Məxfi agent Putin – Həmid Herisçinin yeni hekayəsi

Məxfi agent Putin – Həmid Herisçinin yeni hekayəsi

Kulis.az Həmid Herisçinin “İnklus. Kəhrəbaya sızmış güvə” adlı yeni hekayəsini təqdim edir.

“Salam. ”Krapotkina” metro stansiyasından çıxıb üzü Xilasedici İsa Kilsəsinə tərəf gedin. Küçə özü sizi bizim evədək aparacaq. Sol cinahınıza baxın həmişə. İzi itirməzsiz”.

Düşdüm bu SMS-in cadusuna. Təsirinə. Ünvanı, bir-iki dəfə küçə piyadaları ilə dəqiqləşdirdim.

“Moskva – Pasxa” sözləri həmqafiyədir. Biri digərini tamamlayır. Şüuraltını, anında kodlaşdırır.

Düz bir qış gecikmiş günəş şüaları, yolumdakı nənələri Müqəddəs Məryəmə oxşadır bir an. Gözümü aldadınca, tez bir başqa nöqtəni – çirkab gölməçələrini dirildirlər. Sərçələr, mövzudan kənarda deyillər. Bahar mənzərələrinin səs həlli, musiqisi ixtiyarlarındadır.

Marşrutumdakı Xilasedici İsa kilsəsi, uzun qış çilləsindən təzəcə ayılırdı. Sərçələrçün, artıq bahar idi. Daş küçələr, qup-quruydu.

Ləkəsiz, izsiz, yüngül addımlarım məni qanadlandırdı. Qoşuldum baharın bax bu 17 anına.

17-ci addımımda, telefonumu açıb, SMS-i bir də oxudum. Hə… buradı. Yanılmamışam.

Ərzaq dükanının şəffaf şüşələrində öz əksimi görüb, reallığıma bir daha tam əmin oldum. Növbəylə sağ-sol siluetimi müşahidə etdim bir an. Sonra soluma göz yumub qarşımdakı qapıya tərəf adladım.

Qapı mikrofonu, xəstə boğazını bir-iki dəfə arıtdı əvvəlcə. Yaddaqalmaz bir ifadəni üç-dörd hecaya böldü.

Axır bütün səslər, gurultular bircə aydın qısa cümləyə sığdı:

– Liftə girib, 8 düyməsinə basın.

Liftlərlə, edam gilyotinləri eyni mexanizmləri paylaşır. Bu hisslərə qapanıb reallığı azca unutdum bu vaxt. Diksinməyim, qapıya yaxınlaşmağım eyni dar məqamda baş tutdu.

– Salam!

İkinci dəfə diksindim. Mənlə salamlaşan qadın hə… incə çöhrəli idi. Çox mədəni, kübar ədaları ilk saniyələrdən bəlliydi. Ancaq sağ yox… sol əli havadaydı.

– Salam.

Beynimi, bircə fikir cırmaqladı. Zahiri səs, daxili pıçıltı ilə əvəzləndi – “Niyə bu qadının sağı yox… solu… yox bəlkə də anlaşılmaz sonu, mənlə salamlaşır?”

***

– Avtomobil qəzası nəticəsidir. Ölümdən, Əzrayılla görüşdən təkqollu qayıtdım.

– İlk ödənişi, etmisiz demək ki… – deyib dialoqumuzda sərbəstliyimi qəti gizlətmədim.

Keçdim sükut dilinə. Yenə daxilimə yuvarlandım – “Solaxayam. Ancaq indiyədək hamıyla sağəlli salamlaşardım. Təbii, solaxay salamı niyə indi, bu yaşımda, bu qadından eşitməliyəm, hə?”

Daxili sualım, cavabsız qalmadı.

– Siz təbii, mən məcburi solaxayam. Əvvəl-axır kimsə sizin sol əlinizi sıxmalıydı.

Sağ əli, müqəvva idi bu qadının.

DOSYE: Valeriya (İman) Mixaylovna Poroxova – ingiliscədən ruscaya peşəkar tərcüməçi-sinxronist, müsəlman ictimai xadimi. Qurani-Kərimi ingiliscədən ruscaya tərcümə edən bu qadın tezliklə təkcə Rusiyada deyil, bütün dünyada şan-şöhrət qazanıb. 14 may 1940-cı ildə zadəgan rus ailəsində dünyaya göz açıb. 30-cu il repressiyalarında bir çox yaxın-əzizlərini itirən bu qızcığaz poliqlot kimi tanınır Moskvada. İlk qaranquşlardandı – Moriz Torez adına Moskva Xarici Dillər İnstitutunda ilk olaraq öz diplom işini ingiliscə müdafiə edib.

Atom mühərrikləri üzrə nadir mütəxəssislərdən sayılır. Uzun müddət, tam 18 il Moskvanın məşhur MİFİ İnstitutunda bu sahədən dərs verib. Sonra qərara gəlib ki, əsl atom mühərriki məhz Qurani-Kərimdi. Sol qolunu çırmalayaraq girişib Quranın tərcüməsinə.

***

Qalın dosyesini, elə bil barmaqlarım ucu yox… qəfil qopan daxili Bakı küləyi vərəqləyirdi. Deyəsən, “Solaxay” romanımın nöqtəsini qoymaqda azca tələsmişəm. Yaşadığım nadir anlar, yazıçı qələmini gözləyirdi.

“Ərəb əlifbası, Quran, nərd oyunu sol hərəkət trayektoriyasındadı. Elə bu görüşümüz də həmçinin”.

Daxili sualımı o, yenə də anında cavablandırdı:

– Sizi, əziz qonağımı, hədiyyələr odama dəvət edərdim əvvəlcə, – cümləsi, gözlərin diliylə davam etdi. – Təbii, sizi sol tərəfə dəvət edirəm. Sağ tərəf sizlik deyil, – sözlər də, gözlər də eyni məzmunlu mesaja keçincə, həəə… mən bu qadının gözəlliyinə az qala vurulmuşdum.

Sevdamı, anında soyutmağı bacardım. Dəvəti qəbul edib soldakı, uzun dəhlizin son nöqtəsindəki son nəhəng otağa daxil oldum.

Sirlər xəzinəsini, Ələddinin sehrli mağarasını xatırladan oda, sovet “Moskviç” avtomobilinin iti, düzxətli dizaynındaydı. İngilis zadəganlarının bahalı amanatı, Səudiyyə kralının, İran prezidentinin gözqamaşdıran hədiyyələri… digər qiymətli artefaktlar, mənzərəni ilk baxışda inanılmaz edirdi. Göz əhatəm dar gəldi mənə bir an.

Dialoqumuzun dramaturgiyası, artıq oturuşmuşdu. Lal məqamlarımda dərhal Valeriyanın səsi araya girirdi. Gecikmirdi adətən bu cür incə müdaxilələrində:

– İngilis zadəganları, ilk hədiyyəmi verdilər. Qapıma növbəni bu zati-aliləri açdılar. Sonra Səudiyyə kralı, bu mənzili mənə hədiyyə etdi. Üstündə, bax bu amanatları verdi. Təbii, İran prezidenti, tələsdi muzeyimə. Mollalarında jestlər yoxdu. Çox şəkk-şübhəlidirlər.

– Əliboşam, bağışlayın. – Müğənni Marlen Ditrix kimi, zildən pəsə enməyi bacardım bu dar məqamda. “Lili Marlen” nəğməsi, nəfəsi ilə qısa cavabımı bitirdim.

Valeriya Poroxovanın “daxili atom mühərriki” sanki bu məqamı gözləyirdi.

Mavi, dəcəl gözləri mənə sancıldı. Day ayrılmadı məndən.

– Qızıl güvələr, ən qapalı məkanlara sızmağı bacarır.

Ətrafımdakı artefaktlar parıltısını itirdi elə bil. Məzmununu, parıltısını gözlərimə ötürdü sanki.

Yenə də Marlen Ditrix kimi zildən pəsə endim. Cümləmi yox, səsimi, heca-heca bölüşdürdüm.

– Deyirsiz mən Qızıl güvəyəm? Ən qapalı ünvanlara, seyflərə sızmağı bacarıram, həəə?

Poroxova daxili “atom mühərriki”ni bircə cümləsi ilə söndürüb, öz təbii vəziyyətinə qayıtdı:

– Qızıl güvə, Kremlə sızmağı bacarmalıdı.

Söhbətimizin gizli dramaturgiyası, fantastik gedişi, təbii, bu vacib halqanı bəri başdan tələb edirdi. Ətrafımdakı artefaktlar yenidən öz parıltılarına qayıtdılar.

Mətbəxdə nə yediyimi indi də xatırlamıram. Sonrakı xatirələr, yaddaşımdan silinib. Bütün diqqətim başqa qapalı ünvanda – al ulduzlu Kreml qülələrindəydi.

Qızıl hasarı aşıb Kremlə, dünyanın ən qapalı meydanına sızmaq məndən inanılmaz istedad istəyirdi.

***

Moskva yeraltı keçidlərindən birində, adsız bir skripkaçıya qulaq asmağım, bəsimdi. Anında əvvəlki gücümü bərpa etməyi bacardım. Reallıq hissimi, qarşılaşdığım dilənçilər birə-min artırdı.

Poroxavanın gözləri isə, bu mənzərələrin bir küncündə, göydən asılı vəziyyətdə, hər adımımı izləyir, müşayiət edirdi.

Qəliz, imtahana düşmüşdüm, qısası.

Mahir avtoşların bircə hərəkətini bəyənirəm – qəfil avtomobil güzgüsünü bir düymə yerindən oynadarlar. Sonra özlərinə baxarlar bu güzgüdə.

Mənə, bunu təkrarlamaq lazım idi.

Daha nələr əks olacaq bu güzgüdə? Hə… bu, sonranın sualıydı.

Payızda buludlar aşağı enir, baharda yuxarı qatlara qalxarlar. Məni əhatələyən təbiət mənzərələri göydəydi. Yerdə isə çox amansız, real mənzərələrin dar, diksindirici görüntüləri içindəydim.

Hər iki məkandan ayrılmaq, başqa aləmlərin cazibəsini daxilimdə oyatmaq, inanılmaz güc… yox… bəlkə də sakitlik istəyirdi məndən.

Kremllə üzbəüz, QUM univermağı ərazisindəydim. “57 saylı yeməkxana” kassası önündə.

Növbədəkilər səbirli, soyuqqanlı idilər. Kitab-qəzetlərdən ayrılmadan satıcıya tərəf qısa, kəsik addımlar atırdılar. Ən ağır məişət qayğıları ilə kitabxana mənzərələrini qovuşduran bu Moskva standartına mən də qoşuldum. Tən ortadan açılmış “Pravda” qəzeti, sağ-solumu tam gözəgörünməz etmişdi.

“Qısa qapanma”mı deyim sonrakı halıma, yaxud “beyin silkələnməsi”mi?

Bilmirəm. Ancaq qəfil göz qapaqlarım ağırlaşdı. Titrəməyə başladılar. Real mənzərələr – iti həndəsi quruluşlu nə varsa, dəqiq ölçülərini itirdi bir an. Əridi öz-özünə. Bütün düz xətlər əyildi.

KİÇİK HAŞİYƏ: “Kreml kimi 28 hektarlıq ərazidə yerləşən memarlıq komplekslərinə alimlər bəzən “İki ay meydançası” deyərlər öz aralarında.

14 hektar burda ağ, yəni dolan ay sahəsidir. Qalan 14 hektar isə qara, azalan ayın ərazisidir. Ağ ay ərazisində adətən dövlət başçısı yaşayır, azalan ay ərazisində isə qazamat və sair və ilaxır yerləşir…

Putinin iş kabineti isə görünür bax bu dəqiq coğrafi koordinatlarda, ağ ay ərazisində… filan dəqiq nöqtədə…

***

Yemək masası arxasında necə, nə vaxt oturduğumu, Spartan naharımı ortaya necə düzdüyümü, sonra güclə xatırladım. Diqqətim tam başqa aləmdə, Kreml hasarlarından o tərəfdəydi.

Düşünürdüm: “Qədim ərəblərin “Qayət əl-həkim” kitabındakı “Mənazil əl Qəmər” sxeminə görə tikilib bu qoşa meydan. Hə… bir yox… iki meydan var orda. Birinci, Ağ meydanı, sonrakı Qara meydanı 14 gün gəzir səmadakı Ay kürəsi. Hər gün bir kabinetə girir. Bu gün, misal üçün, Qerman Qrefin kabinetinə düşürdü solğun şüaları. Sabah Dmitriy Peskovun yuxusuna haram qatacaq. O biri gün…”

Bu məqamda qənaətlərimə ara verib duruxdum. Necə deyərlər, “zirehli qatarımı ehtiyat yoluna çəkdim”. Qonşu masadan gözmü vurdu kimsə mənə?

Yaxud, gözəgörünməz fotomüşahidə kameraların gözü açıldı? Örtüldü?

Nəyinsə foto-fokusundaydım. Mərkəzindəydim.

Hər iki əlimə qələm götürərək eyni anda, sağdan soldan, bir sxem cızdım yeməkxana menyusu üzərində.

Sanki Ələddin çırağının tozunu sildim özüm də bilmədən. Div… üzr istəyirəm, xidmətçi anında qarşımda peyda oldu. Sanki menyunun yazılı ərazisini pozmaq tamam yasaqdı.

– Sifarişiniz varmı?

– Burda özünəxidmət qaydaları şərtdi. Sosializmdi. Niyə kapitalizm kölələyini sərgiləyirsiniz indi?

Kremlə baxan yeməkxana pəncərəsi qəfil, bütün diqqətimi, bu nağıl görüntüsündən, epizodundan ayırdı. Baxışlarımı geri qaytaran vaxt div… üzr istəyirəm, səliqəli, ütülü xidmətçi havaya buxarlanmışdı.

Demateriallaşmışdı.

Menyunu, arxa cibimdə gizlədib, əvvəl masanı, sonra QUM-un dəbdəbəli binasını tərk etdim. Kölgəm yox idi ətrafımda. Buna, çox təəccübləndim.

Sanki kölgəmi artıq zərərsizləşdirmişdilər.

Metrodakı nəzarətçilər, qolu qırmızı sarıqlı bilmirəm day kimlər… it-qurdlar… bütün müşahidə veb-kameraları hətta… sanki mənə qarşı sayğı yox… nifrət duruşu sərgiləyirdilər.

Ucdantutma səfərbərliyə alınmışdılar. Bir əmrlə baş-gözləri sağ-sol trayektoriyalarını dəyişirdilər.

Daxili səsim məni tək buraxmadı.

– Kölgən satqın-qorxaq çıxdı təəssüf. Qaçdı. Məni ona qatma.

***

Yaşadığım “Qızıl sünbül” mehmanxanasında – 214-cü otaqda, bu xəbərdarlığı eşitmək hislərimi xeyli soyutdu. Kölgəmi day heç özüm də axtarmayırdım. Nə lay otel divarlarında, nə zibil qutumda. Zarafatyana, yumora xatir, əyilib boylandım ora. Dedim, bəlkə, çaşıb ora tullamışam, özümdən ixtiyarsız.

İşığı yandırdım.

Dəhlizdəki güzgü, hələ də mənə adekvat cavab verirdi. Hamamdakının reaksiyaları da eyni idi.

Qısası, güzgülərin hələ də dostluğundaydım.

Bir başqa güzgüm, qapımı bəzəyən 214 rəqəmini tam tərsinə – 412-yə çevirdi dərhal. İlk baxışımdaca.

Uzaq 1989-cu ildə Alma-Atanın “Otrar” otelindəki qapı nömrəm sanki dirilmişdi. Zaman-məkan redaktəsindən tam keçərək yenidən reallığa qayıtmışdı.

Reallıq sürətlə mistikləşir, mifikləşirdi.

“Hə…demək, qapılar da, rəqəmlər də daha sədaqətlidir… məni daha aldatmayacaqlar, şükür” deyib, dodaqlarımı büzdüm.

Kölgəmi itirsəm də, özümü hələ itirməmişdim.

***

Dosye: Putin Vladimir.

Peşəkar kəşfiyyatçıdır.

Kod ismi tam məxfi olsa da…

Məncə, “Mole”dir.

İndi gəlin sizə bu “Mole” kodunu azcana deşifrələyim.

Casus slenqində, terminologiyasında “Mole” kodu çox mənalıdır.

Realist olaq. Qapalı, tam məxfi seyflərə dünyada ancaq bircə məxluq sızır – QIZIL GÜVƏ!

Hə… az qala unutmuşdum, bir də “Mole”, yəni “Qızıl güvə, porsuq” adlandırılan Putin kimi tam məxfi agentlər, yəni “güvə”lər…

Və qüvvələr.

SSRİ-də, casusların kodlaşdırılmağı, adlandırılmağı, işarələnməyində ən çox Zoya Voskresenskayanın sxemlərindən istifadə edilib. Putinin kodlaşdırılmağı, “Mole” adını qazanmağı da, Zoya Voskresenskaya metodologiyası ilə bağlıdır.

Zoya Voskresenskaya kitabxanaçıydı əvvəlcə.

22 yaşınadək kitabları şifrələyirdi…

***

“57 saylı yeməkxana” menyusu üzərində qaraladığım bu sxemi, Valeriya Poroxova tam oxumadı təbii ki.

Qapı diktofonundakı səsindən hiss etdim ki, imtahan sualı, bu təkqol mələyi – solaxay pərini də çaşdırıb azcana.

– Kremlə, metafizik sızmaq mümkündü. Ay nuru ilə birgə. Ay trayektoriyası ilə. Messinq əfsanələrinə nöqtə qoyaq burda. O da soldan sızmışdı da ora. Növbətçilər həmişə sağa baxır axı.

– Zoya Voskresenskayanın adı hardan diqqətinizi çəkdi?

Otaqdakı əşyaların əvvəlki düzəni pozulmuşdu. Poroxovanın səs tellərinə də sanki yad ahənglər qonmuşdu. Sol barmağındakı üzük, gözümü qamaşdırınca, Valeriya cürətləndi. Zoya Voskresenskaya dosyemi axıradək oxudu:

Ancaq supercasus İvan Çiçayev 1929-cu ildə bu kitabxana şifrələrini görüncə…

Hə… barmağını dişləyir.

Zoyaya məxfi agentləri şifrələməyi təklif edir azca ehtiyatla.

Zoya Voskresenskayanın təsnifat sxemi, Zərdüşt təqviminin trafaretiydi.

Zərdüşt təqvimi düz bir qərinəni – yəni 32 ili əhatələyir.

32 fərqli heyvanın adıyla, xisləti ilə işarələnən bu təqvimdə 1952-ci il, yəni Putinin doğulduğu tarix, Porsuq ili, yəni “Mole” ilidir.

Əlavə izahlara daha ehtiyac qalmır.

Yəni Putinin kodlaşdırılmağı, kod isimlə təltif edilməyi, bəli, yalnız və yalnız Zoya Voskresenskaya açarlıdır. Şəbəkədə 32 casus varmış. Biri – “güvə, porsuq” elə Putin imiş sən demə.

“QIZIL GÜVƏ”lər test imtahanları çərçivəsində əvvəl ən qapalı seyflərə daxil olmağı bacarmalıdı.

Aleksandr Proxanovun Putinə aid “Triumf moli” məqaləsini bir də oxuyun. Putinin “Mole” kod adını daşımağına orda incə işarə var.

“Zoya Voskresenskayanın casus şəbəkəsinə, 32 casus daxildi” – fikrimi təsdiqləyən daha bir sübut var. İnna Roqatçi ilə Zenkeviçin birgə qələm məhsulu “Kor güzgü” əsərində deyilir ki, KQB-nin Finlandiyadakı şəbəkəsi 32-33 xüsusi agentdən ibarət imiş.

Şəbəkəni isə Zoya Voskresenskaya şəxsən özü qurub”.

***

Mətn hələ axıra çatmamış Valeriya Poroxova əyləşdiyi yumşaq kreslodan qalxdı. Bir gözü məndəydi, digəri mətndə.

Quranı ruscaya çevirmiş bu qadından ötrü, məni öz dilinə çevirmək heç nə idi.

Hadisələrin sonrakı dramaturgiyası, gedişi sanki tam avtomatdaydı. Poroxova, küncdəki dolabın ağır palıd qapısını aralayıb ordan öz kəhrəba kolleksiyasını çıxardı.

– İmperator Yekaterinanın “Kəhrəba otağı”na düşmək azdı. – deyərək, məni tam yeni bir mövzuya, Baltik sahillərinin kəhrəba dərinliklərinə səslədi.

– Gərək kəhrəbaların daxilinə, içinə sızmağı da bacarsan.

Bir-iki addım irəli gəlib, albomdakı kəhrəba kolleksiyasına diqqətlə zilləndim.

Baltik sahillərinə, dərinliklərinə səyahətimi bircə dəli afət – bax bu tərcüməçi xanım müşayiət edirdi.

Kəhrəbalardan birini götürüb mənə uzatmaq istəsə də, anında əlini geri qaytardı.

Kəhrəbanı tozlu görüb, azcana həyəcanlandı. Yaylığının ucuyla kəhrəbanı zamanın təsirindən təmizlədi dönə-dönə.

Üçüncü cəhdindən sonra kəhrəbanı, incə sol ovcu içində, mənəmi göstərdi, hə? Yoxsa…

Kölgəm qəfil bərpa olub divardakı cangüdənimə oxşadı.

Valeriyanın nitqi, gözuyumulu ifası, məstedici idi:

“Baltik sahillərində tapılmış bu kəhrəbanın içində qızıl güvə cütlüyü hələ də “sevişir”.

Kəhrəbada əbədiləşdirilmiş bu sevgi əsərinin müəlliflik haqları, əlahəzrət TƏBİƏT-ə məxsusdu.

Dünyanın ilk “Leyli və Məcnun”, “Romeo və Culyetta”sı, ilk sevgi baleti, kəhrəba əhatəsində, özünə əbədiyyət qazanıb burda.

Sevgi, hələ də davam edir.

Əhsən, bu əsərə…

Belə nadir kəhrəbalar mineralogiyada “İnclusions” adlanır.

Rusiya prezidenti Vladimir Putinin çox qapalı hücrəsində oxşar “İnclusions”lar kolleksiyası mövcuddu.

Səbəb çox qəlizdi. Səbəb Putinin operativ “Qızıl Güvə” parolu, kod ismidir”.

***

– Demək istəyirsiz ki…

Valeriya kölgəmə göz vuraraq, onu məndən xeyli araladı.

İkinci kəhrəba ovcunda azca titrədi əvvəlcə. Sonra tam dondu.

– Kəhrəbaya sızanlar, əbədiyyət qazanır. Evlə təmin olunur. Zaman-məkan standartlarından birdəfəlik qurtarır.

Valeriyanın yelpiyi vaxtında araya girdi.

Üz vualında, şəffaf niqabında sanki yeni qara xallar yarandı.

Kölgəm yenə də məndən qopub Valeriyadan soldakı soyuq, lüm-lüt divarı bəzədi.

Güzgüdəki əksim yerindəydi. Valeriyanın təsirindən tam kənardaydı. Siqaret tüstülətsəydi, dumanı bizə gəlib çatmayacaqdı. Yelpiyinin nəfəsi də, dalğaları da məndən çox uzaqlarda, yad üfüqlər arxasındaydı.

***

Adı dillər əzbəri “Yantar kabinet” burdaydı.

Share: