Qaqa, bir az yavaş ol… Burda qəlpə var….
Bağışla, qaqa…
İllər ötdü, az qala qərinədi. Ancaq hələ də, o cəhənnəmdəyəm. Bir dəfə Tərtərə getdim, həyəcanla yatdığım çarpayida uzandım. Elə bildim, cənnətdəyəm. Nə vecimə… Nə “qrad”, nə güllə səsi var. Elə rahatıydım.
Ancaq hələ də gecələr, yuxumda snayper tüfənglərinin bülbül kimi cəh-cəh vuran səsinə hövlanak oyanıram. Hələ də, o günlərdəyəm.
İllər əvvəl yazdığım, dediyim sözün üstündəyəm. Nə qədər ki torpaq yoxdu, xeyri olmayacaq. Kişilər qadınlarından, qadınlar kişilərindən, analar qızlarından, qızlar analarından, oğullar atalarından küsəcək…
Bura kompleksli insanların vətənidir. Burda heç kim xoşbəxt olmayacaq. Burda bütün körpələr yarım doğulacaq, burda hamı yarım qalacaq.
Qarabağ döyüşlərinə qatılmağımı həyatımın hansısa ayrıca, xüsusi bir mərhələsi hesab eləmirəm. Çünki bu döyüşlər sadə bir insanın payı idi. Həmişə inanmışam ki, bu məmləkət son qarış torpağına qədər azad edilməyincə, kimsəyə sakit həyat yoxdur. Bu mənada mənim üçün Qarabağ döyüşü hər kəsin öz döyüşü olmalıydı. Mən bu döyüşü öz döyüşüm kimi qəbul edənlərdən biri oldum…
Hərdən düşünürəm ki, bəlkə də mən doğmalarıma, yaxınlarıma qədim hind brəhmənlərinin, ya da böyük mübarizə adamlarının yanaşdığı kimi yanaşmışam. Birincilərin həyat fəlsəfəsi belədir ki, onlar nə doğmalarına çox bağlanırlar, nə onların özlərinə çox bağlanmalarına imkan verirlər. Mübarizə adamları isə mübarizələrində hər şeyi, hətta ölümü belə göz önünə almadıqlarından doğmalarının, yaxınlarının sonradan çox üzülməmələri üçün əllərindən gələni edirlər.
Mən istəmirəm, özümü ixtiyar qocaların və qadınların, məni tanıyan insanların yanında xəcalətli hiss edim. Mən düşünürəm, görəsən nə vaxtsa Xocalı əsirliyindən qayıdan qadınların üzlərinə necə baxa biləcəyik. Qayıtsalar…
Mənim mübarizəyə münasibətimlə sevgiyə olan münasibətim də eynidi…
Özüm-özümdən hürkürəm, çünki sevgim yarımçıqdır. Bundan böyük bədbəxtlik, sevgidə bundan böyük natamamlıq olarmı? Belə sevgi bir gün məni ondan, onu məndən bezdirməzdimi?
İlham Tumas