Bu ilin 4-19 sentyabr tarixlərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tərəfindən İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün keçirilən növbəti müsahibə prosesi başa çatıb.
Oxu.Az xəbər verir ki, müsahibənin 4-8 sentyabr tarixlərini əhatə edən birinci mərhələsində qadın dini ayinlərin icraçısı, 11-19 sentyabr tarixlərini əhatə edən ikinci mərhələsində isə imam və imam müavini vakansiyaları üzrə müraciət edən namizədlərin seçimi həyata keçirilib.
3 may-3 iyun tarixlərində sənəd qəbulu aparılan 19 vakant vəzifəyə (6 qadın dini ayinlərin icraçısı, 3 imam, 10 imam müavini) 113 qadın, 180 kişi olmaqla, ümumilikdə 293 nəfərin müraciəti qeydiyyata alınıb.
6 vakansiya üzrə keçirilən müsahibə prosesində qadın namizədlərdən 23, imam və imam müavini vəzifələrinin tutulması üçün 13 vakansiya üzrə 52 nəfər müvəffəqiyyət qazanıb.
Sənədləri qeydiyyata alınan 18 nəfər (9 kişi, 9 qadın) müsahibədə iştirak etməyib.
Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna dəyişiklik edilməsi barədə Azərbaycan Prezidentinin Fərmanından irəli gələn məsələlərin həlli məqsədilə DQİDK tərəfindən “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası” hazırlanıb. Bu qaydaya əsasən, Dövlət Komitəsi tərəfindən İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün mütəmadi olaraq müsahibələr həyata keçirilir.