“Məəttəl halda ətrafa göz gəzdirib yubanmağımın yaşlı kişiyə xoş gəlmədiyini hiss etdim…”-Gülər Eldarqızı

 

       Ziyarət

(Gülər Eldarqızı)

Maşın şəhərdən uzaqlaşdıqca havanın sərinliyini hiss edirdik. İsmayıl “Xızı dağları” mahnısını zümzümə edərək tez-tez yuxarı baxırdı:
– Dağ elə bil ki, iki addımlıqdadır. Amma iki saatdır ki, yol gedirik, yenə də çatmaq olmur.
– Yüksəkliklərə çatmaq asan deyil, – deyib güldüm.
“Beş barmaq” adı ilə tanınan bu ziyarətgah yeri uzaqdan nədənsə qorxulu görünürdü. Dağların arası ilə salınmış dar və çox uzun olan pillələrə və o pillələri təngnəfəs qalxan adamlara mat-məəttəl baxdım. Dar pillələrin sonunda, dağın ən hündür təpəsində bir daxma var idi. Hamı o daxmaya tərəf getməyə can atırdı. Günəş şüasından qorunmaq üçün sağ əlimi gözlərimin üstünə tutaraq yuxarı qalxan insan axınını müşayiət edirdim. Burada yaşından və cinsindən asılı olmayaraq müxtəlif təbəqənin insanları var idi. Çətinliklə də olsa ağır-ağır yuxarı qalxıb həmin o sirli görünən daxmaya girir, hardasa on-on beş dəqiqədən sonra qalxdığı pillələrlə geri – aşağı düşürdülər.

Dağın ətəyi- aşağı hissə yaylağa bənzəyirdi. Uzaqdan gələnlər üçün demək olar ki, yaxşı şərait yaradılmışdı. Bir-birindən hardasa yüz metr aralı olmaqla üstü çadırlı kiçik evciklər gözə dəyirdi. Dincəlmək üçün həmən evciklərin kənarında stol-stullar və eyni zamanda maşınların saxlanılması üçün də yerlər var idi. Buranın havası çox təmiz və sərin idi. Kiçik maşınlarla yanaşı mikroavtobuslar da gözə dəyirdi, belə qənaətə gəlmək olurdu ku, buraya təkcə Bakıdan yox, əyalətlərdən də gələnlər var. Hətta ailəvi və qohumlarla deyil, bütün məhəllə, qonşuluqla birlikdə gəldikləri hiss olunurdu. Qurulmuş evciklərin kənarında bir neçə atlı var idi. Əlbəttə, şəhərdən gələn hər bir adam üçün bu atlılar maraqlı və qəribə görünürdü. Hər kəsin başı öz işinə qarışmışdı. Kimisi bismillah deyərək yerə uzatdıqları quzunu kəsir, kimisi bir az əvvəl kəsdiyi qoyunun dərisini soyur, kimisi isə artıq kabab çəkirdi. Nədənsə gördüyüm bu səhnə mənə “Dədə Qorqud” filmini xatırlatdı.

İsmayıl maşını rahat bir yerdə saxladıqdan sonra marketdən aldığı su şüşələri və bəzi quru ərzaqlarla dolu zənbili stolun üstünə qoydu.
– Yaxşı vaxtda gəlmişik. Yoxsa bütün yerləri zəbt edəcəkdilər. – dedi.
– Olsun da… Yerdən çox yer var. Deyirsən bu boyda dağın ətəyində oturmağa yer olmayacaqdı? – deyə fikrimi bildirdim.
Böyük süfrə götürmüşdüm. Ən azından yerdə – çəmənliyin üstündə oturmaq olardı…
– Halaldır sənə. Uzaqgörənsən . Burda deyiblər, bəxtəvər arvaddan yarıyanın başına! – deyə İsmayıl bərkdən güldü.
Utandım. Ətrafa baxaraq: – Sakit! Biabır olduq, – dedim.
– Ay qızım, gəlin isti kababdan yeyin. Ehsandı, – qonşu stoldan bir qadın bizə tərəf gəldi.
– Çox sağ olun. Allah qəbul eləsin. Özümüzlə bəzi yeməklər götürmüşük. Narahat olmayın. Sizə nuş olsun.
– Aa, elə şey olar? Burda sənin-mənim söhbəti yoxdur. Ziyarət yeridir. Nə mətləbə gəlmisinizsə, Allah qəbul eləsin. Buyurun, süfrə başına keçin.
Uzun tərəddüddən sonra süfrəmizi Şirvan şəhərindən ailəsi ilə birgə ziyarət məqsədi ilə bura gəlmiş Xeyrənsə xalanın ailəsinin süfrəsi ilə birləşdirdik. Eyni zamanda çox maraqlı və dini mövzu ilə bağlı söhbətlər də etdik. Xeyrənsə xala bu qalanın tarixi haqqında uzun-uzadı danışdı.
– Uşağı anamın yanında qoyub gəlmişik. Bir-iki saata geri qayıtmalıyıq. – deyə təşəkkürümüzü bildirib sağollaşdıq.
İndi əsas məsələ bu uzun, əyri-üyrü, dar pillələrlə yuxarı qalxmaq idi. Xeyrənsə xala da təsdiq etdi ki, ziyarətin qəbul olunması üçün mütləq yuxarı çıxmalı, dağın ən yüksək zirvəsindəki o müqəddəs məkana nəzir qoymalısan.
– Ürəyim az qala ağzıma gəlir, – narazı halda dedim.
– Bir az da döz. Yolu yarı eləmişik, – deyə İsmayıl aradabir əlimdən tutaraq yuxarı qalxmağıma kömək edirdi.
Hər pillələri qalxdıqca dönüb aşağı baxır, bu qədər məsafəni qalxdığımıza inana bilmirdim. Yuxarıya, dağın başındakı o daxmaya çatmaq üçün isə hələ qalxdığımız qədər də yol var idi.
– Aşağı baxma! Başın gicəllənər. Qalx, az qalıb, çatırıq.
– Mən çox yorulmuşam. Ayaqlarım sözümə baxmır. Bəlkə qayıdaq?
– Ay qız, nə qayıtmaq? Çatırıq, qalx görək.
– Eh, heç olmasa, gediş ilə gəliş yollarını ayırardılar da. Bu dar pilləkəndə hələ bir çıxıb-düşənlərlə üz-üzə də toqquşuruq.
– İndi maraqlanaram, görüm buranın maliyyə işlərinə kim baxır. Deyərəm gələn dəfəki gəlişimiz üçün bizim xanımın istəklərini yerinə yetirsinlər.
– Yaxşı görək. Sən də zarafata salma. Günahdır. Ziyarət yeridir.

Hardasa bir neçə uzun, dar pillələri qalxdıqdan sonra nəzir toplayan yaşlı kişi və qadınlala rastlaşırdıq. Görünür, bura onların qazanc əldə etmək üçün seçdikləri məkan idi. Yəqin ki, hər gün burada dilənirdilər.
-Allah balalarınızı saxlasın!
– Hər niyyətə gəlmisinizsə, qəbul olunsun inşallah!
– Allah muradınıza yetirsin!
– Bu qoca nənəyə bir nəzir verin!
– Yuxarıda da nəzir qoymalıyıq. Pulun hamısını indidən paylama, – deyə İsmayıl mənə və dilənçilərə baxaraq sakitcə dilləndi.
– Nə edim? Bunların üz-gözünə baxanda adamın ürəyi ağrıyır, – dedim.
Nəhayət , əsas məkana – daxmaya çatdıq.
Daxmanın qapısında da xeyli vaxt növbə gözləməli olduq. İçəri adam ilə dolu olduğundan irəli keçmək mümkün deyildi. Giriş və çıxış yolu da çox dar olduğu üçün sıxlığa düşməyək deyə bir az da yubandıq. Beləliklə, bizə də növbə çatdı. Daxma uzaqdan vahiməli göründüyü üçün içimdə bərk qorxu hissi var idi. İsmayılın əlindən bərk-bərk tutmuşdum. İçəri keçəndə özümdən ixtiyarsız tüklərim ürpəşdi.
Uzaqdan kiçik görünən daxma, iç-içə iki otaqdan ibarət idi. İkinci otağın qapısı olmadığı üçün kənardan içəridəki avadanlıqları- neft piltəsi, köhnə qab-qacaq və nimdaş yorğan döşəyi görmək olurdu. İçəridən gələn səslərdən orada bir qadının və uşağın olduğunu müəyyən etdim. Bilmirəm nəyə görəsə diqqətimi birinci otaqdan çox ikinci otaq cəlb etdi.
– Ay qızım, gəlmisənsə nəzirini qoy.
Yaşlı bir kişinin səsi elə bil məni yuxudan oyatdı. Dönüb kənara baxdım. Qoca bir kişi orta yaşlı kişiylə köhnə palazın üstündə bardaş qurmuşdular. Otağın küncündə qədim mis alətlərindən olan qab-qacaqlar qoyulmuşdu. Şamlar yanırdı. İçəri keçənlər dərin mis qabın içinə nəzir qoyur, bir az otağa göz gəzdirdikdən sonra çıxır və eləcə də növbə ilə başqaları gəlib onların etdiyi hərəkətləri təkrarlayırdı. Mənim otağın dörd yanını süzən diqqətli baxışlarım və məəttəl halda ətrafa göz gəzdirib yubanmağımın yaşlı kişiyə xoş gəlmədiyini hiss etdim. İsmayıl kənarda oturmuşdu. O da qəribə baxışlarla otağı süzürdü. Daxmanın kiçik pəncərəsindən düşən günəş şüaları titrək şamların işığına qarışıb mis qabların üzərində bərq vururdu.
– Ay qızım, yubanma. Nəzirini qoy çıx. Bayırda adamlar çoxdur. Onlar da sənin kimi ziyarət etmək istəyirlər.
– Xanım mənimlədir, Hacı. Narahat olma, nəzir qoymuşuq, – dedi İsmayıl.
Bir az əvvəl yol boyu dilənçilərə payladığım pulları yadına salıb “yuxarıya da pul saxla” deyən İsmayıl gözümün içinə baxaraq qımışdı.
– Allah qəbul eləsin! Yol verin camaata. Sıxlıq yaratmayın, – deyə qoca kişi səsinin tonunu qaldıraraq mənə baxıb, sanki ” Nə durub baxırsan? Çıx da. Tez ol. İmkan ver cammat içəri keçsin” – deyirdi.
Çətinliklə də olsa daxmadan çıxdıq.
– Hə, nə oldu? İçəri keçəndə əlimdən bərk tutmuşdun. İndi qabaqda qaçırsan. Belə olar da. Müsəlmana yaxşılıq yoxdur ki, – deyə yenə də zarafatından qalmayan İsmayıl ağladığımı görəndə çaşıb qaldı.
– Nə oldu sənə ay qız? Niyə ağlayırsan?
– Biz bura niyə gəldik?
– Necə yəni niyə? Əhd etmişdik. Əgər övladımız olarsa, bura ziyarətə gələcəyimizə söz vermişdik. Yadından çıxıb? – qəribə baxışlarla məni süzdü.
– Eh, gəl… Gəl gedək. Qalxdığımız pillələri yenidən aşağı enməliyik.

Dönüb şəhərə tərəf baxdım. Uzaqdan evlər, maşınlar çox xırda görünürdü. Günəş yavaş-yavaş batırdı. Günəşlə kölgənin kəsişdiyi dağın ətəyi rəsm əsərinə bənzəyirdi. Piillələri endikcə yenidən çıxıb-düşənlərlə rastlaşırdıq.
Uzaqdan Xeyrənsə xalanı gördüm. Əşyaları yavaş-yavaş toplayıb maşına sarı aparırdı. Deyəsən getməyə hazırlaşırdılar.

 

Gülər Eldarqızı

 

Share: