Dünyaya ana lazım
Bu dünyaya ana lazım,
Könlünü bir beşik edə.
Bərk-bərk bağrına basaraq,
İsti bir ev-eşik edə.
Qoparda köksündən ahı,
Çəkib gətirə sabahı.
Ey dünyamızın Allahı,
Dünyanın dərdinə kim yetə?
Qoy nazlanmaq nədir, bilsin,
Qəlbinə kədər dammasın.
Elə sevsin, elə sevilsin,
Heç kəsdən sevgi ummasın.
Anasızlıq ağır dərddir,
Tanrı ki buna bələddir.
Bu dünyaya ana lazım,
İlahi, bu nə ədalətdir?
Bu dünyaya ana lazım,
Könlünü bir beşik edə.
Bərk-bərk bağrına basaraq,
İsti bir ev-eşik edə.
Səs
İnsanlar yaman incidir,
İmkan vermir yaşamağa.
Kədər hər vaxt birincidir,
Saldı məni daşa-dağa.
Hardansa bir səs duyulur,
Bəlkə tanrının dilidir.
Keçmiş nə tez unudulur,
Gələcəksə gəlməlidir.
Yolda keçir ömür, zaman,
Duyğular bülbül tək ötür.
Ey çarəni bizdən alan,
Nolar, bizə çarə yetir.
Tanınmayır yaxşı, yaman,
Sözüm ağlar sətir-sətir.
De, çəkilsin bu kor duman,
Tanrı, xoşbəxt dünya yetir.
Ah… bu dərdlər nə vaxt bitər?
Nə qədər gözləyim hələ?
Olsa da min qəza-qədər,
Mən dözürəm gülə-gülə.
Tanrı, bizə dünya yetir,
İçində haqqı unutma.
Səhralarda güllər bitir,
Ətrinlə bizi ovutma.
Allah eşqi
Bu günüm sabaha bənzəməyəcək,
Dünənin bu günə heç bənzəri yox.
Ulduzlar gecəni bəzəməyəcək,
Ayın da yer üstə işıq zəri yox.
Bu gecə sabaha bir az da yaxın,
Bu gecə elə bil nələrsə deyir.
Onun da seyrinə dayanmır axın,
Hər dəfə sirrini bizdən gizləyir.
Nə dinmək əlacdır, nə də dinməmək,
Bəxtinlə barışıb susmaq gərəkdi.
Dinclik bəxş eləyir onu dinləmək,
Gərək dinləyəsən, Tanrıdı, təkdi.
Bir Allah eşqidir sonsuz kainat,
Bir ucsuz-bucaqsız səhralardayıq.
O bizə gizləyib özünü deyən,
Görəsən özümüz haralardayıq?
Şahid
Mənim belə şahid nəyimə lazım?
Sükut ondan yaxşı danışa bilir.
Bu alın yazımı onunla yazım?
Gah küsür, gah da ki, barışa bilir.
Bu dəli şeytanın oyununa bax,
Göstərmək istəyir mənə öz görkün.
Etdiyin hər şeyi gəl başıma qax,
Sənin özgələrdən nə fərqin var ki?
Açdın qıfılını bağlı sandığın,
Çəkildi sinəmə çalın-çarpaz dağ.
Ey mənim içimdə hər gün andığım,
Qapımı döyürsən, gir, içəri bax.
Gəl öz gözlərinlə halımı gör ki,
Sonra vicdanına yenilməyəsən.
Həsrət körpüsünü sevginlə hör ki,
Sonra ayrı düşüb, bölünməyəsən.
Gərək
Gərək qoruyaydım hər an səni mən,
Gərək səni tənha qoyub getməzdim.
Əgər söyləsəydim, o an səninəm,
Sevgi şikəstinə dönüb getməzdim.
Sənin yoxluğunla xeyli danışdım,
Yoxluğun susmağı çox şey öyrətdi.
Axırda özüm də mənlə barışdım,
Fəqət bu iztirab qəlbi göynətdi.
Sükutun nəğməsi, notu qəlizdir,
Hisslər səslənmirsə, barmaq nə çalsın?
Not dəftəri notsuz və tərtəmizdir,
Kim dinləyə bildi, kim də əl çalsın?
Boş ver hər sözümə, belə incimə,
Mənəm, danışıram, ötüb keçəcək.
Arabir şərik ol, gəl sevincimə,
Bir də gördün fələk alıb gedəcək.