Rəhmət Babacan (Rəhmətcan Babacanov) 1998-ci il dekabr ayının 19-da Xarəzm Vilayətinin Şavat rayonunda anadan olub. Urqanç İctimai-İqtisadi Kollecini bitirib. Hazırda “Kitab dünyası” qəzetində özbək ədəbiyyatı şöbəsinin redaktorudur.
URQANÇA SƏFƏR
Baxıb getməkdədir əsrim ilbəil,
Miladi məhəbbət, hicri məhəbbət.
– Urqançda gün görən intizar könlüm,
Bir səni axtarıb, bir səni, fəqət.
-Amma ağır gələn qəmdə yetişmək.
Özünü hər kəsə yetirər hər an.
Birgə gülə bilmək, birgə ötüşmək.
Bir şəhərdə olub görüşməmək var,
Bir şəhərdə olub, ayrı düşmək var.
Ruhidən qayğısın eyləyib sürgün,
Məsrurluq geydirib sonra gələn rəng.
Yara gedən yola tutmayıb üzün,
Köhnəlmiş olsa da, yaddadır Urqanç
Hələ almamısan şadlıq anını,
Min olan ləhzədən tək bahar anı.
Adıma qoşmadım Yarın adını,
Nə Dişan qalanı, nə də Uçanı.
Mən səni kəşf etdim… Yox, əvvəl ondan,
Ağır günlərinin saçı ağardı.
Ömürdən günlərim uçdu – dərbədər.
İndi anlamışam, bəlkə o zaman,
Mənim hisslərimi duymazdı şəhər,
Oğuz ləhcəsində yağış yağardı.
Sən orda oyaqsan, mən burda oyaq.
Sən orda sakitsən, mən dincəm burda.
Bu yalan ömürdə bir düz var ancaq –
Mən səni axtarıb, tapmışam orda.
2
Hüzurlarından danış, hər açılan səhərdə,
Bu yerləri ikimiz, qoşa gəzib dolaşaq.
Yeddi aləm könlümdə, könlünlədir bu yerdə,
Mənim ruhumdan sənin ruhuna bir yol açaq.
Köksündə zərrə qədər qərar tutmasın həsrət,
Axırda yola çıxaq, gedək eşqə sarı biz.
Gördüklərini dastan etsin bu şəhər – həzrət,
Şeirə dönsün burda bizim ürəklərimiz.
Həyatına günəştək girmək olmazdı əzab,
Qələmindən nur yağa, ola səxalı dahi.
Bizim bu eşqimızə sona qədər ola bab,
Yazı bağışlayardı sənə Munis, Agahi.
Qismət – bizi bir edən, o xoş, o gözəl dəmlər,
Daha güclü olacaq arzuların, həm əhdin.
Qırx günü dayanmadan şadlıq edər adamlar.
Qırx günə təntənəsin başa çatdırmaz bəxtin.
Bu yalan ömrümdə bir həqiqət var –
Mən səni axtardım, mən səni tapdım…
***
Soy adım: Qəmoğlu… Varlığım: miras,
Cənnətdən atılıb, gəldim atadan.
Aşiq-məşuqların qismətinə xas –
Mən özüm xətayam, sən də xətasan.
Həyatım: Qarışıq… Sonsuz dərd-xətər,
Ruhuma toxunma – günah meyvəsi.
Yaşaram həsrətin işgəncəsində.
Qəm yeyib adını çəkib hər səhər,
Axtardım qəm dolu gecələr boyu.
Əzab anladığı dərd ləhcəsində.
Gözün – məni görməz, qayğı şəvəsi.
Özün tapa bilməz bahar əyamı,
Özünü unudar dərdli payız həm.
Sənə xəyalımı de, çatdırarmı,
Aramsız dərdlərdən danışan qüssəm.
Bəla üçün vermə məni qabağa,
Köksüm doyub gedər olsa bu candan.
Sənsiz tənhalığa ağayam, ağa,
Sənsiz duyğulara mənəm sərgərdan.
Asiyəm, ürəyim bəxt istəyən gün,
Cənnətdən qovuldum… Eşq – cənnət mənə.
Məni qəbul eylə, ey dünya, mümkün –
Məni qəbul eylə, ey Havva nənə!
***
Qorxmadım deyirsən, yox, hamsı yalan,
Axşamlar ağlarsan, gələrsən zara.
Duyarsan: dünya top, sonsuz asiman,
Yanıma dönməyi istərsən sonra.
Qucağa atılıb çıxmadın, yürü,
Ruhunu ağrılar vurub, alıbdır.
Saçların darıxar çiynimdən ötrü,
“Bəlkə söyləməyə sözü qalıbdır”…
– Xəyalımda: balam, sevinib durub,
Əriyir sinəmin daşı, buzları.
Sevinc bəxş etmirsən, təşrif buyurub,
Sayıram ötüşən avtobusları.
De, mənim olmayan bəxti neynərəm,
Dan yeri açılsa, evə gedərəm.
Onda bəlkə olmaz qəmli gözüm yaş,
Həsrətin önündə əyməz idim baş.
Qismət yol açıbdır ali qədərə,
Şeirlə oxşanar gecəm, biləsən.
Göz yaşın üstündən gülər şəhərə,
Bu dəm haralarda, kimlər iləsən?
Mehirə, sevgiyə, bir sözə dursam,
Əzilmə, üzülmə əzab dilənsəm.
Sinəmdə alovlar ona baş vursam,
Etibar etməyin gözdə yaşıma,
Ən son çəkişməmdə xeyri yox, yəni,
Tanrı çıxarmayıb səni qarşıma –
Mənim əzabımdan əzab çəkəni.
Mən yoxam
Mən yoxam, yuxumda mənsiz darıxıb
Zəif ayrılıqdan yaralanar söz
Qapıya başını vurub, ağrıdıb,
Sənin kandarında qalıbdır payız.
Baharı ötürüb yola düşməz bağ,
Quşlara çiynini tutmaqda ağac.
Və hamı hamıya açmaqda qucaq,
Və hamı hamıya etməkdə əlac.
Xətalar sözlərin hamsın uçurar,
Ağırlıq – şeirlə alınan qandır.
Yada salmasan da səni bağışlar,
İllər ötüb keçər, ötən zamandır.
Mən yoxam, yuxumda var olsan əgər,
Dəyişməz bir anda heç hikmət, dua.
Həmişəki kimi, canlanar şəhər,
Daim olduğutək, işində dünya.
Can təslim edərmi, yalqız qalan ruh?
Gözlərin darıxar, ürəyində ah.
Bircə istəyim o – mən varam, ya yox,
Səni incitməsin heç zaman Allah!..
****
SAKİTLİK
1
Tənha, illərlə səhv edib,
Adını da unutdu bu adam.
İndi ona baş əymək – adət,
Diz çökmək – ali ehtiram.
Ruhunda oynayar qara dərd,
Ürəyinə dolmaqda zəqqum.
İndi ona sinəsinə döyüb,
Əyilib yaşamaqdır mühüm.
Halına acıdım mən sakit,
Qayğılar üz tutub ona tərəf.
İndi ona həyat lənətdir,
Ölüm isə şərəfdir, şərəf.
2.
Onu hamı əcəb yaxşı tanıyır,
Onun qəlbi açıq hamıya bir olub.
Əzaba salmayıb ürəyin hələ,
Hicrana çiyin verib,
bəlkə, yorulub…
Onu qarşılayar ,
iş yeri həm ev,
Şəhərin var-yoxu bu iki yerdir.
Bahalı paltara büküb cəsədin,
Nazik siqarlar hey çəkir.
Dərdləri xeyli çox,
təşvişi boldur,
Qəmdir sığal çəkən onun başına.
Adamların alqış səsindən enir,
Məhəbbətdən demək gəlir xoşuna…
Yox, yetər,
Qazanmaq gərək qisməti,
Öz yerini bilsin,
(dözüm tükənər).
Dağlar arxasında bərkisə boran,
Buludlar dalında günəş gizlənər…
3
Daxil – mücərrədlik,
Daxil – aydınlıq,
Çöldə yalan yaşar, hazırdır ova:
Gözdən içəriyə yaşa qədər yol.
Dardan o tərəfə, genə qədər yol.
Sözdən içəridə daşa qədər yol,
“Mən”dən o tərəfə, “sən”ə qədər yol.
Lazım olan yolu tapmaq çətindir,
Lazım olan yol var.
Gedib çatılası –
Addımbaaddım,
Könüldən-könülə…
Sonsuz qəflətdəmi günlər düzümü?
Yox, gecələr batmaz, gündüzlər ötər.
İçəridə hər kəs özünü gəzər,
Çöldə isə hər kəs özün itirər.
Günlərin birində gələr, deyə, gül,
Bir sirr açılacaq gözlərdən kənar.
Ölümə aparır çöldə olan yol,
İçdəsə Allaha gedən bir yol var.
2020
Azərbaycan dilinə uyğunlaşdıran: Şahməmməd Dağlaroğlu