Məşhur müğənninin ailəsi: “Ölümündən sonra evimizə gecə zəngləri gəlməyə başladı” – Müsahibə

Məşhur müğənninin ailəsi: “Ölümündən sonra evimizə gecə zəngləri gəlməyə başladı” – Müsahibə

Müstəqil.AZ Kulis.az-ın  mərhum müğənni Qulu Əsgərovun xanımı Sevər Əsgərova və qızı Aydan Əsgərova ilə müsahibəsini təqdim edir.

– Sevər xanım, Qulu müəllimlə nə vaxt ailə qurdunuz?

Sevər Əsgərova: Qulu Əsgərov 1963-cü ildə ailəsindən ayrılmışdı. Biz isə 76-cı ildə ailə qurmuşuq. Onun əvvəlki ailəsindən üç övladı vardı, biri indi rəhmətə gedib. Mənim isə Qulu ilə evliliyimdən bir qızım var.

– Qulu müəllim necə adam idi?

S.Ə: Onu incəsənət aləmində sərt adam kimi tanıyırdılar. Tək özünə yox, ümumilikdə sənətə qiymətə verən adam idi. Sənətdə xaltura eləməyi, nəyinsə hesabına irəli keçməyi qəbul eləmirdi. Bəlkə də buna görə çoxundan geri qalmışdı. Çox prinsipial adam idi. Ailədə isə yumşaq, səssiz idi.

– Sizə qarşı mühafizəkarlığı, qısqanclığı vardı?

S.Ə: Cavanlıqda hamıda necə bizdə də elə… O, məndən on üç yaş böyük idi. Yəqin, qısqanclıq olardı. Ailədə üstünlük, təbii ki, kişidə olur, amma mən özüm də işləyən qadın idim. Onunla ailə quranda artıq elmlər namizədi elmi dərəcəsini almışdım. Sənətim və işim vardı. O da bunu bilirdi. Səninlə elə-belə danışmaq olmaz, sən elmi şuranın üzvüsən deyib zarafatlaşırdı.

Gülür. Bayaqdan anasını dinləyən Aydan xanım söhbətimizə qoşulur. Ona atası haqqında ilk sualımı ünvanlayıram:

Aydan Əsgərova: Yadıma gəlir, yaxşı yumor hissi vardı. Məni tez-tez ovaxtkı Kirov parkına gəzməyə, dondurma yeməyə aparırdı. İnsanın həyatında elə şeylər var ki, yaddaşında həmişəlik qalır. Evimiz atama görə səsli-küylü olub. Amma son illər sənət adamları evimizə az-az gəlirdi.

– Özü istəmirdi, ya gəlmirdilər?

A.Ə: Özü istəmirdi. İslam Rzayev, Alim Qasımov bizə həmişə gəliblər. Onda mənim on yaşım vardı. Alim Qasımov bizə gələndə qızını da özü ilə gətirirdi.

S.Ə: Amma indi Alimdən soruşsan, deyər, Qulu müəllim mənə heç nə öyrətməyib. Alim heç vaxt onun adını çəkmir. Qulunun istədiyi o idi ki, tələbələri onun istəyini doğrultsunlar.

– Sənətdə güzəşti heç kimə etmədiyini hamı deyir…

S.Ə: Bəli. Onun əvvəlki evliliyindən olan oğlu da oxumağa başlamışdı. Qulu ona deyirdi, oxuma, səndən oxuyan çıxmayacaq. Sərt olduğu üçün incəsənət adamları onu o qədər də xoşlamırdılar.

– Təkxə xoşlamaq məsələsi deyildi, həm də sıxışdırırdılar?

S.Ə: Birinci ailəsi onu çox sıxdı. Hansı qastrola adı yazılırdısa, müxtəlif yollarla çıxartdırırdılar.

– Kim çıxartdırırdı?

S.Ə: Hər şeyi demək istəmirəm. Ailə məsələsidir. Hər halda, mənimlə ailə qurmasını birinci ailəsi istəmirdi. İndi onsuz da kimə nə desək, boynuna almayacaq. Qulunun fəxri ad alma məsələsinə də onun yaxın adamları mane olur, yaxşı vəzifələrdə işlədiklərindən bu məsələlərə müdaxilə edə bilirdilər. Halbuki, Qulu mənimlə ailə quranda çoxdan boşanmışdı. Bu, rəsmi sənədlərdə də vardı.

– Sizdən əvvəlki ailəsinə nə isə vermişdi?

S.Ə: Üç otaqlı evi vardı, onlara bağışlayıb mehmanxanada qalırdı. Sonra bəzən hansısa yaddan çıxmış əşyasını götürmək üçün gedəndə, səhəri gün qəzetdə yazırdılar ki, Qulu Əsgərov gəlib evindən stəkan aparıb. O da əsəbləşirdi, deyirdi, axı stəkan mənim nəyimə lazımdır?

A.Ə: ATV kanalında veriliş hazırlanırdı. Yəqin, sifarişlə edirdilər. Keçmiş ailəsi orda danışır, deyirlər, Qulu axırıncı gününə qədər filan işi gördü, filan sözü dedi, bu xörəyi yedi və s. Bu, ağ yalandı. Son günlərində atamın o ailəyə aidiyyəti olmamışdı. Bu qədər yalan olmaz.

– Xəstəliyi nə idi?

S.Ə: Onkoloji xəstə idi. Şiddətlənib metastaz vermişdi.

– 57 yaşında rəhmətə getmişdi?

S.Ə: 58 yaşında. İndi ən çox göstərilən, 1986-cı ildə lentə alınan televiziya konsertindən bir il sonra dünyasını dəyişdi. Orda fikir vermisinizsə, canlı. ətli-qanlıdır. Dünyasını dəyişəndə çox arıqlamışdı. Xəstəlik onu qurudub əldən salmışdı. O yazıq, bədbəxt uzun illər tək qalmışdı. Mənimlə ailə qurana qədər “İnturist” mehmanxanasında yaşayırdı. Sonralar danışırdı ki, konsertlərdə, tədbirlərdə pencəyinə qədər tərləyirmiş, mehmanxanaya qayıdanda onu dəyişməyə, yumağa imkanı olmurmuş. Belə-belə tərləyib soyuqlamış, ağ ciyərində iltihab əmələ gəlmişdi. Xəstəliyi keçmişdən vardı. Sonradan xərçəngə çevrildi. Biz də heç nə bilmirdik. Biləndə ona dedim, get, həkimə, müalicə olun. Dedi, mənə heç nə olmaz. Oğlunun qayınatası rəhmətə gedəndə Salyana getdi, gəldi. Mənə dedi, orda heç nə yeyə bilmədim. Ondan sonra məcbur həkimə apardıq. Həkimlər baxan kimi dedilər, xəstəliyi şiddətli mərhələdədir. İki dəfə Moskvaya getdi, amma köməyi olmadı. Yeddi ay sonra dünyasını dəyişdi.

– Moskvaya dövlət hesabına getmişdi, ya özünüz göndərmişdiniz?

S.Ə: Özümüz. Dövlətin heç qapısını da açmadı. Kim idi ona baxan? Bütün xərcləri özümüz çəkirdik. Bir dəfə Moskvada əməliyyat olundu, boğazından mədəsinə trubka saldılar. Yemək onun boğazından keçmirdi, mən həll edib yedizdirirdim. İndi birinci xanımı efirə çıxıb deyir ki, Qulu gəldi bizə yeyib-içib getdi.

A.Ə: Biz bir az başqa cür adamlarıq. Heç kimlə mübahisə etmərik ki, sən filan sözü yalan deyirsən. Amma bu qədər də olmaz.

– O biri ailəsindən olan uşaqları ilə əlaqəsi var idi?

S.Ə: Uşaqları ilə vardı. Qızı tez ərə getmişdi. O, demişdi ki, mən oxumaq istəmirəm. Amma oğlanlarının ikisini də İncəsənət İnstitutunda oxutdurub, qiymətlərinin yazılmasına da köməklik göstərib. Üç otaqlı evini onlara verdi. Salyanda da onun evi vardı. Bir dəfə mənə dedi ki, biz Salyana getsək, harda qalarıq? Mən başa düşdüm nə demək istəyir. Dedim, əşi, biz ora gedəndə qalmağa yer taparıq, onlara ver. Qulu dünyasını dəyişəndə Aydanın on yaşı vardı. Mən onu oxutdum, İspaniyaya da yolladım, orda təhsilini başa vurub qayıtdı. Onun üçün hər şey eləmişəm ki, atasının başını uca eləsin.

A.Ə: Anam mənə həm ana olub, həm də ata (kövrəlir).

– Aydan xanım, atanız kimi xanəndə olmaq istəmisiniz?

S.Ə: Yox, heç dədəsi qoyardı? (gülür).

A.Ə: Atam qoymazdı. Uşaq olanda mənə pianoda çalmağı öyrədirdi, amma oxumaq barədə heç vaxt söhbətimiz olmayıb. Bilirsiniz, onlar işin içində olan adamlar idi, çətinlikləri bilirdilər.

– Xeyli məşhur mahnıların müəllifidir…

S.Ə: O, mahnılarını çox sevirdi. Onlardan heç vaxt imtina etməzdi. Mahnıları çox olsa da əlimizdə 44-nün adına sənəd var. Çoxunu xalq mahnısı kimi təqdim ediblər. O vaxtlar müğənninin mahnı yazması xoş qəbul olunmurdu, gərək onun da bəstəkarlıq təhsili olaydı.

– Qadınlara münasibəti necə idi?

S.Ə: Hər halda, yaxşı olardı. Oxuyan idi, sənət adamıydı (gülür). O, qadın xanəndələrini çoxunu bəyənmirdi. Deyirdi, hamısı xaric oxuyur, başqa yolla gedir. Xanəndə kimi belə idi. Amma qadın kimi onlara necə münasibət bəsləyib, onu deyə bilmərəm.

– Rübabə Muradova ilə münasibəti necə idi? “Leyli və Məcnun”da tərəf-müqabil olmuşdular.

S.Ə: Yaxşı idi. Həmişə deyirdi ki, Rübabə sənətkardı.

A.Ə: Həm də dost idilər. Bütün qastrollara birlikdə gedərdilər.

S.Ə: Yəni o, sənətkarlar haqqında heç vaxt nahaq söz deməzdi. Bir qadın var, Könül, indi xəstədir. O, oxuyanda Qulu həmişə deyirdi ki, Könül Xasıyeva yaxşı oxuyandır. Kimi seçirdisə, onları tərifləyirdi. Rübabə, Şövkət usta idilər. Onlara nə isə deməyə özü də cəsarət etməzdi.

– Heç bir fəxri adı olmadı. Niyə?

S.Ə. Bilirsiniz, onun adını fəxri siyahılara neçə dəfə təqdim eləmişdilər. Hətta Xuraman və Fidan bacıları da öz adlarından bir neçə dəfə nazirliyə məktub yazmışdılar. Bundan başqa, kinorejissor Əjdər İbrahimov bizim evimizdə olanda, Qulunun, mənim yanımda onun ad alması üçün lazımı yerlərə məktub yazmışdı. Orda Qulunun sənətini əks etdirən faktları, opera fəaliyyətini qeyd etmişdi. Yenə heç nə almamışdı. Mane olmuşdular. Deyə bilmərəm, mane olan hər dəfə eyni adam olub. Amma bir neçə dəfə maneçilik edəndən sonra Qulunun adı, belə deyək, qara siyahıya düşdü.

– Yəqin, bu hal ona təsir edirdi?

S.Ə: Çox edirdi. Moskvaya ikinci dəfə müalicəyə gedəndə İncəsənət İnstitutunun rektoru mənə zəng vurub demişdi ki, Qulu qayıdan kimi ona ad verəcəklər. Onda mən Quluya zəng vurdum, dedim, sənə ad verəcəklər. Dedi, ən birinci hədiyyəni sənə alacam. Amma Moskvadan gələndən sonra da heç kimdən səs çıxmadı. Mənim yadıma gəlir, biz bir dəfə Qulu ilə gəzintiyə çıxanda Yaqub Məmmədovla qarşılaşdıq. O, Qulu ilə qucaqlaşıb görüşəndən sonra dedi, Qulu, mən dünən sənin adını almışam.

Qulu pis oldu, dedi, yox, elə demə, hər kəs öz adını alır, sən də öz adını almısan, buna da layiqsən. Yəni, bu, mənim gözümün qarşısında olan söhbətdir. Həmin siyahıda Qulunun da adı varmış… Sənət adamları Qulunun qiymətini bilirdilər, ona görə də məyus olurdular.

– Aydan xanım, sizin qardaş-bacılarınızla münasibətiniz var?

A.Ə: Münasibətim olmayıb. Yadımdadır, uşaqlıqda atamla birgə harasa gedəndə onları görürdüm. Atamın yubileyində qardaşım Muğamatla görüşmüşdüm. Orda bir az danışıb ünsiyyət qurmuşduq. O da sonralar atam kimi əlli səkkiz yaşında vəfat etdi. Növbəti dəfə yenə atamın 90 illik yubileyində Muğam Mərkəzində rastlaşdıq. Bu dəfə onlar özü bizə yaxınlaşdılar. Daha doğrusu, bacım Şahnaz mənimlə görüşdü. Yəni, biz onların bizimlə yaxınlığına, yaxud, atamla bağlı hansısa ümumi məsələyə qarışmalarına etiraz etmirik. Çünki onlar da atamın ailəsidir. Amma bizi nədənsə heç vaxt qəbul etmək istəmirlər. Atam haqqında film çəkirlər, özlərini elə aparırlar, sanki onlardan sonra heç nə baş verməyib, mən doğulmamışam. Şahnaz mənimlə görüşəndə dedi, sən məni heç vaxt axtarmamısan. Əslində isə tək qalan mən idim, onlar məni axtarmalıydılar.

– Sevər xanım, Aydanla bağlı arzuları nə idi?

S.Ə: Ona Aydan demirdi ki, qaqaş deyirdi. Həm oğlu, həm qızı kimi görürdü. Son günlərində mənə dedi ki, Aydanı göndər anangilə. Dedim, qoy, uşaq gəlib səni görsün. İstəmirdi. Deyirdi, arıqlamışam, pis görsənirəm, gəlib belə görməsin. Bir az özümə gəlim, sonra gələr. Axır günlərdə artıq bilirdik ki, dünyasını dəyişəcək, onda dedi, qaqaş, özündən muğayat ol.

– Xəstəliyini bilirdi?

S.Ə: İkinci dəfə Moskvadan qayıdanda dedi, məndə o zəhrimardan varmış, sən də mənə demirsən. Yəqin, həkimlər deyibmiş… Çox güclü adam idi. Ən ağır məqamlarda da səsini yoxlayırdı, xoşuna gələndə, deyirdi, yox, səsim yerindədir. Sonuncu konsertini İslam Rzayev yazdırtmışdı. Onda xərçəng Qulunun bütün bədəninə metastaz vermişdi. O, bütün xəstəliyi dövrü bir dəfə də özünü sındırmadı. Ağrılarını da bildirməzdi. Biz onun üçün ağrıkəsicilər almışdıq. Heç biri açılmadı. Bir dəfə də demədi ki, ağrıyıram, gətirin mənə iynə vurun.

– Qulu müəllim, öz ifalarına qulaq asırdı?

S.Ə: Yox. Deyirdi, səs başıma düşür. O, musiqinin içərisində böyümüşdü. Aşıq musiqilərini çox yaxşı bilirdi. Anası onu bayatılarla böyütmüşdü. Bundan başqa, zəngin şeir yaddaşı vardı. Gitarada, pianoda, qarmonda gözəl ifa edirdi. Musiqi ilə yaşayan adam idi. Deyim ki, Şekspri, “Hamlet”i əzbər bilirdi, geniş dünyagörüşü vardı, bu, yalan olar. Amma Azərbaycan ədəbiyyatını, xüsusən klassik ədəbiyyatı bilirdi.

– Özü kimləri bəyənirdi?

S.Ə: Müslim Maqomayevlə bir işləmişdi. Onda hələ Müslim o qədər də tanınmırdı. Qulu onu çox istəyirdi. Lütfiyarla da iş birliyi olub. Arada Lütfiyardan incidi, sonra barışdılar.

– İmkan baxımından necə dolanırdınız?

S.Ə: Onun imkanı 50-ci illərdə yaxşı olub. Mənimlə ailə quranda elə də imkanlı deyildi. Çünki hər toya getməzdi. Deyərdi, kimsə sərxoş olub, gətirib mənim qarşıma pul atır, mən onu götürə bilmərəm.

– Hansı toylara gedirdi?

S.Ə: Mədəni toylara. Həmişə deyirdi, mən hansı toya gedirəm, axırda bəylə gəlin boşanır (gülür). Çox vaxt “Səadət” sarayında olurdu. Deyirdi, elə orda kimi görürəm, boşanmağa gəlir. Mən də zarafatla deyirdim, ayağın ağırdır. İslamla çox yaxın idilər. İslam danışırdı ki, gənclik illərində Qulunu özümlə toylara aparırdım.

Deyirdilər, İslam, biz səni tanıyırıq, bu kimdir gətirmisən? Bir müddət sonra həmin adamlar məni yox, Qulunu çağırırdılar toylarına. Biz o qədər də varlı yaşamırdıq. Hərdən imkanlı dostlarının evinə qonaq gedirdik. Evimizə gələndə deyirdi, ay Sevər, biz nə kasıb yaşayırıq?

– Qulu müəllimdən sonra yəqin ki, sizə çox çətin oldu…

S.Ə: Çox. Böyük stress yaşadım. Amma sizə deyim, sonralar kədərlənməyə vaxt tapa bilmirdim. Çünki uşaq balaca idi. Onu saxlamalıydım, böyütməliydim. Mən istəyirdim bizim başqa uşaqlarımız da olsun. Qulu dedi, Aydan moddan düşər, qoy bir az da böyüsün, sonra. O da qismət olmadı. Təbii ki, böyük səhv etdik. Gərək, ona qulaq asmazdım, indi Aydan da tək qalmazdı.

A.Ə: Atam mənə musiqini çox sevdirmişdi. İndiki musiqi duyumumu ona borcluyam. Biz evdə birlikdə çox olmurduq, olanda hər şey çox gözəl keçirdi. Məndəki yumor hissi atamdan qalıb. Maşınla məni tez-tez gəzməyə aparırdı.

– Son günlərini necə xatırlayırsınız?

S.Ə: Son günləri yemirdi, içmirdi. Elə uzanıb bir yerə baxırdı. Rəhmətə getməzdən bir neçə saat əvvəl su istədi. O qədər su içdi ki, məəttəl qaldım. Halbuki, nə su içə bilirdi, nə yemək yeyirdi. Su içəndə mənə dedi ki, biz də moruq mürəbbəsi var? Dedim, hə. Dedi, ondan suya qarışdır, ver, içim. Onda pis oldum. Fikirləşdim ki, bu, içə bilmir axı, necə edəcək? İnandırım sizi, bir banka moruq mürəbbəsini suya qarışdırıb içdi. Nə bilim. Allah elə bil son anda ona imkan vermişdi. Ölümündən sonra evimizə gecə zəngləri gəlirdi. Qorxudurdu bu zənglər bizi.

– Kimlər idi?

S.Ə: Bilmirəm. Yəqin, özləri daha yaxşı bilirlər. Mənim deməyim yaxşı çıxmır. Hər halda, o zənglər Qulunun həyatının ilk mərhələsi ilə bağlı insanlar tərəfindən edilirdi. Anam da mənə deyirdi ki, gecələri gəl mənim evimdə qal.

A.Ə: Mən onu sonuncu dəfə görəndə çox arıqlamışdı. Yatağından ayağa durub dəhlizə çıxdı, mən baxdı. Əlini yelləyib sağollaşdı. Bu, son görüşümüz oldu. Nənəgilə getdim, saat 5-ə 20 dəqiqə qalmış mama zəng vurdu. Eşitdim, nənəyə deyir ki, bitdi, o, artıq yoxdur. O saat, o sözlər mənim heç vaxt yadımdan çıxmır (ağlayır).

S.Ə: Düz deyir. Qulu saat beşə qalmış keçindi. Aydan məktəbdə uşaqların yanında ağlayırmış. Rəfiqələri gəlib mənə dedilər, Sevər xala, Aydan məktəbdə ağlayırdı, deyirdi, mənim papam yoxdur, rəhmətə getdi. Amma evə gələndə mənə heç nə hiss etdirmirdi. Bir dəfə də olsun gəlib məni qucaqlamaz, atası üçün fikir elədiyini hiss etdirməzdi. Məktəbdə isə ağlayırmış. Mən də bilmirdim, fikirləşirdim ki, uşaqdı, dərk etmir. Sən demə, gizlincə çəkirmiş (kövrəlir).

A.Ə: İndi də gözüm axtarır. Ən çox toyumda atamı yanımda görmək istəyirdim. Mənim çox yaxşı dayılarım var, amma ata başqadır.

– Aydan xanım, bu yaşınızdan baxanda o illər indi sizə necə görsənir?

A.Ə: Heç nə yadımdan çıxmır. Aradan bu qədər vaxt keçib, amma görürsünüz, mən ağlamaqdan danışa bilmirəm. Həmişə onun haqqında danışanda, elə bilirəm, on yaşım var. İndiki həyatımdan narazı deyiləm, amma düşünürəm ki, bəlkə o yaşasaydı, həyatım başqa cür olardı. Mən indi həmin o “ola bilərdi”lər üçün ağlayıram (ağlayır).

Ölümünü çox sonralar dərindən dərk etdim. Nənəgildə də qalırdım, öz evimizə də gəlirdim. Amma hər dəfə gələndə, görürdüm, mama ağlayır. Sonralar, əlbəttə, onu tanıyanların mənə münasibəti çox yaxşı idi. İndinin özündə onun disklərini çıxardan insanlar var. Deyirlər, gənc nəsil atamın mahnılarını, disklərini axtarır. Bax bu, əlbəttə çox sevindiricidir.

Fotolar: İlkin Nəbiyev

Share: