Məqsəd  FƏRHADOV : Dənizə gəlməyimə heç vaxt peşman olmamışam

Məqsəd  FƏRHADOV : Dənizə gəlməyimə heç vaxt peşman olmamışam

Müstəqil.Az saytının “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyi ilə birgə olan “Dənizçi həyatı” layihəsinin budəfəki qonağı AXDG QSC XDND idarəsi rəisinin 1-ci müavini Məqsəd Fərhadovdur

 

– Məqsəd müəllim, öncə sizi II Qarabağ Savaşında qazandığımız parlaq qələbəyə, Sizin doğma yurdunuz Füzuli də daxil olmaqla işğal altında olan torpaqlarımızın azadlığı münasibəti ilə təbrik edirəm. Gözünüz, gözümüz aydın. Qələbə haqqında nə deyərdiz?

– Azərbaycan xalqı tarixinin ən şanlı, şərəfli və qürurverici günlərini yaşayır. Xalqımız təqribən 30 ilədək davam edən bir ləkəni üstündən təmizlədi. 1 milyondan artıq insan, həmçinin də özüm də daxil olmaqla 30 illik bir müddətdə köçkünlük acısı yaşadıq, dədə-baba torpaqlarımızdan ayrı düşdük. Bu hisslərin nə qədər ağrılı-acılı olduğunu sözlərlə ifadə edə bilmirəm.

Ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin gecə saatlarında xalqa verdiyi bu Qələbə müjdəli xəbəri bütün Azərbaycanı ayağa qaldırdı. Böyükdən-kiçiyə hamı bu müjdənin bəxş etdiyi sevinci yaşadı, paylaşdı və paylaşmaqda davam edir.

Ermənistan qəsbkarlıq niyyəti ilə başladığı işğalçılıq müharibəsində məğlub tərəf oldu. Əzəli Azərbaycan torpağı olan Qarabağımızın geri qaytarılması, xalqın və haqqın Qələbəsidir!

– Məqsəd müəllim, Sizin doğma rayonunuz Füzuli işğal olunanda yeniyetmə olmusuz, yaddaşınızda necə qalmışdı o yerlər?

-Müharibə başlayan zaman mənim 9 yaşım var idi. Məsumluğu müharibənin məhrumiyyətlərinə tuş gəlmiş bütün uşaqlar kimi, doğru-dürüst uşaqlıq yaşamadığım üçün zədələnmiş, travmalı uşaqlığıma görə müharibə mənim düşmənimdir. Vətənində müharibə gedirsə, atəş xəttindən yüz kilometrlərlə uzaqda olmağın heç nəyi dəyişmir. Düşmən güllələri sənin arzularını, ümidlərini öldürür. II Qarabağ Savaşında mənim yaşadığım vəziyyətə nəinki sərhəd rayonlarımız, kəndlərimiz, hətta Gəncədə, Bərdədə, Tərtərdə yaşayan uşaqlar da şahid oldu.

Yaşadığım kənd Xocavənd rayonu ilə sərhəd olduğu üçün, müharibənin ilk günlərində ön mövqelər, səngərlər bizim kənddə qurulmuşdu. Bu səbəbdən kəndimiz intensiv güllə-boran olunurdu. Artıq bu şəkildə yaşamağı öyrənmişdik. Sanki o günlərin çətinlikləri məni daha mübariz, cəsur etmişdi. Artıq 12 yaşım olanda, mən avtomatdan atəş açır və hədəfləri vura bilirdim. 1993-cü ilin avqust ayının 15-də doğma kəndimizi  məcburi tərk etdik. 8 gün sonra isə Füzuli rayonu işğal olundu. Mən müharibə içində böyüdüm. Doğulduğum o yerlərin hər bir dağına, cığırına, yoluna bələdəm. Daim yuxularımda doğma torpaqlarımı görürəm. Bir gün həmin torpaqlara qayıdacağımıza əmin idim və şükürlər olsun ki, Ali Baş Komandanın rəhbərliyi ilə biz buna nail ola bildik.

– Bu arada elə oxucularımıza özünüz haqda məlumat verərdiz.

-Mən Fərhadov Məqsəd Aris oğlu 17 yanvar 1979-cu ildə Füzuli rayonunun Dilağarda kəndində anadan olmuşam. 1997-ci ildə orta məktəbi qızıl medalla bitirdikdən sonra Azərbaycan Dövlət Dəniz Akademiyasının “Gəmilərin hərəkətinin idarə olunması” fakültəsinə daxil oldum. Bakalavr pilləsini bitirdikdən sonra Akademiyada həmin ixtisasın magistratura pilləsinə daxil oldum və magistr elmi dərəcəsinə yiyələndim. Çalışdığım peşə üzrə bilik səviyyəmi artırmaq məqsədilə 2015-ci ildə Akademiyanın “Gəmiçilik və su nəqliyyatının istismarı” dokturantura pilləsinə daxil olmuşam.  Hal-hazırda müdafiəyə hazırlaşıram. Bu gün bu vəzifədə çalışıramsa, bunda Akademiyanın bütün müəllimlərinin də payı var. Bunun üçün Akademiyanın müəllim kollektivinə ayrıca təşəkkür edirəm.

2001-2002-ci illərdə Xüsusi təyinatlı hərbi hissədə xidmət etmişəm. İş fəaliyyətimə DND-nin gəmilərində başlamışam, sonra isə XDND-nin gəmilərində davam etdirmişəm.  Ardıcıl olaraq matros, kapitanın 3-cü köməkçi, 2-ci köməkçi, baş köməkçi və “General Əsədov” və müxtəlif tipli gəmilərdə kapitan kimi çalışmışam. 2017-ci ildə Donanmanın İstismar xidmətinə rəis, 2019-cu ildə isə XDND-nin rəisin birinci müavini vəzifəsinə təyin olunmuşam.

Ailəliyəm, 1 qızım, 2 oğlum var. Bakıda yaşayıram, tezliklə doğma Füzulimizə qayıdacağım günü gözləyirəm.

-Məqsəd müəllim, Sizin  dənizçi olmaq istəyiniz hardan yarandı?

-Hər birimiz orta məktəbdə oxuyarkən hansısa peşəni xəyal edirik. Səmimi deyim ki, heç vaxt dənizçi olacağımı düşünməmişdim. 11 il Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına hazırlaşdığım halda, Dəniz Akademiyasına daxil olub “Şturman” olmaq qərarını verdim. Bunun ən böyük səbəbi isə 90-cı illərdə iş tapmağın nə qədər çətin olması idi. Həmin zamanlar ADDA-nı ən yaxşı qiymətlərlə bitirən tələbələrin işlə təmin olunması fikrimi dəyişdirdi və Dənizçi olmaq qərarını verdim. Təhsil aldığım illərdə göstəricilərimin yüksək olmasına xüsusi diqqət edir və ixtisasım üzrə savadlı kadr olmaq üçün əzmlə çalışırdım. Sonda ADDA-nı bitirdim və Gəmiçiliyə təyinat alan 5 nəfərdən biri oldum. İndi düşünürəm ki, həyatımın ən doğru qərarını vermişdim.

– Sizinlə “Dənizçi həyatı” layihəsində həmsöhbət oluruq. Sizin üçün dənizçi həyatı başqa zümrənin adamlarının həyatından nə ilə fərqlənir?

-Dənizçi həyatı ilə başqa zümrənin adamlarının həyatını fərqləndirmək üçün bir misal göstərmək olar. Belə ki, hər hansı müəssisədə çalışan insan, iş yoldaşı ilə 8 saat bir yerdə olur. Lakin gəmidə 15-20 nəfər ilə ən azı bir  neçə ay birlikdə yaşayıb, işləyirsən. Belə olan halda hər kəs bir-birini bir ailə üzvü kimi yaxından tanıyır, onun xasiyyətinə tam bələd olur. Əgər kapitan heyyət arasında birlik və həmrəylik yarada bilirsə, bütün çətinliklərin üstündən asanlıqla gələ bilər.

-Dəniz həyatınızda hansı müsbət tərəfi ilə yadda qalıb, yorulmamısız ki?

-İdarəyə gəlməmişdən əvvəl son 5 il ərzində “General Əsədov” sərnişin gəmisində kapitan vəzifəsində çalışmışam. Hər dəfə 500 nəfər getmə, 500 nəfər gəlmə olmaqla Dəniz Vağzalı-Neft Daşları, əksinə Neft Daşları-Dəniz Vağzalı səfərlərini icra etdiyimiz üçün, gəmidə müxtəlif xasiyyətə uyğun insanlar daşımışıq. Bu hal dənizdə çalışmağımın müsbət tərəfidir və nəticədə insanları yaxşı tanıyıram.

Dənizdə işləməkdən yorulmamışdım. Lakin dənizdə çalışan zaman insan ailəsi, dostları üçün darıxır və bunların nə qədər şirin olduğunu dərk edir. Belə ki, dənizdə olan zaman istədiyin vaxt ailəni, dostlarını görə bilmirsən. Eyni zamanda, bəzi şeylər dənizdə sənin üçün əlçatmaz olur. Məsələn, ürəyinin istədiyi, dəyəri 1 manat, hətta ondan da az olan hər hansı bir şeyi gəmidə əldə edə bilmirsən. Onda anlayırsan ki, bax budur dənizçi həyatı.

 

– Gənc yaşınızdan karyeranızda yüksəliş müşahidə olundu. Kapitan vəzifəsinə yüksəldiz, sonradan idarəetməyə, irəli gətirildiz. Gəminin sükanından ayrılıb, idarəyə gələndə hər hansı çətinlik, məsuliyyət sizi düşündürdümü ki, birdən alınmaz.

-Ümumiyyətlə mən uşaq yaşlarından iddialı olmuşam. Həmişə böyük hədəflərim olub və bu hədəfə nail olmaq üçün daim çalışmışam. Mənim üçün hər hansı son nöqtə yoxdur, yəni hər hansı uğur əldə edib dayanmaq mənim həyat fəlsəfəmə xas xüsusiyyət deyil. Uşaq vaxtı ilk hədəfim ali təhsil almaq olmuşdur. Bunun üçün Dəniz Akademiyasına daxil oldum. Növbəti hədəfim ixtisasıma uyğun olaraq gəmi kapitanı olmaq idi. Gəmi sürücülüyü ixtisasını bitirən şəxslərin kapitan olma ehtimalı onsuz da böyükdür. Lakin mənim hədəfim maksimum ən tez zamanda kapitan olmaq idi və bu həfədə nail olaraq 28 yaşında kapitan oldum. İdarəyə gətirilməyim barədə tərəfimdən heç bir müraciətim olmamışdır. Hesab edirəm ki, İdarəyə gətirilməyimin səbəbi kapitan kimi işlədiyim dövrdə özümü yaxşı mənada göstərməyim olmuşdur və nəticədə bu kimi hallar Cəmiyyətin rəhbərliyi tərəfindən vəzifəyə gətirilməyimə səbəb olmuşdur. Belə ki, kapitan kimi fəaliyyət göstərdiyim gəmilər həmişə Donanma üzrə nümunəvi gəmilər olmuşdur və “Sabit Orucov” gəmisi ilin gəmisi seçilmişdir. Gəminin sükanından ayrılsam da, hesab edirəm ki, hal-hazırda Donanmada da vacib vəzifədə çalışıram. Gəmidə işləməyin öz çətinlikləri olsa da, amma faktiki olaraq İdarədə işləmək gəmidə işləməkdən daha çətin və məhsuliyyətlidir.  Donanmanın  1-ci müavini vəzifəsini icra etdiyim üçün iş saatım demək olar ki, 24 saatdır. Belə ki, Donanmanın gəmilərində müxtəlif vəzifələr üzrə çalışan 3 mindən artıq işçinin günün istənilən vaxtı hər hansı problemi yarana (ailə vəziyyəti, xəstəlik və s.) bilir və bununla bağlı mənə müraicət olunur. Eyni zamanda, Sifarişçi təşkilatlara xidmət göstərən gəmilərdə yaranan problemlər, qəza halları və s. hadisələr haqqında günün istənilən vaxtı mənə zənglər olunur. Mənim xarakterimdə alınmaz deyə bir şey yoxdur. Bu səbəbdən İdarəyə gələn zaman “birdən alınmaz” sualını heç bir zaman özümə verməmişəm. Çünki çalışdığım sahə dənizçilik sahəsidir və fikrimcə bu sahə üzrə təhsilim, bilik-bacarığım yetərincədir. Eyni zamanda, həm DND-də, həm də XDND-də çalışmağım, hər iki Donanmanın balansında olan gəmiləri tanımaqda, həmçinin hansı işlərin icra olunmasından tam məlumatlı olmağım işlərimi çox asanlaşdırır.

– Hazırda XDND-də donanma idarəsinin rəisinin 1-ci müavini olaraq işlədiyiniz müddətdə hansı yeniliklərə, təşəbbüsə imza atdınız?

-Mən ilk olaraq Donanmanın istismar xidmətinə rəis vəzifəsinə gəlmişəm. İstismar xidməti Donanmanın ən aparıcı xidməti olduğu üçün, ümumiyyətlə Cəmiyyət üzrə daim diqqət mərkəzindədir. Bu səbəbdən ilk olaraq Donanmanın balansında olan gəmilərin faktiki mövqeyi və ehtiyatları və s. haqqında məlumatın əldə olunması üçün online sistemin yaradılmasına nail oldum. Hal-hazırda DİX-nin online sistemi vasitəsilə hər bir gəminin faktiki vəziyyəti və gördüyü işləri əldə etmək mümkündür və bu sistem online olduğu üçün, Cəmiyyətin sədri də daxil olmaqla, ASCO-nun və Donanmanın bütün rəhbərliyi tərəfindən daim izlənilir. Dənizçilərin İdarədə sənədləşdirmədə əziyyət çəkməməsi üçün, bəzi iş proseslərinin maksimum şəkildə online rejimdə həyata keçirilməsinə nail oldum. Eyni zamanda, Donanmada daimi fəaliyyət göstərən komissiyanın fəaliyyətinə yenidən baxılması və işlək vəziyyətə gətirilməsi üçün müəyyən tədbirlər gördüm. Bu siyahını uzatmaq da mümkündür.

– Heç kəsə şübhəli gəlmir ki, AXDG QSC özünün yeni-yeni layihələri ilə yaxşılıqlara doğru dəyişir. Daha nə etmək olar ki, bu yeniliklər yeniləri ilə əvəzlənsin.

-Bildiyiniz kimi, hal-hazırda ASCO dünyanın bir çox iri dənizçilik şirkətləri ilə rəqabətdədir. Son zamanlar ASCO tərəfindən müasir tələblərə cavab verən (DP-2, DP-3) gəmilər alınır və ya tikintisi üçün Bakı Gəmiqayırma Zavoduna sifarişlər verilir. Çox əvvəllər Donanmanın gəmilərində başqa millətlərdən olan dənizçilər üstünlük təşkil edirdi. Lakin 1996-cı ildən ulu öndərin rəhbərliyi ilə Azərbaycan Dövlət Dəniz Akademiyasının yaradılması və Akademiyada müasir tələblərə cavab verən dənizçilərin yetişdirilməsi kadr çatışmazlığının aradan qaldırılmasına nail olmuşdur. Eyni zamanda ASCO yarandıqdan sonra Akademiyada təhsilin keyfiyyəti xeyli artmışdır. Belə ki, ASCO tərəfindən Akademiya üçün yeni avadanlıqlar alınmışdır. Hal-hazırda bizim üçün ən mühüm yenilik, müasir tələblərə cavab verən yeni gəmilərin alınması və gənc kadrların ən yüksək biliyə malik olmasıdır. Bunun üçün ASCO tərəfindən müvafiq tədbirlər görülür. Son zamanlar Akademiya ölkə üzrə ən reytinqli ali təhsil ocaqları sırasındadır. Belə ki, qəbul imtahanında 600-700 bal toplayan gənclər Dəniz Akademiyasını seçirlər. Dənizçi işi çətin olsa da, karyera yüksəlişi və əmək haqqının yüksək olması ilə seçilir.

Çox da uzaq olmayan keçmişdə üzən heyyətdə idiz. Bu gün dənizçilərimizin sosial şəraiti o vaxtın şəraiti ilə seçilirmi? Seçilmirsə, rəhbər işçi olaraq nələri təklif edərdiz?

-Mütləq şəkildə çox seçilir. Məsələn, 10 il əvvələ qayıtsaq, hal-hazırkı vəziyyətdə çox böyük fərq var. Əsasən dənizçilərin qidalanması hal-hazırda çox yüksək səviyyədədir, ərzaq təminatı yaxşıdır. Eyni zamanda, bizim xaricdə gördüyümüz müasir gəmilər hazırda bizim Donanmanın balansında mövcuddur və bizim dənizçilər həmin gəmilərdə çalışırlar. Gəmiçilik tərəfindən dənizçilərin sosial vəziyyətinin daha da yaxşılaşdırılması üçün daim müvafiq işlər görülür, yoxlamalar keçirilir, dənizçilərin fikirləri soruşulur.

– Yenədə dənizçi həyatınıza qayıdaq. Heç olubmu Dənizə gəlməyinizə peşiman olasınız?

-Dənizə gəlməyimə heç vaxt peşman olmamışam. Lakin gəmidə çalışan zaman çətin günlərim çox olub. Bir neçə dəfə çətin vəziyyətə düşdüyüm zamanlar olub. “General Əsədov”, “Şah İsmayıl Xətai”, “Nefteqaz-10” və s. gəmilərində çalışan zaman çox böyük fırtınalı hava şəraitinə düşmüşəm.  2012-ci ilin mart ayında baş vermiş hadisəni misal göstərmək olar. Belə ki, “General Əsədov” gəmisi ilə 500 nəfər sərnişinlə Neft Daşlarından Dəniz Vağzalına gələn zaman, hündürlüyü 7-8 metr olan dalğaya və fırtınalı havaya düşmüşük. 500 nəfər sərnişinin məsuliyyəti məni çox çətin vəziyyətə salmışdı. 5 saatlıq yolu 12 saata gəlmişdik. Bu səfərdə baş verənləri yazıya alsaq bir kitaba sığmaz. Lakin həmin səfər nə qədər ağır olsa da, növbəti gün heç bir şey olmamış kimi işimə davam etmişəm.  Hesab edirəm ki, bu bütün dənizçilərdə də belədir.

– Məqsəd müəllim, bildiyiniz kimi, Dənizçilərə Sosial Dəstək İctimai Birliyini təsis etmişik. Bir çox lahiyələrimiz olub və onları gerçəkləşdirmişik. Düzü, nəzərdə tutduğumuz, gerçələşdirmək istədiklərimizə hələ nəsib ola bilməmişik də demək olar buna. İşlərimiz, planlarımız çoxdur. Siz təcrübəli bir rəhbər işçi, dənizçinin həyatını, sosial durumunu yaxşı bilən kadr kimi, nələri məsləhət görərdiz?

-Hesab edirəm ki, “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinin tanınması və dənizçilərin inamını qazanmaq üçün müəyyən zaman lazımdır. Bəzən 5 dəqiqəyə həll ola biləcək məsələ, dənizçi üçün çətin problemə çevrilir. Az sayda kapitanlar var ki, heyyətə aid olan problemləri  aidiyyəti üzrə çatdırıb həll edə bilir. Eyni zamanda bildirmək istəyirəm ki, Cəmiyyətimizin hazırkı İdarəetmə Sistemində belə hallar üçün “Şikayətlərə baxılması” Proseduru mövcuddur. Bu Prosedur gəmilərimizdə tam şəkildə tətbiq olunarsa, gələcəkdə bu kimi problemlərlə üzləşmərik. Mən demək olar ki, hər gün gəmilərdə, körpülərdə oluram. Dənizdən gəldiyim üçün, dənizçilər rahat şəkildə mənə yaxınlaşaraq təkliflərini, problemlərini deyirlər. Məndə öz növbəmdə köməklik göstərirəm.

– Vaxt ayırıb müsahibə verdiyinizə görə təşəkkür edirəm.

-Mən təşəkkür edirəm, Dənizçilərə Sosial Dəstək İctimai Birliyinə yeni-yeni layihələrin icra olunmasında müvəffəqiyyətlər arzu edirəm. Hesab edirəm ki, sizin gördüyünüz və görəcəyiniz işlər dənizçilərin sosial rifah halının yüksəldilməsinə mühüm tövhə verəcəkdir.

Söhbətləşdi: Faiq Balabəyli

 

Share: