“Mənzillərimizi vermirlər…” – Korlar məhəlləsindən reportaj

“Mənzillərimizi vermirlər…” – Korlar məhəlləsindən reportaj

Kulis.az Günəş Mərdin Korlar məhəlləsindən olan reportajını təqdim edir.

– Vüqar, reportaja gedirəm. Mənlə gələrsən?

– Hara gedirsən?

– Korlar məhəlləsinə.

– Hə. Gözlə saçımı düzəldim gəlirəm.

– Yaxşı.

– Ya da düzəltmirəm. Onsuzda adamlar görmür.

– Elə demə günahdır.

–Yaxşı da, zarafat edirəm. Gedək.

Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən Korlar məhəlləsinə getdikdə həmkarım Vüqarla aramızda belə bir dialoq oldu. Vüqarın zarafatı pis olsa da, həqiqət idi. Vaxt itirmədən görmə məhdudiyyətli adamların yaşadığı bu ünvana yola düşdük.

İnternetdə qeyd olunmuş küçəyə çatdıq. Dəqiqləşdirmək üçün yol kənarındakı bir dükana yaxınlaşıb yaşlı kişidən soruşdum:

– Salam, dayı.

– Salam.

– Çox üzür istəyirəm, siz görürsünüz?

– Hə, görürəm.

– Bəs korlar məhəlləsi bura deyil?

– Yox. Bu küçəni bir az da yuxarı gedib sola dönün.

– Çox sağ olun.


Küçənin yuxarı başına çatdıqda qarşımıza bir neçə nəfər çıxdı. Dəqiqləşdirmək üçün bir də soruşmaq istədim. Vüqar təklif etdi ki, ondansa hansısa qapını döyüb soruşaq. Qarşımıza çıxan ilk qapını döydük. Yaşlı bir kişi qapını açdı. Salamlaşıb korlar məhəlləsinin bura olub-olmadığını xəbər aldım.

– Salam, dayı.

– Salam.

– Korlar məhəlləsi buradır?

– Hə buradır – deyir – elə mənim evimin yanındakı evlərdə bir neçə ailə yaşayır. Gözləri görmür. Siz nə üçün gəlmisiniz?

– Jurnalistik. Buradan reportaj hazırlamaq istəyirik.

– Hə.

Yan qapıları göstərib deyir.

– Elə gedin o qapılardan birini döyün açacaqlar.

–Yaxşı. Sağ olun.

Ardıcıl olaraq 2-3 qapını döysək də, içəridən səs-səmir çıxmadı. Buradakı evlərin əksəriyyətinin qapısı yox idi. Hava soyuq olsa da, qapıların yerində yayda olduğu kimi pərdə asılmışdı. Evlərin yan divarlarına isə böyük hərflə bu evlərin kimə məxsus olduğu yazılmışdı. Məsələn, Zəhranın evi, Hüseynin evi və s. Çöl qapısı açıq olan evlərdən birinə yaxınlaşdım. Evin girəcəyində paslanmış, üstü kirəclə örtülən bir qaz sobası gördüm. Deyəsən, bura mətbəx idi. Divarlardakı suvağın bir hissəsi qopub yerə tökülmüş bir hissəsi isə divardan asılı qalmışdı.

Görəsən, onlar həqiqətən burada yemək bişirirlər? – deyə düşündüm. Əslində, görmə əngəlli olduqları üçün bu mənzərə olduqca təbii idi. Amma belə adamların daha səliqəli və təmizkar olduqları haqqında da eşitmişdim. Mətbəxin yanındakı qapını döydüm. Heç kim açmadı. Şiddətli nəm qoxusundan daha içəridə qala bilməyib çölə çıxdım. Vüqarın təklifi ilə bu evlə üzbəüz yerləşən evə yaxınlaşdıq. Qapını eynəkli, iri bədənli bir xanım açdı. Kim olduğumuzu soruşdu:

– Biz jurnalistik korlar məhəlləsindən reportaj hazırlayırıq.

– Hə. Elə mənim də bir gözüm görmür. Sizə nə danışmalıyam?

– Yaşayış tərziniz, həyatınız bizə maraqlıdır.

– Əslində, o qədər də maraqlı həyatımız yoxdur. Yaxşı, gəlin keçin içəri.

Evə girdikdə tez ortalığı yığışdırmağa başladı.

– Üzrlü sayın, ev bir az dağınıqdır. Vaxtım olmayıb yığışdırmağa.

Utandığını, hədsiz narahat olduğunu görüb təsəlli etməyə çalışdım.

– Yox narahat olmayın. Hər şey qaydasındadır. Eviniz çox səliqəlidir. Sizə ev işlərində kim kömək edir?

– 8 yaşında bir qızım var. Hərtərəfli dayağımdı. Təmizlik işlərində nəsə gözümdən qaçırsa, xəbər verir mənə.

– Adınız nədir?

– Güllü. Bura qeyri-yaşayış yeridir.

– Neçə ildir buradasınız?

– Artıq 4 ildir. Bundan öncə kirayədə qalırdıq. Buranı özümüz almışıq.

– İşləyirsiniz?

– Yox, gözdən əlil olduğum üçün çox yerdə işə götürmürlər. Təqaüd alıram. Əvvəllər tibb bacısı kimi işləyirdim. Getdikcə gözüm zəiflədiyi üçün işdən çıxardılar.

– Nə vaxtdan gözünüzdə problem yaranıb?

– 10 yaşımdan. O vaxt gözümün birinə daş dəydi. Amputasiya etdilər. Digər gözüm isə illər keçdikcə zəifləyib.

– Görmə əngəlli insanlar necə yaşayır?

– Çətin. Məndən çətin yaşayanlar, heç görməyənlər də var.

– Onlar da bu məhəllədə qalırlar?

– Hə. İstəsəniz siz aparıb tanış edərəm.

– Olar. Ev soyuqdur. İstilik sistemi quraşdırılmayıb?

– İran peçimiz var. O da evi bir qədər gec isidir. Həm evin tavanında problem olduğu üçün yağış yağdıqda daha da çətinlik çəkirik.

– İşıq pulu, qaz pulunu ödəyirsiniz?

– Bəli, ödəyirəm.

– Hansısa güzəşt olunur?

– Xeyr. Normal insanlar necə ödəyirsə, biz də elə. Sadəcə bizə daha çətin olur.

– Yoldaşınız var?

– Yox…

– Övladınızla münasibətiniz necədir?

– Çox yaxşıdır. Dərslərini də yaxşı oxuyur. Deyir ki, böyüyəndə göz həkimi olub gözümü sağaldacaq. Digər gözdən əlillərə dayaq olacaq.

– Bu məhəllə necə yaranıb?

– Bura Gözdən Əlillər Cəmiyyətinin 1 nömrəli müəssisəsinin ərazisi olub. 1993-cü ildən sonra bağlanıb. Həmin dövrdə əraziyə gələn gözdən əlilliyi olan şəxslər burada məskunlaşıblar. Qaçqınlıq düşəndə qaçqınların da bir hissəsi bura gəlib.

– Sizin bir gözünüz görür. Bəs, ümumiyyətlə, görməyən insanlar burada necə yaşayır?

– Bayaq bir xanımı DOST mərkəzinə apardım onun özünün və yoldaşının gözləri görmür. Harasa getmək lazım olanda kimdənsə xahiş edirlər, yalvarırlar. Həmişə onlara dəstək olmağa çalışıram. Özüm də onların yaşadığını yaşayıram deyə nə hiss etdiklərini çox gözəl başa düşürəm. Qızıma da tapşırıram ki, gözdən əlillərə dayaq ol. Yolda görəndə əlindən tut apar.

– Bizi bayaq dediyiniz görmə əngəlli ailəyə apara bilərsiniz?

– Hə, gözləyin əvvəlcə zəng edim xəbər verim.

Telefonunu gətirməyə getdi. Evə göz gəzdirdim. Əşya ilə dolu olan iki balaca otaqda soyuq, rütubət və yemək qoxusu bir-birinə qarışmışdı. Evin bir küncündəki guşədə isə qızının balaca vaxtından ta indiyədək müəyyən yaş dövrlərində çəkilən şəkilləri asılmışdı. Burada bircə dənə də olsun ailəvi şəkil yox idi. Yoldaşından sual verəndə duruxub qalmağından, sərt şəkildə “yoxdur” deməyindən vəziyyətin nə yerdə olduğunu az-çox başa düşmək olurdu. Elə bunları düşünürdüm ki, əlində telefonla gəldi.

Məleykə adlı bir xanıma zəng edib telefonu səsucaldıcını qoşdu. Xanımla danışmağa başladılar.

– Salam Məleykə. Bizə jurnalistlər gəlib. İstəyirsən səndən də yazsınlar?

– Onlara de əgər digərləri kimi gəlib danışdıqlarımızı yazmayacaqlarsa, gəlməsinlər. Bizə lazım deyil – xanım hirsli şəkildə dedi.

– Elə edəcəksiniz? – Güllü xanım üzümə baxıb soruşdu.

– Yox necə varsa elə də yazacayıq – dedim.

Bir təhər getməyimizə razı oldu. Qapının ağzında arıq bir kişi dayanmışdı. Güllü xanım bizə onunla tanış edib nə üçün gəldiyimizi başa saldı.

– Elnur Məleykənin yoldaşıdır. Elnur, bunlar da jurnalistdirlər.

– Hə xoş gəliblər keçsinlər içəri. Amma elə edin ki, bu qara pişik içəri girməsin – kişi dedi.

Elə bu vaxt qapının ətrafına baxdım. Heç bir pişik yox idi…

Güllü xanım gülərək cəld “Narahat olma. Girsə, bir gözümlə çıxaracam onu” dedi.

Evə daxil olduq. Balaca bir otaqda olan çarpayı, divan və yemək masası buranın həm qonaq, həm də yataq otağı kimi istifadə olunduğunu göstərirdi. Ev balaca olsa da, səliqəli idi. Məleykə xanım mətbəxtdən yanımıza gəldi.

– Xoş gəlmisiz. Sizə nə danışsaq hamısını yazacaqsınız?

– Bəli.

– Nə yaxşı. Bir neçə dəfə çəkiliş gəlib. Bizə lazım olan hissələri kəsib çıxarıblar. Allah sizin kimi insanlardan razı olsun ki, qapımızı döyürsünüz

– Elnur bəylə necə tanış olmusunuz?

– Eyni məktəbdə oxumuşuq. Elə orada da bir-birimizi bəyənmişik.

– Neçənci sinifdə?

– Mən 6-cı sinifdə oxuyanda Ceyhun bizim sinfə gəldi. Onun gözləri sonradan tutulub. Elə orada tanış olduq.

– Hansı məktəbdə oxumusunuz?

– Gözdən əlillər üçün ayrıca məktəb var orada. Bizdə gözdən əlillər üçün ancaq məktəb var. Universitetlər, institutlar yoxdur.

– Bəs dərnəklər var?

– Hə var. Gözdən əlillər domino, şahmat yarışlarına gedirlər. Hətta bu yaxınlarda bizim bir gözdən əlilimiz şahmat yarışında ikinci yeri tutdu. Əlillər arasında yarışmalar keçirdirlər. Gözdən əlillər çox aktiv olur. Mənim tanıdıqlarım arasında o qədər gözdən əlil hüquqşünaslar, tarix müəllimləri var ki.

– Gündəlik həyatda nə işlə məşğul olursunuz?

– Səhər yuxudan oyanıram. Yoldaşım kollecdə oxuyur. Onu yola salıram.

– Hansı kollecdə?

– Bir Saylı Tibb Kollecinin masaj bölümündə oxuyur. O, dərsə gedir, evə gələnə qədər yemək hazırlayıram, ev işlərini görürəm. Beləcə yaşayırıq.

– Təmizlik işləri çətin olmur?

– Öyrəşmişik artıq. Mənim gözdən əlil rəfiqələrimin də hamısının ailələri, övladları var. Onlar da bütün gündəlik ev işlərini özləri görürlər.

Güllü xanım kənardan dillənir: Hər şey də bacarır. Bir ləvəngi bişirir gəl görəsən.

– Xəbər etsəydiniz sizə də bişirərdim.

– Hansı çətinlikləriniz olur?

– Evdə heç bir problemimiz olmur. Daha çox harasa gedəndə kimdənsə asılı oluruq. Onda da yaxşı insanlar sağ olsunlar bizə kömək edirlər. İndiyədək kimdən kömək istəmişiksə, canla başla yardımçı olub.

Hazırda ən böyük dərdimiz mənzil problemidir. Çətinlik hər bir ailədə ola bilər istər, əlil istərsə də normal. Şükür ki, elə də böyük problemimiz yoxdur. Amma bu ev bizim üçün çox dardır. Maddi sıxıntılarımız çox deyil.

– Ayda nə qədər pul sizə kifayət edir?

– Daha çox kommunal ödənişlərə və yeməyə pul gedir. Yəqin ki, bilirsiniz bizə kommunal ödənişlərdə güzəşt olunmur.

– Hazırda işləmirsiniz?

– Yoldaşım oxuyur, mən də işləmirəm.

– Anadangəlmə görmə əngəllisiniz?

– Mən hə. Yoldaşım sonradan olub.

– Hansısa rəng haqqında təsəvvürünüz var?

– Yox. Heç bir rəngi görməmişəm.

– Müalicə olunsanız sağala bilərsiniz?

– Yox, bunun müalicəsi yoxdur. Sonradan qazanılmış korluqda müalicə mümkün olur. Anadangəlmə olduqda isə düzəlmir.

– “Ən çox nəyi görmək istərdiniz? Ümumiyyətlə, görmək istərdiniz?” – Vüqar soruşur.

– Əlbəttə ki, istəyərdim. Kim kor olmaq istəyər?! Heç kimdən asılı olmaq istəmirəm. İstədiyim kimi işləmək, yaşamaq istəyirəm.

– Cəmiyyətdə sizə münasibət necədir? Özünüzü yad kimi hiss edirsiniz?

– Əsla. Harada olmuşamsa, mənə çox hörmətlə yaşayıblar. Heç vaxt bu qüsuru üzümə vurmayıblar. Bazara-filan gedəndə o qədər hörmət edirlər ki, bizə. Zənbilimizi daşıyırlar, avtobusa qədər ötürürlər.

Hətta elə olur bazarda bizdən kömək istəyirlər. Məsələn, parça alanda deyirlər ki, bax gör bunun materialı necədir. Sən daha yaxşı hiss edirsən. Allah bir tərəfdən alıbsa, bir neçə tərəfdən də verib. Əllərimizdə çox gözəl hissiyat var. Ona görə masaj salonlarında da çox vaxt gözdən əlillər çalışır.

– Bu hissiyyat necə yaranır?

– Bəlkə də, görmüsünüz biz hərfləri nöqtələr ilə oxuyuruq.

– Toxunaraq?

– Bəli, xırda-xırda nöqtələrə barmaq uclarımız ilə toxunub oxuyuruq.

– Bəs telefon istifadə edə bilirsiniz?

– Telefonda gözdən əlillər üçün danışıq proqramı var. Bu proqrama daxil olduqda saata qədər hər şeyi deyir bizə.

Telefonu açıb göstərir.

– Sizin ekrandan gördüklərinizi o bizə səsli şəkildə deyir.

– Namaz tətbiqi var burada. Namaz qılırsınız?

– Bəli.

– Çətin olmur?

– Yox. Digər işləri necə görürəmsə, bunu da elə edirəm.

Bu vaxt Vüqar öz maraq dairəsinə uyğun olaraq ondan kitab oxuyub-oxumadığını, gözdən əlillər üçün xüsusi kitabların olub-olmadığını soruşur.

– Bəli, var. Gözdən əlillər üçün hərfli kitablar çox az olsa da, kifayət qədər audio kitablar var. “Gənclik”də bizim üçün xüsusi kitabxana da var.

– Nə yaxşı.

– Hansı kitabı istəsək, gözdən əlillər kitabxanasına abunə olmaqla səsli kitabları götürüb fləşkartımıza yükləyirik.

– Sonuncu dəfə hansı kitabı oxumusunuz?

– Dəqiq adını deyə bilməyəcəm. Amma həm yerli, həm də xarici kitablar oxuyuram.

– Azərbaycanlı yazıçılardan kimi oxumusuz?

– Bu yaxınlarda bizim kitabxanaya qonaq gələn Nurəddin Mehdixanlını. Kitabxanamıza ondan başqa da yazıçılar, şairlər Elxan Elatlı, Vahid Əziz və başqaları gəlir.

– Eviniz olduqca dardır – deyirəm.

– Olar bizim mənzil problemimizdən də yazasınız?

– Əlbəttə, olar.

– Nərimanovda gözdən əlillər üçün nəzərdə tutulan beş bina var. Əlillər Cəmiyyətinin sədri o mənzillərdən birini belə gözdən əlillərə vermir. Hazırda əlimizdə səndəllər də var.

Yan otağa keçib bir qovluq sənədi gətirib qarşıma tökür.

– Baxın. Bizə uzaq yerlərdə, məsələn, Sumqayıtda mənzil verirlər. Başa düşmürlər ki, bura öyrəşmişik. Orada yaşaya bilmərik. Heç olmasa burada da olmasa, şəhərə yaxın bir yer versinlər. Biz buranı bəyənirik. Burada normal bir bina olsa, heç yerə getmərik.

Baxın bu sənəddə bizə ayrılan mənzillər göstərilib. Amma Gözdən Əlillər Cəmiyyətinin sədri deyir ki, sizə sizin üçün elə mənzillər ayrılmayıb. Bir ara o binaya basqın etdik. Bu bizim haqqımızdır. Onlar ayrılan mənzilləri ayrı-ayrı şirkətlərə satıblar.

­– Məsələ ilə maraqlanacağıq. Övladınız var?

– Yox. Mənim yanımda görən bir adam olsa, istənilən yerdə yaşaya bilərəm. Bəlk,ə övladım olsa, onun gözləri görər…

– Ən çox nəyi görmək istəyərdiniz?

– Hər şeyi görmək istərdim. Ən çox da təbiətin gözəlliklərini.

– Özünüzü görmək istəyərdiniz?

– O qədər çox istərdim ki…

– Sizcə necə görünürsünüz?

– Əlimlə toxunduqda gözlərimin, dodaqlarımın, burnumun, yanaqlarımın necə olduğunu hiss edirəm. Toxunmaqla heç tanımadığım adamın belə necə olduğunu deyə bilərəm.

– Sizcə, mən necə görünürəm?

Qarşısına keçib əyləşirəm. Əli ilə üzümə toxunur.

– Qəşəng qaşlarınız var. Kirpikləriniz uzundur. Özümdə görə bilməsəm də, qadınlarda ən çox saçları sevirəm.

– Elnur bəylə yola gedə bilirsiniz? Mübahisələriniz olur?

– O qədər olur ki.

– Nəyə görə?

– Ən çox da zəhrimar siqaretə görə – Elnur bəy deyir.

– Deyirəm, Elnur, niyə ona o qədər pul verirsən? O pulu yeməyinə ver bir az kökəl. Qulaq asmır. Elə ona görədir dərmanları sıra ilə düzüb.

Vüqar şəkil çəkdirmək istədiyini deyir etiraz etmirlər. Hər üçü divanda əyləşdi.

– Zəhmət olmasa səsinizi çıxarın biz hara baxmalı olduğumuzu bilək – Elnur bəylə Məleykə xanım hər ikisi eyni anda dilləndi.

Şəkillərini çəkdim. Çay təklif etsələr də, işə qayıtmalı olduğumuzu bildirdik. Məleykə xanım nömrəsini verib gələn dəfə gəlməzdən öncə xəbər etməyimizi xahiş etdi. Bildirdi ki, öncədən xəbər etsək, bizə çox dadlı ləvəngi bişirəcək. Beləcə bu dar məhəllə və onun gün işığına həsrət qalmış sadə, səmimi sakinləri ilə sağollaşıb işə geri döndük.

Share: