“Mənim sizdən xəbərim oldu…” – Faiq Balabəyliyə

“Mənim sizdən xəbərim oldu…” – Faiq Balabəyliyə

Çox vaxt bir mövzuya, mətnə nə qədər köklənmiş olsan da yazıya başlamaq çətin olur. Bəzən beynində  bir-birini qovan cümlələrin hansının ilk cümlə olacağına qərar verə bilmirsən. Çünki nə illah edirsən biri digərini üstlənir. Dərindən nəfəs alıb, “hə, başladıq” deyirsən ki, beynində dolaşan yeni fikir başqa sanballı cümləyə çevrilir. Və sən yenə yeni fikrə, yeni cümləyə təslim olursan. Vaxt zaman axarında əridikcə düşüncələrin  yəqinlik duyğuna söykənir. Nəhayət, qəti və əmin davranış sərgisiylə klaviaturanı barmaqlarının ixtiyarına buraxırsan. Ruhun mənəvi azadlıq körpüsündən cümlə-cümlə, söz-söz irəliləyir və hisslərini sığallayan bir rahatlıq hopur könlünə. Bu hal xüsusən dəyər verdiyin, yaradıcılığını izlədiyin və qiymətləndirdiyin, şəxsiyyətinə hörmət etdiyin, sayğı duyduğun bir müəllif haqqında yazmaq istəyəndə baş verir. 
Elə yazmaq istəyirsən ki, adını çəkməsən belə oxucu 
mütləq haqqında yazdığın insanın kimliyini anlasın. Bir sözlə, cümlələr arasından müəllifin rəsmi  boylansın. Şablon ifadələri sevmirəm, göz boyayan təriflər də xarakterimə yaddır. Nə kimisə boğazdan yuxarı tərifləmirəm, nə də özümə qarşı bu cür mənasızlığı qəbullanmıram. Amma elə insanlar var ki, haqqında dediklərin və yaxud yazdıqların tərif kimi görünsə də, mahiyyət o deyil. Çünki adam  şəxsi keyfiyyətləri, yaradıcılığı, davranışı, səmimiyyəti ilə haqq etdiyi xoş ifadələri boynuna biçib. Və sən bu səbəbdən içindən gələn bir sevgiylə o insanı alqışlayırsan. Üstəlik yaradıcılığı, ümumən yazı fəaliyyəti ruhunu çəkirsə, hisslərinə ayaqlanmaq hökmü verirsə,   alqışlamaqla kifayətlənmirsən, duyğularını yazıya tökürsən… Deyəsən müqəddiməm uzun oldu axı… Özü demişkən, xəpdən keçid edim yazımın əsas hissəsinə. 
Yəqin artıq bildiniz ki, yazımın qəhrəmanı  dəyərli söz adamı, şair-jurnalist, “Müstəqil.az” saytının təsisçisi və baş redakroru Faiq Balabəylidir. 
Şəxsi tanışlığımızın uzun bir tarixi olmasa da imzasıyla çoxdankı tanışlığım  bacardığım qədər yaradıcılığını incələməyə imkan verir məncə. Əslində təhlil və ya tənqid mənim baş vura biləcəyim dərinlik deyil. Hər sahənin öz mütəxəssisi var və hər kəs öz işiylə məşğul olsa yaxşıdır. Bu da var ki, bir müəllifin yaradıcılığı haqqında yazarkən şəxsi tanışlıq araya girməməlidir. Zatən fikir və düşüncələrini çoxdan ağuşunda yelləyən, ruhuna yaxın poeziyaya sahib  imza özü səni dilləndirir, “düşün” deyir,  “yaz , incələ” söyləyir.  
Əslində xeyli müddətdir Faiq Balabəyli haqqında ürəyimdən keçənləri sözə çevirmək istəyindəydim. Amma zamanın hökmü başqadır axı, tutar istəyinin ətəyindən yönünü çevirər başqa səmtə. Mən də “hər ziyanda bir xeyir var” prinsipi ilə yaşayan adam, heç şübhə etmədən yazının gecikməsini xeyirli tərəfə yozdum. Hə, sən demə həqiqətən də gecikmiş zaman daha xeyirli bir səbəbə vəsiləymiş. Bu il Faiq müəllimin yubiley ilidir. Mən də fürsətdən istifadə edib istəyimi gerçəkləşdirim dedim. Həm söz, həm öz hədiyyəm olsun. Necə deyərlər, kasıbın olanından…
Ömür payından 60 ili geridə qoyub Faiq müəllim. Bu ömrə nələri sığdırıb, nələri… 
Bildiyimiz – bilmədiyimiz, gördyümüz-görmədiyimiz Faiq Balabəyli ömrünü mərhələlərə bölsək, hamısında söz var, şeir var. Nələr yaşamasından, hansı mərtəbədə, hansı məqamda olmasından asılı olmayaraq o söz adlı ucalığa ibadətini pozmayıb. Dürüst insanlar  daha çox əziyyət çəkir, məhruimiyyətlərlə üzləşir həyatda. Faiq müəllim də eləcə. Zamanla azadlığına kölgə salmaq istəyənlər də olub, cisminin barmaqlıqlar arxasında əzab çəkməyini rəva görənlər də.

 …nəyin fikrin edəsən,
fikri nəynən çəkəsən.
Divarlardan o yanda
qaranlıq görəcəksən.

Sıx dizini qarnına,
çənəni tut ovcunda.
Hamı sakit yeriyir,-
barmağının ucunda…(F.Balabəyli- İndi hər yer zülmətdi)

Divarlardan o yanda gördüyü qaranlıqdan aydınlığa boylanan vicdanının səsindəydi azadlığının işartısı. Və o bu işartıdan yenidən doğuldu gerçək həyata. Faiq müəllimin 2006-cı ildə Bayıl həbsxanasında yazdığı bütöv bir şeirdən seçdiyim bu iki bənd acı və ağır yaşantının ifadəsidi. Oxuyursan, gözünün önündə həmin arzuolunmaz mənzərə canlanır. Demək, istənilən məqamda gördüklərini, yaşadıqlarını şeirə çevirmək ruhun azadlıq, dirilik məcrasından çıxmadığını bəlirləyir.
Qardaşları Yusifi quyuya atanda özlərinə pislik, ona yaxşılıq etdiklərinin fərqində belə deyildilər. Quyu əslində Yusifin xilası və gələcəyinin təminat nöqtəsi idi. Peyğəmbərin əsl həyatı məhz quyu mərhələsindən başladı. Niyə bu nümunəni gətirdim? Çünki, Faiq müəllim də elə peyğəmbər simalı, ədalətli və böyk ürəkli insandır. O da “quyudan” sağ çıxdı, özü çıxdı. Şəxsiyyətinə, əqidəsinə, sözünə  sadiq. Üstəlik yenə boxçasında duyğuları ilə qoşalaşan söz, şeir və… azad ruh!   

O qədər arxadan badalaq verib
o qədər çətinə salıblar məni.
Heç zaman büdrəyib yıxılmamışam,
çirkin oyunlara atıblar məni.

Dəryalar  keçmişəm, dağlar  aşmışam, 
görüblər qayayam, görüblər daşam.
Yad adam, mən sənçün, deyib qardaşam,    
doğmalar bir ucdan satıblar məni. ( F.Balabəyli -Məni )

Hər şeyə rəğmən Faiq Balabəyli iradəsi, həqiqəti, azad ruhu ilə yenə həyatına, yaradıcılığına, işinə davam edib və edir.
Faiq müəllimin bir də peşəkar jurnalist tərəfi var axı. Müxtəlif mövzuları əhatə edən məqalələri, publisistik yazıları, maraqlı müsahibələri ilə də imzasına nüfuz gətirən qələm sahibidir o. Təkcə yazmaq deyil, rastlaşdığı neqativ halları ictimailəşdirmək, qələmi ilə cəng etmək də xarakter və peşəsinin yansıdığı  vətəndaşlıq amalına dəyərindən, sayğısından irəli gəlir. Müstəqildir. Yəqin elə rəhbəri olduğu saytı “Müstəqil.az”  adlandırmaq da şəxsi müstəqilliyinin iş fəaliyyətinə  sirayətsiz ötüşməyəcəyinə əminlik niyyətindən irəli gəlib. Şükür ki, niyyəti realdır, çətin olsa belə, büdrəmədən məqsədinə doğru yolunda addımlamaqdadır.
Bir sözlə, Faiq Balabəyli imzası istər şair kimi, istər jurnalist kimi uğurlu imzadır. Çalışdığı bütün mətbu orqanlarda zamanla özü qalmasa da sözü qalıb. Sözünün ağırlığı, keçərliliyi hər iki cameədə, ümumiyyətlə, ictimaiyyət arasında nüfuz sahibi olduğunu uzaqdan belə aydın göstərir. Böyüklyü bir də sadəliyində, yeni dünyamızda artıq əlçatmaz nemət kimi tamarzı qaldığımız səmimiliyindədir. Əsl ədəbiyyat adamı kimi istedada qısqanclıq göstərməz, əksinə, dəstəkləyər, dəyər verər, yeri gəldikcə, saytında işıqlandırar, təbliğ edər. İndi hər kəsin çırağı öz tərəfinə çəkdiyi bir zamanda barmaqla sayıla biləcək az sayda insan təmənnasız  xidməti həyat tərzinə çevrib. Yaşadığımız dövrdə bu amil kimlər üçünsə ağılsızlıq kimi görünə  bilər. Amma Faiq Balabəyli kimi geniş ürəkli, “təkcə mən” prinsipi ilə yaşamayan, dəyərləndirməyi bacaran  insanlar üçün təmənnasızlıq  daxili rahatlıq, mənəvi dinclikdir. Eqosuna yenilib özündən başqa heç kimi görməyən əksər müəlliflərdən fərqli olaraq, Faiq müəllim bəlli bir pillədə olmasına rəğmən o qədər də  tanınmayan istedadlı gənclərin oxucusu olmaqdan çəkinmir. Bu onun sözə sevgisindən və  ləyaqətli ədəbiyyat adamı olmasından irəli gəlir.
Mənə elə gəlir ki, Faiq müəllimi insanlara  doğmalaşdıran da məhz bu xüsusiyyətidir. Xeyirxahlığı bu yaşında uşaqlıq cizgilərini itirməmiş üzündə yazılıb. Mərhəmət duyğusu da gözlərindəki min illik kədər kimi baxışlarından tökülür. Bəlkə elə ona görədi məsafələrin o  üzündən adamın  ruhunu çəkən qəribə bir doğmalıq duyur insan ona qarşı. 
Üç-beş cümləlik qısa dialoqlardan ibarətdi bizim ünsiyyətimiz. Deyirlər bütün şairlər ruh qohumudur. Bəlkə də ifadə sahibinin həqiqətinə aldanmadığımı etiraf etsəm “seçilmişlər”in qınağına səbəb olacam. Amma təfəkkrümə sığmayan və reallıqla uzlaşmayan nəsnələr hansı rəngdə olursa olsun gözümə boz, eləcə də əhəmiyyətsiz görünür. Eynən bu ifadə kimi. Məndə heç də bütün şairlərin, söz adamlarının ruhən qohum olduqları yəqinliyi  yoxdur. Elə olsaydı bütün şairlərə ən az Faiq müəllim qədər doğmalıq duyardım, əziz  olardılar və  ruhumu çəkən tərəflərindən həqiqətən qohumluq əlaqəsi hiss edərdim.
Çağdaş ədəbiyyat nümayəndələri arasında özünəməxsusluğu, yenilikçi olması ilə fərqlənən imzadı Faiq Balabəyli imzası. Müəyyən yaş dövrünə qədər sovet dönəmində yaşaması, təhsil alması onu millilik, türkçülük  duyğularından uzaqlaşdıra bilməyib. Vətənpərvərlik şair məziyyəti deyil, sırf vətəndaşlıq, insanlıq, vətən daşı olmaq istəyinin əmələ çevrilişidir. Mənəvi üstünlükdür, daxili istək və təmənnasız ehtiyacdır. Bu məziyyəti vətəndaş olaraq yaşatmaq, üstəlik şair məninə köçürmək də bir ayrı yüksəlişə rəvacdır. Faiq Balabəylinin şeirlərində, yazılarında yetərincə duya bildiyimiz bu hissi vətəndaş olaraq da əməllərində görə bilirik. Mənəvi dəyərlərə söykənən adamdı Faiq müəllim və bu xoş məram yaradıcılığına da yansıyır.

…Birdən göyün sinəsi dağım-dağım dağıldı,
ildırımlar çaxdı, külək əsdi… nə əsdi
Ağ atlı oğlan çıxdı buludların içindən
yad olan yad ellinin önün kəsdi, nə kəsdi.

Dəmir yumruğa döndü xalqın hirsi, hikkəsi
qovuldu köpək kimi düşmən torpağımızdan.
ətrafa səs saldıqca igidlərin nərəsi
torpağa can gəlirdi keçdikcə canımızdan…

Beləcə yoxa çıxdı əvvəl-əvvəl olanlar
qarğı atları minən kənd uşaqları da
sonradan böyüdülər,dəmir atlara minib
düşməndən bac aldılar, üstünə yürüdülər…(F.Balabəyli- Sonra…)

Müasir tariximizin şanlı səhifəsinə çevrilmiş böyük  Qələbəmizi şeir diliylə özünəməxsus incəliklə təsvir edib müəllif. Şəxsən mən bu bəndlərin arasından boylanan qəhrəman əsgər portreti ilə yanaşı Faiq müəllimin Vətən boyda sevgisini, sevincini görürəm.
Təkcə poeziyanın kapitanı deyil Faiq Balabəyli, ömrünün yarısı sularda keçib. Hədsiz dəniz sevgisi çəkib onu suların qoynuna. Həm də gəmi kapitanıdır. Bəlkə də mülayimliyi, bəzən də coşub –daşan çılğınlığı dalğalardan öyrənib. Suların səsidi bəlkə şeirlərindəki həzinlik. Nədisə dənizə oxşayır ara-sıra simasında şəkillənən təbəssümü…

 …Dalğalar həddi buluğa çatmış qız uşağıdı,
ayrılmaq istəyir dənizdən,
Gedir-gedir qayıdır,
sahildəkilərdən qorxur.
Hərdən
hirsini avarlı qayıqdan çıxır,
çırpılır onlara.
Eh, yosunlara nə var ki,
təmiz dəniz suyunda
yuyunub ətirləniblər.
Dalğalar sahil boyu
Şeir misrasıtək sətirləniblər. (F.Balabəyli – Dalğalar)

Necə gözəl təsvir, necə həzin lirika! Kökündə sevgi dayanan bütün  işlər gözəl olur. “Dalğalar” da sevgiylə ətirlənib deyə ilıq yaz mehitək hisslərini sığallayır insanın.
6 yanındakı sıfırı ilə birlikdə rəqəm kimi böyük görünə bilər, ancaq ömür üçün çoxdur deyə bilmərik. Cavanlığn başlanğıcı olsun qoy 60 yaş. Bir də yaşın qədəri yox, o yaşa sığdırdığın həyatdı ömür. Kimsə 100 il yaşayıb, iz qoymaz, kimsə də az ömründə ölməzlik qazanar. Mənasız çoxluq, dolu bir azlığın kölgəsində itir…
Faiq məllim dolu bir ömür yaşayıb. İzi var, yolu var. İşıqlıdı, aydınlığı ilə əhatəsindəki qaranlıqlara qənimdi. Sevgi rəngindədi əməlləri.
Müəllif bir şeirində deyir ki, sizin məndən xəbəriniz olmadı. Doğrudur, şeir başqa məna kəsb edir. Ancaq mahiyyətcə beynimdən keçən fikirlərə uyğunluq əxz etdiyindən mən öz yanaşmamı edirəm. 
Əziz Faiq müəllim, mənim sizdən xəbərim oldu. Və yaxşı ki, oldu! Şəxsinizdə bir insan tanıdım. Bütün titullardan, adlardan ötədir insanlıq. Vətən də, söz də, dəniz də, insanlar da sizi sevir. Sizin onları sevdiyiniz kimi…
Bu yaxınlarda “Bir ovuc kədər”iniz işıq üzü görüb. Təbrik edirəm, uğurlu olsun! Sözünüzdəki kədər həyatınıza  yansımasın. Sevinc dolu, bol uğurlu olsun ömrünüz. 
60-nız mübarək, dəyərli Faiq müəllim! Ümid edirəm ki, yubiley “hədiyyəm” ürəyinizcə olacaq. 

Share: