Mətanət düz edir, bizə bu da azdır…

Mətanət düz edir, bizə bu da azdır…

Kulis.az yeni yazını təqdim edir.

Efirlər yenə bildiyiniz kimidir. Şükür Allaha, mövzusuz qoymurlar bizi.

Bu gün də müzakirə mövzumuz “Xəzər tv”dən gəldi.

Mənzərə belədir.

Mətanətin verilişində meyxanaçılar yığışıb Argentinanın qələbəsinə dair meyxana deyirlər. Qafiyə bu cürdür:

“Elə eləmə Messi Ağaynan desün,

Argentinalı Maştağaynan desün”.

Haradansa Messiyə oxşayan bir adam da tapıblar. Topla dayanıb meyxanaçıların ortasında. O da hərdən bir-iki bənd deyir.

“Ay anəə” deyib bağıran Ağamirzə də ordadır. Messinin yanında dayanıb.

Yatsan yuxuna belə mənzərə girməz.

Yolumuz Ağasəlim Çıldaq yoludur, meyxana folklorun bir qoludur.

Sözüm ona, bu həmən Mətişdir ki, ölkə bir ay onun “şpaqat”ından danışmışdı. Zaman-zaman gündəmi ələ keçirməkliyi var.

Kaş bunu Messi də görəydi. Necəsə bu video onun da qarşısına çıxaydı. Görəsən, nə anlayardı? Necə reaksiya göstərərdi?

Bu dəqiqə gündəm nədir? Futbol və meyxana. Türklər demiş, onda al sana.

Böyük tələbat var. Siqaret çəkməkdən bığları saralan kişilər və dənizə xələtlə girən arvadlar belə şeylərdən ötrü ölür. Cəmiyyətin yarısından çoxu da belə adamlardır.

Əlimdə mıx olsaydı, onları divara mıxlayardım.

Mətanət düz edir. Bizə bu da azdır.

Xəzər neynəsin? Bunu istəyirlər.

Mehdi Hüseynin romanının adını bir az təhrif etsək bu mənzərəni tam əks etdirir.

“Yeraltı zibillər Xəzərə axır”

Share: