Kulis.az “İlin hekayəsi” müsabiqəsində iştirak edən Orxan Saffarinin “Mərcan xala və polipləri” hekayəsini təqdim edir.
Anamın ayaqqabı qutusuna yığdığı şəkilləri qarabaşağ kimi stolun üstünə töküb, arıtlayırdım. Daha doğrusu, öz uşaqlıq şəkillərimi axtarırdım. Amma heç nə tapa bilmədim. Yəni, tapdım, di gəl, tapmasam da olardı. Lap bu şəkillərdəki bəzi adamlar kimi. Mövcuddular, amma olmasalar da olardı…
Körpəlikdən bu yana cəmi iki şəklim qalıb. 90-larda çəkilən şəkillər lentalarda olduğuna görə, bütün şəkillərim də o lentalarda yanıb gedib. Amma indi nə var? Doğulmamış uşağın adına artıq səhifələr, profillər açılır, doğulandan sonra da uşaq şəkil-şəkil böyüyür. Xatirə sarıdan heç bir korluq çəkmirlər.
Ölümündən sonra evinə gecə zəngləri gələn, heç bir fəxri ad almayan, mehmanxanalarda gecələyən Qulu Əsgərov haqqında bilmədiklərimiz…
***
Üzü tanış gəlməyən qohum-əqrabanın, ölüb getmiş adamların, bir də heç vaxt üzbəüz gələ bilməyəcəyimiz adamlara qol-boyun şəkillərin içərisindən bir şəkil gözümü qamaşdırdı. Qəfil, şəklin içinə girmək istədim.
Mən deyim səkkiz yaşım var, şəkil desin doqquz, sizlər də on deyin, bitsin. İndi bu şəkillə, şəkildəkilərlə elə danışmaq istəyirəm ki…
Mərcan xala, nənəm, anam, pişik, bir də köçüb getmiş qonşum.
İndi danışacağım əhvalatda bu şəkildə olan hamı var. Bir də şəkillərə baxdığım otaqda, şkafın başından mənə baxan kukla…
Uşaqlıqdan bəri ad günümə alınan hədiyyələrdən tək qalanı da budur elə – kukla. Yəni, bəlkə də alıblar, amma yox olub gedib hamısı, qırmışam. Bircə bu kukla qalıb. Onu da Mərcan xalanın əri vermişdi.
İcazə verin, Mərcan xala və bu şəkil haqqında danışım.
Gözümü açandan onu tək yaşayan görmüşəm. Daha doğrusu, Mərcan xala, 200-ə yaxın kukla, pişik, bir də hərdən bir əri. Ona görə hərdən bir deyirəm ki, deyəsən, ayrılmışdılar. Ara-sıra gəlirdi evə. Bu hissəni nəsə bulanıq xatırlayıram. Həm də ailə daxili məsələdir deyə, ta dərinə getmirəm. Mərcan xala imkanlı adam idi. Jekdə işləyirdi. İşə getməsə də, maaşını vaxtı vaxtında alırdır. Qoy, bu məsələ ilə də dövlət strukturları məşğul olsun.
Özüm uzun müddət “kuklafobiya” ilə yaşamışam. Qorxurdum kuklalardan. Ta ki, tələbə olub 2-ci kursa gələnə qədər. Amma indi qorxmuram daha. Deyəsən, böyümüşəm… Qorxuma ən böyük səbəblərdən biri də Mərcan xala idi.
Yadıma düşür. Bir dəfə Mərcan xalanın bu şəkildəki pişiyi itmişdi. Anam bağçamızdan tapmışdı. Mərcan xala düz bir ay anama çoxlu hədiyyələr aldı. Hər görəndə təşəkkür əlaməti olaraq nəsə hədiyyə edirdi.
Və mən, ta uzun illər sonra bildim ki, bütün bunlar – o pişik, kuklalar, hamısı tənha qadın əlamətləri imiş…
Uşaqlara da böyük sevgisi var idi Mərcan xalanın. Belə lap böyük. Uşaqlar əllərini açıb “buu boydaaa” dedikləri qədər. Mərcan xala uşaqları pişik kimi sevirdi. Öz uşağı yox idi, onçun. O, bizim məhlə anamız idi. Məsələn, həmişə mənə pul verərdi, deyərdi ki, evdə demə. Guya deməsə də mən deyəcəkdim, axı… Həmişə məhlədə görən kimi evə çağırar, yemək verərdi. Uşaq idim deyə evdən də heç nə demirdilər. Həm də, Mərcan xalanı hamı başa düşürdü.
O vaxtlar dərk eləmirdim, bəzək kimi görürdüm, indi düşünəndə dəhşətli gəlir. Otağının biri sadəcə kuklalar üçün idi. Təsəvvür edirsiz? Böyük bir otaq və ancaq kukla. Özü yemək yeyəndə stulların üstünə kukla qoyurdu. Guya tək deyilmiş də, guya böyük bir ailəsi var imiş. Adam da kuklanın qarşısına boşqab qoyar heç?! Dəlisən, ay arvad?!
Yox, sən sadəcə tənha idin…
Pişik, kuklalar, Mərcan. Kədərli və bir o qədər də mutlu ailə tablosu.
Elə indicə fikir verdim ki, adı da üzü kimi gözəl imiş. Qapqara, işılda gözləri var idi. Gur da saçları. İllər ötdükcə üzü yadımdan çıxmağa da başlayır Mərcan xalanın. Amma yenə də bulanıq görürəm. Deyəsən, mən onu tam unuda bilməyəcəm. Həyatımda tanıdığım tək Mərcan odur həm də. Bir də, Mərcan poliplərini bilirəm coğrafiyadan. Bu arada, ərinin də adı Altay idi. Altay sıra dağlarını da bura əlavə edərdim, amma əl-qərəz. Elmi danışmağa nə hacət? Ədəbi danışırıq burda…
***
Mənə elə gəlir ki, o, ən yaxşı bizimlə qonşu idi.
Çünki daim bizim həyətdə olardı, bizimlə əlaqə saxlayardı. Ta ölən gecəsinə qədər.
Öz ölümünü də özü gəlib elan etdi. Bəlkə, fərmanını da özü imzalamışdı.
***
Toranlıq düşmüşdü. Mərcan xala həyətimizə gəldi. Onda həyətimiz də indiki kimi betonlaşmamışdı hələ. Yayın cırhacırında söyüd ağacının bir kölgəsi var idi ki, gəl sərinləyəsən. Hər yan da toz-tozanaq. Şəkildəki həyətimizə baxıram, qaçdığım, dizlərimin, dirsəyimin yara olduğu bu yerlər incidir məni. Elə bilirəm, bu dəqiqə anam bir vedrə suyu torpağa töküb, tozu yatıracaq. Bədənimdə bu şəklin illərində qalmış çapıqlar var. Cüvəllağının biri idim. Keçi kimi daş-dərədən düşmürdüm. Onda somavarın tüstüsü göz çıxarır, buluda tay tuturdu özünü. Üzüm budaqlarına ağırlıq edir, tutlar özünü tuta bilmirdi. İrqçilik kimi çıxmasın, tut yeməkdən əllərim zənci əlinə dönmüşdü. Mən hələ alçadan danışmıram ki, ağzınız sulanmasın.
Mərcan xalanın şər qarışan vaxtı verdiyi bu xəbərə mən də qulaq şahidi oldum.
“Əntiqə arvad, sənə bir söz deyəcəm, amma sən qardaşının canı qəribçiliyə salma. Mən bu axşam gedəcəm. Son günümdü. Gəldim, siznən halallaşım” – deyib, məni də bağrına basdı. Öz balası kimi, öz kuklaları kimi.
İlahi, indi yadıma elə bura qədər olan hissəsi düşür, üşənirəm. Bu necə bir hissdir, necə duyğudur?
Nənəm, beyqafıl sözünü kəsib, agbirçəkyanə təsəllisinə başlamaq istəsə də, ölümün astanasında olan Mərcan xala imkan vermədi.
“Əntiqə arvad, sən qardaşının canı, haqqını halal elə. Siz yaxşı qonşusunuz, yaxşı adamlarsız. Allah sənə ömür versin, balalarını saxlasın. Mənim ki, bura qədər imiş. Sağ olun”.
Məsələnin ciddiyətini anlayan dünyagörmüş, indi sizlərə ömür, o dünyada olan nənəm əlini təsəllidən üzdü.
– Ay bacı, qurban olum, niyə belə danışırsan? Xudəvəndi aləm bilən məsləhətdir, onsuz hamımız köçüb gedəcəyik də, kim bu dünyanı tutur? Amma hər şey halal xoşun olsun. Sən Allah belə şeylər fikirləşmə, ürəyinə salma. Yaxşı olacaq hər şey”.
Bu uzun çəkən arvad deyişməsi sonda Mərcan xalanın ağır addımlarla ölümə tərəf getməsi ilə nəticələndi.
Axşamı evdə də bu söhbət getdi. Bir o qədər də ciddiyə alınmadı, amma həm də, gerçək olacağı düşünülürdü. Axı, insan öləndə hiss edir deyirlər…
Mərcan xala gedəndə də tapşırdı ki, səhər 7-də evimə gəlin. Qapını açıq saxlayacam. Üzünü də anama tutub şkafın üstündə olacaq qızıllarını ona həvalə elədi. Son günündə də pişiyə görə təşəkkür eləməyi unutmadı. Amma onu bizə tapşırmadı. Deyəsən, azadlığa buraxacaqdı.
Uzun sözün qısası, uzun gecənin səhəri. Həmin gecə məni yuxu tutmadı. Vədələşdiyi vaxtda oyandım. Ölümə vaxtından əvvəl oyandım. Daha doğrusu, sübh namazında. O da dindar qonşumun hasarının dalından işığının közərtisini gördüyümə görə bilirdim ki, namaz vaxtıdır.
Dediyi vaxtda həyətə düşüb gözümü Mərcan xalagilin qapısına zillədim. Sakitlik idi. Bir-iki qonşu işə gedirdi. Onlar özləri də bilmirdi ki, indicə bir ölünün yanından yaşamaq dalınca gedirlər.
Dedim axı, bizim evdə ciddi qəbul eləmədilər. Ona görə də heç kim səhər onlara getmədi. Ta mən də ölü güdməkdən bezib evə girmək istəyirdim ki, bir qadının içəri girdiyini gördüm.
Deyəsən, bizdən başqa da halallaşdığı var idi. Yoxsa ki, ölüm ayağında xaş bişirməzdi Mərcan xala. Bu vaxtı da qonaq olmaz.
Beş dəqiqə keçmişdi ki, içəri girən qadın girdiyi kimi də çıxdı. Ətrafa boylandı. Heç kimin olmadığını yəqin edib qışqırdı.
Qışqırıqları təfərrüatları ilə bura yazmıram. Klassik arvad ağlaması, mərsiyyəsi…
Məhləyə hay düşdü. Qonşular çıxdı. Nənəmgil də. Artıq hər şey bəlli idi. Hamı təəccüb içində. Əsas da nənəm. Demişdi də arvad. Demişdi ki, öləcək. Bir öldüyü gününü bilməyən adam onu da bildi dünən gecə. Ta bundan artıq nə?
Heyif ağlım kəsmirdi o vaxtlar. Bəlkə özüm nəsə edərdim. Girib qızılları götürməyi deyirəm. İndi kəsir amma. Açığı, belə şeyi düşünmürəm. Deyəsən, mən elə o şəkillərdəki kimi uşaq qalmışam. Həm də, o içəri girən arvadın niyə elə etdiyini sonralar başa düşdüm. Qızılları oğurlamışdı. Çünki sonradan evdən heç nə çıxmadığını öyrəndim. Amma bunu da evdə sübut edə bilmədim. Yəni mənə inanmadılar. Olmaya da bu uşaq sözünü qəribçiliyə salmaqları. Hələ davamlı olaraq təkrar edəndə də, ağzımın üstündən vurdular ki, orda-burda səy-səy danışmayım.
***
Məhləyə qəribə bir sükut düşmüşdü. Axşam tərəfi adamların arasından sivişib Mərcan xalanın evinə girdim. Qapının kandarındakı pişik ağlayırdı. Mən orda göz yaşı görmədim, amma məncə, ağlayırdı. Mərcan xalanın pişiyi olsam, mən də ağlayardım. Təbii, pişik qədər olmasa da, mən də çox üzülmüşdüm. Məni sevənlərdən biri də öldü… Qapını dalından kuklalara baxdım. Hamısı yetim qalmışdı. Gözüm bir qorxunc kuklaya da sataşdı. Elə bildim, Mərcan xalaya görə o günə düşüb. Mənim kuklafobiyam da elə burdan yaranmışdı. O gündən sonra öləcəyini deyən hər kəsə inandım, pişikləri sevdim, elə şəkilləri də.
Qarabaşaq kimi stolun üstünə töküb arıtladığım bu şəkildən geriyə bir anam qalıb. Görən o pişik hardadır?