Uşaq şeirlərinin adını heç tutmuram. Çatdıra bilmirəm. Görüm, necə olacaq. Yazılarımın çoxunu kitabxanadan kompyuter qarışıq oğurladılar. Məcburam yenidən yazım. Mövzu harada məni yaxaladı, fürsətim oldu, yazıram, olmadı, ölüb, gedir. Son günlər əsasən yaziları kitab üçün kompyuterə yığmaqla məşğulam.
-Məlahət xanım, Abşeron rayon MKS-in direktorusan, iş -güc, tədbirlər, evdə ana, nənə, həyat yoldaşı olmaq missiyan da üstəlik, vaxt tapıb ürəyini ağ kağıza boşaltmaq olur, yəqin.
-Əvvəlki sualın davamı hesab edək bu sualı. Yaxşı ki, ədəbiyyatın şeir deyilən bir qolu var. Oturub, beş-on dəqiqəyə yazırsan. Yoxsa bütün bu sadalananlardan, yəni sənətdən kənar işlərdən aman tapmazdım yazı yazmağa. Məsələn, nəsr çox vaxt aparır. O qədər yazılarım yarımçıq qalıb ki… Qayıda bilmirəm. Yaddaşımda hazırdı, köçürməyə vaxt tapmıram. İstənilən yazı bir oturuma yazılanda daha effekli olur. Bir oturuma deyəndə onu bitirməmiş baqa iş başlamayasan.
-Məlahət Yusifqızı imzası bizim ədəbiyyatımıza nə verir?
-Bu sualı Faiq Balabəyli cavablandırsın.
– Mən səninlə müsahibə alıramsa demək cavabım aydındır. Yaxşı de, bəs bu imza sənə nə verib?
-Əvvəl mən bu imzaya yaşadığı mühitdə sayılıb, seçilmək hüququ qazandırmışam. Ona sədaqətlə xidmət etmişəm. O isə mənə hörmətlə yad edilmək, sanballı dostlar, eyni zamanda xeyli sayda zəif düşmənlər verib.
Məlahət xanım, bilirsən ki, ədəbiyyatda güclü tərəfkeşlik var. Səncə ordumuz da belə olsaydı Qarabağı çoxdan ala bilərdik?
– Bəli var. Gərək, bir neçəsini göstərəydin, mən də başa düşəydim, hansı prizmadan yanaşırsan. Yəni təbliğat tərəfkeşliyi, yoxsa gündəmi tutmaq tərəfkeşliyi və ya maddi qazanc tərəfkeşliyi. Xoşbəxtlik də odur, mən o tərəflərin heç birində yoxam.
 
Yıxıldın,
özün qalxmalısan
Qolundan tutanın yoxdursa.
 
Birləşmək yarımçıqların işidi.
Birlik yaranan deyil
bütöv təkləri yanaşı düzməklə.
Birliyə can atma, könül!
Yaradan bütöv yaratdı səni.
 
Elə bədbəxtlik də odur. Tək və bütöv olmaq rolunu oynamaq qürurverici olsa da, bəzən adamı bezdirir. Hamı bir tərəfdədir, sən bir tərəfdə. Çəki bərabərdir, qiymət fərqli. Sən sənətdəsən, onlar gündəmdə.
Bu tərəfkeşlik milləti partiyalara bölmək kimi bir nəsnədir. Siyasət hərəni bir tərəfə çəkir, ara qarışır, mənsəb itir, düşmən qazanır.
 
Neçə ildi,
“Yeni Musavat” oxuyuram
köhnə dərdimlə.
Neçə ildi, qəfəsdən
azadlıq səsi gəlir
qulaqlarıma.
 
-Yeni sərhədlər çəkilib
Ağdamdan üzü bu yana.
Qırılan yolar
üzümə qayıdır
davakar uşaqlar kimi.
Neçə ildir
birlik qovur,
biz qaçırıq.
 
Söhbətləşdi: Faiq Balabəyli
Share: