Bu gün Milli Mətbuat Günüdür. 147 il öncə ilk qəzetimiz olan “Əkinçi” qəzeti Həsən bəy Zərdabinin səyyi, maliyyəsi, vətənpərvərlikdən doğan təəssübkeşliyi ilə işıq üzü gördü. Hər kəsi bu gün münasibəti ilə təbrik edirəm, xüsusi ilə də jurnalistlərimizi. Bir zamanlar mən də bu yoldan keçdim, mətbuatda çalışdım. İndi AXDG QSC -ni XDND idarəsinin gəmilərində matros olaraq çalışıram. Əlbəttə, hələlik.
Mətbuatla ilk tanışlığım 2003-cü il də Faiq Balabəylinin Baş redaktoru olduğu həftəlik qəzetlə – “Yeni Xəbər” lə oldu. İndi qısa da olsa fəaliyyət göstərdiyim jurnalistlik fəaliyyətimə nəzər salmaqla özümü yenə də o sırada görürəm:
Mətbuatda ilk iş yerim 2011-ci ildə “Бакинский Pабочий” qəzetinin redaksiyası oldu. Rus dilini yaxşı bilməsəm də görəvimi icra edə bilirdim. Qəzetdə vəzifəm qəzet saytının admini və operatorluq idi… Burada çox uzun müddətə çalışa bilmədim. İndi dünyasını dəyişmiş baş redaktor müavini olan Tatyana Çeladzenin mənə haqsız irad bildirməsinə dözmədim, ona özünə layiq cavabı verdim, baş redaktora şikayət etdi, lakin mən şikayətin araşdırılmasını gözləmədən qəzeti tərk etdim. Qəzet Prezident Aparatının İşlər İdarəsinin orqanı idi. Burada az müddətə çalışsam da, buna jurnalistlik fəaliyyətimdə təcrübə də demək olardı. Burada 9 ay 18 gün işləməli oldum.
Daha sonra “Paralel” qəzeti və həmin adda saytda iki il işlədim… Ordan niyə ayrıldım, bilmirəm. Onu bilirəm ki, qəzetin baş redaktoru Tapdıq müəllim atama demişdi ki, qayıdıb işləyə bilər.
Bir ildən sonra “Mərkəz” qəzetinə repartyor olaraq işə düzəldim. O zaman qəzetin baş redaktoru Nigar xanım Almanqızı, təsisçisi eks deputat Gülər Mikayılqızı idi. Nigar xanım işdən öz istəyi ilə ayrıldıqdan sonra Səbuhi Abbasov qəzetə baş redaktor təyin edildi. Və onu da qeyd edim ki, ən yüksək maaşı da mənə elə Səbuhi Abbasov yazmışdı – 800 manat. O, mənə qəzetin iki səhifəsini ayırmışdı. Bu səhifələrə cavabdeh sənsən yaz, amma elə et ki, adımız batmasın. Evə hamıdan gec gedərdik, o zaman Səbuhi Abbasovun 2107 markalı qırmızı rəngli maşını var idi, bu maşın çox vaxt nasaz da olsa, axşamlar evə gedib çatırdıq. O qəzetlə də bağlı xoş xatirələrim az deyil. Bir gün Səbuhi məni otağına çağırdı: “Sənin məsul olduğun səhifələrdən birindən bir künc oğurlamaq istəyirəm. Etimad əmini tanıyırsan, də. Bir gənc var – Ayxan Ayvaz. Həftə də bir dəfə köşə yazısı verəcək”. Etimad əmi dediyimiz – Etimad Başkeçid. Bir ay Ayxanın köşələrini qəzetdə yerləşdirdi. Aylıq qonarar 100 manat yazılmışdı Ayxana. Pulu mənə verdi, görüşüb Ayxana verəcəkdim. O zaman bizim redaksiyada çalışan istedadlı jurnalist Mirvari Nəcəf də mənimlə gələsi oldu. Yol getdikcə hər mövzudan danışırdıq – birdən qayıtdı ki, məncə bir aylıq Ayxan üçün 100 manat azdı. Dedim, əlbətdə azdır, elə mən də öz maaşımdan 100 manat ayırmışam. Sən demə Mirvari xanım redaksiyadakı müxbirlərin hər birindən 20 manatdan toplayıbmış. Ayxanla görüşdük, pul olan zərfi verdik. Bu hadisə haqda heç kimə danışmadıq. Səhəri işə gəldik – Səbuhi Abbasov alnımdan öpdü – kişi adamsan, dedi.
Görünür Etimad Başkeçid qonararın yüksək olmasına görə görə Səbuhi Abbasova təşəkkür edibmiş…
Zaman-zaman ordakı komanda dağıldı, hazırda “Mərkəz” qəzeti də tarix olub.
“Mərkəz” qəzetindən ayrılanda sonra Aqşin Yeniseyin təklifi ilə 1937.az ədəbi portala dəvət aldım. Orda da çox işləmədim. Götürdüyüm bir müsahibənin qurbanı oldum. Rəhmətlik Mövlud eyni binada “Telegraf” qəzetində işləyirdi. Bir gün Mövlud 1937.az saytın otağına gəldi: “Tural, sənə bir bomba müsahib tapmışam. Ukraynada yaşayır. İş qadınıdı. Bir zaman həyat qadını olub. Cəlil Cavanşirin bir şeirini profilində təhlil edib”. Aqşin Yeniseylə razılaşdırıb onun dediyi qadına sosial şəbəkə olan “Facebook”la sualları yolladım. Sualların içində Cəlil Cavanşirin sözü gedən şeirnə də toxundum, sorum etdim… Adamın üstündə Allah var həmin iş qadını, bir zamanlar həyat qadını olmuş xanım suala çox gözəl cavab vermişdi.
1937.az saytı Aynur Camal qızının media holdinginə daxil idi. Hazırda o adda sayt yoxdu. Cəlil Cavanşirin redaksiyaya etdiyi şikayətdən sonra işdən çıxarıldım. Guya belə bir qadın yoxdur, bu mənim uydurmamdır. Aqşin Yenisey Aynur xanıma zəng etdi: “O müsahiblə özüm görüntülü danışmışam. Elə müsahib mövcuddu…”. Aqşin Yeniseyin zəngi də işə yarımadı.
Təsadüfən bir tədbirdə tanınmış jurnalist, Azad.informun baş redaktoru olan Niyaz Niftiyevlə görüşdüm. Sözün düzü Niyaz əmini uzun müddət idi tanıyırdım. İşlərimlə maraqlandı. İşsiz olduğumu bildikdə, güldü – sən Faiqin oğlusan, özü də bəy balası Faiq Balabəylinin. İşsiz qalmaq sənə yaraşmaz. Sənə “zadaniya” verirəm, işə başla. Tapşırıq o idi ki, tədbirə gələnlərdən açıqlama alım, xəbər hazırlayım. Dediyini etdim. Açıqlamaları alıb və ordaca xəbər işləyib Niyaz bəyə verdim. Bundan sonra adı çəkilən nmətbu orqanı ilə əməkdaşlığım başladı.
Bir dəfə evdə idik, bu zaman atama zəng gəldi. Famil Cəfərli idi. Uşaqlıqdan atamın yaxın dostlarına “əmi” deyə müraciət edirəm, elə indi də bu xasiyyət məndədir. Famil Cəfərli atama dedi, Turala de sabah gəlsin “virtualaz.org” saytın ofisinə. Yeni açılan saytda işə başladım.
Uzun müddət burada işlədim, saytın ədəbiyyat və mədəniyyət bölməsi bağlanana qədər.
Bir şeyi etiraf etmək gərəksə Famil Cəfərli və Eynulla Fətullayev mənim jurnalistlik fəaliyyətimdə öyrənə bildiklərimin əsasını təşkil edirdilər. Bu bir məktəb idi, desəm, yanılmaram.
“Virtualaz.org” saytında ayrıldıqdan bir ay sonra Anar Yusifoğlunun “Aktual.az” saytına dəvət aldım. Hərbi xidmətə gedənə qədər burada çalışdım. Bir dəfə məclislərin birində Anar Yusifoğlu atama deyib ki, Tural bizim sayta gələnə qədər bu sahədə bişib gəlmişdi.
Hərbi xidmətdən sonra yeni hədəflərimin ardınca düşdüm. Atam kimi dənizçi-şair, həm də ara sıra yazmaqla jurnalistlik fəaliyyətindən uzaq olmamaqq istəyirdim.
Beləliklə mətbuatdan dənizə gəldim. AXDG QSC-nin XDND idarəsində çalışıram. Növbəti Ali təhsilimi də elə bu sahədə aldım. ADDA-nın gəmi sürücülüyü və naviqasiya mühəndisliyini bitirdim…
Amma özümü jurnalistikadan heç də kənar hiss etmirəm. BSU da aldığım ikinci təhsilim də mənim jurnalistlik fəaliyyətimə əsas verir. Hazırda Faiq Balabəylinin təsisçisi olduğu “Müstəqil.Az-Xəbər” MMC-nin orqanı olan Müstəqil.Az saytının redaktoru kimi çalışmaqla özümü Milli Mətbuat gününün təbriklərinə haqq edirəm.
Tural Balabəyli
AXDG QSC, XDND-nın matrosu, DSD İB-nin sədr müavini
AYB-nin üzvü, Prezident təqaüdçüsü (Gənc yazarlar üçün nəzərdə tutula və bir il müddətinə təqdim edilən) .