Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Xaçmazda fəaliyyət göstərən Murad Qudyalçaylı adına “Ulduzlar” Ədəbi Məclisi ilə birgə tədbir keçirilib.
Müstəqil.az Yenisabah.az- a istinadla xəbər verir ki, ədəbiyyat, media, elm adamlarının iştirak etdiyi tədbir mərhum şair Murad Qudyalçaylının anadan olmasının 85-ci ildönümünə həsr edilib.
Tədbirin açılışında çıxış edən AYB sədrinin müavini Rəşad Məcid “Ulduzlar”ın təşəbbüsünü alqışlayaraq təmsil etdiyi qurumun belə tədbirlərə önəm verdiyini deyib. O, bir zamanların məşhur şairi olan Murad Qudyalçaylının xatirəsinin həmyerliləri tərəfindən əziz tutulmasını yüksək qiymətləndirib.
Daha sonra tədbirin moderatoru, “Ulduzlar”ın sədri Fərzalı Ziyanur Murad Qudyalçaylı ilə bağlı fikirlərini səsləndirməzdən öncə iştirakçıları şəhidlərin ruhunu yad etməyə çağırıb.
Növbəti söz təmsilçi şair, pedaqoq Mehrəli Quluya verilib. O, Murad Qudyalçaylının həyat və yaradıcılığı haqqında məlumat verib, şeirlərindən oxuyub.
Tədbirdə iştirak edən Xaçmaz Rayon İcra Hakimiyyətinin nümayəndəsi, 44 günlük Vətən Savaşının qazisi, mayor Tariyel Didarov rayon icra başçısı Elnur Rzayevin salamlarını çatdırıb, Murad Qudyalçaylı şeirinin işığına toplaşanlara bir şeir ifa edib.
Xaçmazdakı Heydər Əliyev Mərkəzinin direktoru Könül Əsgərova isə şairlə bağlı fikirlərini söyləməklə bərabər “Ulduzlar”ın onun xatirəsini yaşatmasını yüksək qiymətləndirdiyini deyib.
AYB Şimal bölgəsinin nümayəndəsi, şair Ramiz Qusarçaylı Murad Qudyalçaylı ilə bağlı xatirələrini paylaşıb, onun zəngin bədii yaradıcılığının daha geniş şəkildə tanıdılmasının vacibliyini deyib.
Şair, həkim Tofiq Nurəli də yubilyarla görüşləri, söhbətləri, onunla yaradıcılıq yollarının kəsişməsi haqqında maraqlı xatirələrini bölüşüb.
AYB Həmkarlar Komitəsinin sədri, şair Firuzə Məmmədli Murad Qudyalçaylı ilə şəxsən tanış olmasa da onun yaradıcılığına bələd olduğunu deyib. O, ümumilikdə Xaçmaz ədəbi mühiti ilə bağlı sevincini dilə gətirib.
Şabrandakı Xaqani Poeziya Evinin direktoru, şair Aybəniz Əliyar isə Murad Qudyalçaylı şeiriyyətindən danışmaqla bərabər onun əsərlərindən birini iştirakçıların diqqətinə çatdırıb.
Tədbirdə iştirak edən Əməkdar jurnalist Əntiqə Qonaq, şair Məmməd Qədir, qəzəlxan Mövlan Şahid, həkim-şair Nazilə Gültac, pedaqoq-psixoloq Lalə Məmmədkərim, pedaqoq Təranə Məmmədzadə, jurnalist Gülxar Rəhimli və başqaları da yubilyar, həmçinin tədbir haqqında fikirlərini dilə gətiriblər.
Xaçmazlı bədii qiraətçi Dilarə Rüstəm isə şairlə bağlı fikirlərini deməklə yanaşı onun şeirlərindən örnəklər səsləndirib.
“Yeni təfəkkür” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Şəmsiyyə Kərimova da çıxışında Murad Qudyalçaylının xatirəsinin yaşadılmasını təqdir etdiyini deyib.
Sonda Əməkdar jurnalist, BAYRAQDAR MEDİA-nın baş redaktoru Azər Həsrət çıxış edərək Murad Qudyalçaylı irsinin öyrənilməsi, tanıdılması, əsərlərinin latın əlifbası ilə dərcinin vacibliyini dilə gətirib. O, tədbirin təşkilinə və dəstəyə görə AYB-yə, “Ulduzlar”a, həmçinin Xaçmaz Rayon İcra Hakimiyyətinə təşəkkür edib.
Əlavə edək ki, AYB sədri, Xalq yazıçısı Anar tədbirin təşkilatçılarını qəbul edib, onlarla fikir mübadiləsi aparıb.
Arayış: Şair, jurnalist Murad Qudyalçaylı 1939-cu il mayın 9-da Xaçmazın Hacıqurbanoba kəndində hərbçi ailəsində anadan olub. O, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib, Xaçmazdakı “Dostluq” qəzetində jurnalist fəaliyyəti göstərib. Eyni zamanda bədii yaradıcılıqla da məşğul olan Murad Qudyalçaylı 1960-cı ildə “Ulduzlar” Ədəbi Məclisini q urub. Sağlığında şairin 6 kitabı dərc edilib: “Günəşin bir parçası”, “Bənövşələr, zanbaqlar”, “Gözəlliyin ünvanı”, “Mavi dünyam”, “Qudyalçay nəğmələri”, “Ürəyim ovcumdadır”. Şair 27 dekabr 1997-ci ildə dünyasını dəyişib, doğma kəndində dəfn edilib. Xaçmazda bir küçə onun adını daşıyır. “Ulduzlar” Ədəbi Məclisinə də vəfa borcu olaraq 2023-cü ilin dekabrından Murad Qudyalçaylının adı verilib.