Xəbər verdiyimiz kimi, Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüşdən sonra Rusiya Prezidenti, Azərbaycan Prezidenti və Ermənistanın baş naziri mətbuata bəyanatla çıxış ediblər.
“Qafqazinfo” xəbər verir ki, bəyanatlarda deyilir:
Rusiya Prezidenti Vladimir Putinin bəyanatı
“Bizim üçtərəfli görüşün yekununda mən öz həmkarlarım – Azərbaycan Prezidentinə və Ermənistanın baş nazirinə bir daha təşəkkür etmək istərdim ki, onlar Rusiyaya gəlməyə və Qarabağ problemi ətrafında və bütövlükdə, hazırda regionda nizamlama məsələlərində yaranan vəziyyəti müzakirə etməyə razılaşıblar. Əvvəlcədən deməliyəm ki, bu gün biz çox konstruktiv şəkildə işləmişik. Bu gün üçün yaranmış vəziyyət dərindən təhlil edilib. Biz Rusiya sülhməramlılarının, sərhədçilərin, ərazilərin minalardan təmizlənməsi ilə məşğul olan, insanların daimi yaşayış yerlərinə qayıtmalarını təmin edən mütəxəssislərin işini yüksək qiymətləndirdik.
Onu da qeyd etmək istərdim ki, mənim fikrimcə biz mühüm olan bir sıra məsələlər barədə razılığa gəldik. Onlardan birincisi bu ilin sonuna qədər mexanizmlər yaradılmasıdır. Biz iki dövlət arasında sərhədin demarkasiyası və delimitasiyası mexanizmlərini yaratmaq barədə razılığa gəldik. Ümidvaram ki, bu, tezliklə baş verəcək. Bu mexanizmlərin yaradılması üçün heç bir maneə yoxdur.
Diqqəti cəlb etmək istədiyim ikinci məsələ humanitar xarakterli məsələlərlə bağlı çox mühüm, həssas məqamdır. Biz burada da nəzərəçarpacaq dərəcədə irəlilədik.
Nəhayət, üçüncü məsələ ondan ibarətdir ki, biz iqtisadi xarakterli məsələlər, iqtisadi əlaqələrin inkişafı barədə çox ətraflı söhbət etdik, birinci addım kimi nəqliyyat dəhlizlərinin açılması barədə danışdıq, bu, həm dəmir yoluna, həm də avtomobil yollarına aiddir. Düşünürəm ki, biz artıq xeyli müddət ərzində bu məsələ üzərində işləyən baş nazirlərimizin müavinlərinə təşəkkür etməliyik. Gələn həftə, – bu, bizim növbəti razılaşmadır, – onlar müəyyən yekunlar vurmaq və bu gün razılaşdırdığımız və qəbul etdiyimiz qərarları elan etmək üçün Moskvada toplaşacaqlar. Bugünkü işə görə bir daha çox sağ olun. Həm Azərbaycan Prezidentinə, həm də Ermənistanın baş nazirinə təşəkkürlərimi bildirmək istəyirəm”.
Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı
“Çox sağ olun, hörmətli Vladimir Vladimiroviç. İlk növbədə, icazə verin, bugünkü görüşə görə, həmçinin Azərbaycan ilə Ermənistan arasında mövcud məsələlərin həlli işində əlverişli şərait yaradılması üçün səylərinizə görə Sizə bir daha təşəkkürümü bildirim. İki ölkə arasında müharibəyə son qoymuş məlum Üçtərəfli Bəyanatın qəbul edilməsindən bir il keçib və biz bu ili bütövlükdə, müsbət səciyyələndirə bilərik.
Vladimir Vladimiroviç, fürsətdən istifadə edib Sizə, habelə Rusiya Federasiyasının Müdafiə Nazirliyinə Qarabağda sülhməramlı fəaliyyətə görə bir daha təşəkkür etmək istərdim. Bu bir ildə Rusiya sülhməramlı qüvvələrinin məsuliyyəti zonasında ciddi insidentlər olmayıb. Əlbəttə, bu il ərzində çox mühüm hadisələr baş verib. Biz bu formatda artıq ikinci dəfə görüşürük – ilin əvvəlində və ilin sonunda. Sərhədlərin delimitasiyası, demarkasiyası, nəqliyyat arteriyalarının bərpası ilə bağlı məsələlər barədə Vladimir Vladimiroviçin dediklərini təkrar etmək istəmirəm. Bu gün bu məsələlər barədə çox ətraflı, mən deyərdim, səmimi söhbət oldu. Biz öz planlarımızı, hər iki tərəfi narahat edən məsələləri açıq müzakirə etdik. Ən başlıcası, mübahisələrin, fikir ayrılıqlarının nizamlanması işində qəbul etdiyimiz qərarlar, zənnimcə, Cənubi Qafqazda vəziyyətin daha təhlükəsiz və proqnozlaşdırıla bilən olmasına şərait yaradacaq. Vladimir Vladimiroviçin qeyd etdiyi kimi, humanitar xarakterli məsələlər də müzakirə edilib. Azərbaycan həmişə, – istər döyüş əməliyyatları dövründə, istər onlardan sonra, – bütün humanitar normalara riayət edilməsinə ardıcıl tərəfdar olub. Deməliyəm ki, hərbi əməliyyatlar bitəndən sonra saxlanılmış 100 nəfərdən çox erməni hərbi qulluqçu, o cümlədən bir nəfər bu gün səhər Ermənistan tərəfə verilib. Yaralanmış hərbi qulluqçuya azərbaycanlı həkimlər tərəfindən tibbi yardım göstərilib, bir nəfər mülki şəxs yolu azaraq bizim əraziyə keçib. Yəni, biz həmişə humanizm prinsipinin aliliyini əsas götürmüşük və bundan sonra da işi bu istiqamətdə davam etdirmək niyyətindəyik. Biz Ermənistan tərəfindən də regionda vəziyyətin daha artıq dərəcədə proqnozlaşdırıla bilən olması üçün şərait yaradılması niyyətini görürük. Mən dəfələrlə demişəm, biz Azərbaycanda Ermənistan ilə çoxillik qarşıdurma səhifəsini çevirmək, normal qarşılıqlı fəaliyyət mərhələsinə başlamaq əzmindəyik və düşünürəm ki, məhz bu formatda öz məqsədlərimizə çatacağıq.
Azərbaycan üçün Rusiya dostdur, strateji tərəfdaşdır. Mən deyərdim ki, hətta strateji tərəfdaşdan da artıqdır. Azərbaycan ilə Rusiya arasında etimada əsaslanan münasibətlərin səviyyəsi, o cümlədən ən həssas məsələlər barəsində Ermənistan ilə ortaq fikrə gəlməyimizə şərait yaradır. Düşünürəm ki, görüşümüzün yekununun nəticələri yaxşı olacaq, bu nəticələri çox gözləmək lazım gəlməyəcək, regionda vəziyyət daha təhlükəsiz və proqnozlaşdırılan olacaq.
Vladimir Vladimiroviç, dəvətə və bugünkü görüşə görə Sizə bir daha təşəkkür edirəm”.
Ermənistanın baş naziri Nikol Paşinyanın bəyanatı
“Vladimir Vladimiroviç, icazə verin, dəvətə görə və əlbəttə, pozitiv iş şəraiti yaradılmasına görə Sizə bir daha təşəkkür edim. Mən təsdiqləmək istəyirəm ki, bizim çox müsbət görüşümüz, müsbət söhbətimiz oldu. Biz faktiki olaraq, gündəlikdəki bütün məsələləri müzakirə etdik. Bu görüş problemi gizlətmək üçün deyildi. Bu görüşdə biz bütün məsələləri açıq müzakirə etdik. Qeyd etmək istəyirəm ki, bir çox məsələlər üzrə mövqelərimizi çox pozitiv dəqiqləşdirdik və məlum oldu ki, bəzi məsələlər barədə bu görüşə qədər güman edildiyi kimi, bizdə heç bir fikir ayrılığı yoxdur. Demək istəyirəm ki, biz regionda bütün nəqliyyat və iqtisadi kommunikasiyaların açılması məsələsi barədə həqiqətən qeyd etdik ki, bu kommunikasiyaların necə işləyəcəyi barədə təsəvvürümüz ortaqdır. Delimitasiya və demarkasiya prosesinə başlamaq mövzusu təzə deyil. Biz bu məsələni müzakirə etdik. Biz həm də Üçtərəfli Bəyanat qəbul etdik, orada qeyd etdik ki, bundan əvvəl zəruri şərait yaratmaq, yəni Ermənistan ilə Azərbaycan arasında sərhəddə müəyyən təhlükəsizlik və sabitlik mexanizmləri yaratmaq lazımdır.
Əlbəttə, humanitar məsələlərə də toxunuldu. Bugünkü söhbətləri, bugünkü görüşü mən də bütövlükdə çox müsbət qiymətləndirirəm. Bizim strateji müttəfiqimiz olan Rusiya Federasiyasına bu təşəbbüsə görə bir daha təşəkkür etmək istəyirəm. Fikrimcə, əgər bu görüşün bazasında bizim söhbətimizin müəyyən dinamikasını yarada bilsək, onda konkret nəticələr də gözləmək olar. Mən Ermənistanın və Ermənistan xalqından mandat almış Ermənistan hökumətinin ölkəmiz üçün, bizim region üçün dinc inkişaf erasının başlanmasına hazır olduğunu təsdiq edirəm və bizim hədəfimiz budur. Əlbəttə, bugünkü görüşümüz bu gündəliyin reallaşmasının xeyrinə oldu. Sağ olun”.
Prezident Vladimir Putin: “Son olaraq bir daha vurğulamaq istəyirəm ki, görüş yüksək dərəcədə faydalı və vaxtında oldu. Artıq deyildiyi kimi, biz bugünkü birgə işimizin nəticələrinə əsasən Bəyanat imzaladıq. İctimaiyyət və kütləvi informasiya vasitələri bu bəyanatla tanış ola bilərlər. Orada bizim məşğul olduğumuz və razılığa gəldiyimiz bütün məsələlər ətraflı şərh edilib.
Məndən sol tərəfdə bizim həm erməni dostlarımıza, həm də azərbaycanlı dostlarımıza hədiyyəmizi – sülhün və əmin-amanlığın rəmzi olan zeytun budağını görürsünüz. Mən çox ümid edirəm ki, bugünkü razılaşmalar yerinə yetiriləcək və bütövlükdə Cənubi Qafqazda münasibətlərin normallaşması işində növbəti addımlar üçün şərait yaradacaq. Sağ olun”.