“Burnumun ucundan arı sancdığı, Bağçalar olaydı, bağlar olaydı” misraları özündə bir topa arzunu cəmləşdirib. Bunlar sadəcə keçmişin hənirtisi deyil, həm də Maarif Həsənoğlu poeziyasının gül açmasıdır. Şeirin başqa misralarında sözün gücündən elə formada istifadə olunub ki, sən də şairin bu arzularına qoşulursan: “Çadır qurulaydı təpə başında Sağdışım, soldışım dağlar olaydı”. Sağdışı sağ tərəfdə, soldışı sol tərəfdə belə yerbəyer etmək bacarığı o qədər təbiidir ki, kökündə kənd bərəkətinin dayandığı hiss olunur. Əslində şair bunu dönə-dönə etiraf etməkdən xüsusi zövq alır: “Səni dalamırsa zoğal yarpağı, Kənddə yaşamağın nə faydası var?!” O, kənddə yaşamağın faydasını kənd ətirli şeirlərində nümayiş etdirir. Doğma torpağı olan Tovuz rayonunun Əsrik kəndini çay sahilində yurd kimi vəsf edir:
Sısqa bulaqlardan süzülüb gələn,
Doğma kəndimizi ikiyə bölən,
Gecələr zülmətin bağrını dələn,
Gümüştək parlayan bu çaya baxın.
15 mart 1956-cı ildə Tovuz rayonun Əsrik-Cırdaxan kəndində anadan olan şairin “Ömür gözləmir”, “Qisas”, “Əsrik lətifələri”, “Niyə təksən”, “Atama məktub” kitabları vardır. 2017-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Maarif Həsənoğlu şeirlərində özünü oynayır. Hər şey çox təbiidir və bu təbiilik romantikanı realistləşdirir. “Hərdənbir küsdürüb könlümü alsan, Hər şeyi unudub sənə gələrdim” – deməklə sövdələşmə etmir, sevdalaşma istəyir. İstəyinin gerçəkləşmədiyini görəndə gileylənir də: “Mənim ürəyimdə qalıb arzular, Sən başqa əllərdə açar olmusan”. Şair ürəyini paslı qıfılla müqayisə edir, lakin müqayisə obyektlərinin adını çəkmir. Elə bir metoddan istifadə olunur ki, ürək aça bilmədiyi qıza yazılan şeir ürəkaçan olur. Bu tipli nümunələr çoxdur:
Aran zonasında bir memar əli,
Sanki daş heykəldən yonub gözəli.
Baxsa əl işinə olmazmı dəli
Eləbil hovuzda donub gözəli.
Maarif Həsənoğlu lirik şair, təbiət şairi olsa da, istənilən mövzunu ram edə bilir. Onun “Yoxdur” rədifli şeirinin bəzi misralarına baxaq: “Günahdan doğulub günahsız uşaq, Atası, anası, dayəsi yoxdur”, “Var-dövlət içində ac qalırıq biz, Bu elə qanundur niyəsi yoxdur”, “Kasıbı qoymurlar adam yerinə, Quranın belə bir ayəsi yoxdur”. Bu nümunələrdə həm qafiyələr, həm də fikrin çatdırılma üsulu bənzərsizdir. Diqqət etdikdə şairin təmkinində böyük üsyankarlıq görürük.
Şairin şeirlərində yerli kolorit, mentalitetdən irəli gələn özünəməxsusluqlar, xalq dilindən götürülmüş ifadələr poetik bitkinlik yaradır. “Bir qaşıq süd olan yerdə, Qırx qazana çalasıdır” – misraları məşhur el deyimindən götürülüb və ustalıqla işlədilib. “Pendirdən, qaymaqdan, yağdan danışar, Evində bir qaşıq şoru olmayan” – sətirlərində kəndlinin ümumi qidalanmasından tutmuş şəhərlinin tamarzı qaldığı nemətlərə qədər əksini tapır. Misralarda həm də gün-güzəran, yaşayış tərzi təqdim olunur. “Evində bir qaşıq şoru olmayan” kasıbın qaymaqdan, yağdan danışması tənqid hədəfi deyil, gerçəkliyin iç üzüdür. Yaxud da “Balası tərs gələn qoca dünyanı Görəsən kim sağıb, ay çoban əmi?” – ritorikasında çox mükəmməl poetizm vardır. Doğuş zamanı balasının tərs gəlməyi heyvanlarda müşahidə olunur. Eyni zamanda sağılmaq da heyvanlara məxsus xüsusiyyətdir. Bu cəhətləri dünyaya epitet etmək və sualı çobana ünvanlamaq ağlasığmaz bədii priyomdur.
Bütün ömrünü kəndinə bağlayan şair həmişə bir təəssübkeşlik mövqeyində dayanıb. “Rayonun payına hüquqşünaslar, kəndimin payına tamada düşür” – gileyi ilə yerində olmayan məmurlara qarşı narazılığını əks etdirib. O nəinki yersiz məmurlara, hətta yersiz eloğullarına da qarşı çıxır. Onların aqibətini sadəcə təsvir etmir, tənqid etmək fikrinə düşmədən ibrət göstərir: “Cənazən laydırda dönsə də buza Torpaq götürmədi səni, eloğlu” və ya “Neynəsin bu kəndin qəbir qazanı? Torpaq götürmədi səni eloğlu” – misraları ilə ölüm haqqını da şərəflə qazanmağın gərək olduğunu çatdırır. Eyni motiv “İşə qoymadığın kənd uşaqları Ağlaya-ağlaya qəbrini qazdı” və ya “Salam vermədiyin qara camaat, Sənin cənazəni yerdən götürdü” – sətirlərində də ifadə olunub. Bu cür şeirlərində müəllif insanın həm yaşamaq, həm də ölmək haqqını qazana bilməsinə diqqət çəkir.
Onun şeirlərində təkrarsız satiranın izlərini də görmək olur. Məsələn, “Şeyxin ayağını yuyan kənizlər, Savaba çatmamış batır günaha” və ya “Varlının villası şəhərə bəzək, Kasıbın hasarı cinayət imiş” – misralarında varlı və kasıb sözlərinin yaratdığı təzad “villa” və “hasar” sözlərindən yaranan antitezanı bitkinləşdirir. “Var” rədifli qoşmasında isə adı var, özü yox sədrlərin ifşası ilə qarşılaşırıq:
Darağın nə fərqi keçəldən ötrü?
Yanında heç kimin bilinmir qədri.
Çiynini çəkirsən, a kolxoz sədri,
Eləbil kürkündə taxtabiti var.
Eləcə də şeirin “Qəbuluna düşmək olmur hələ də, Qapının ağzında çoban iti var” – sətirlərində məmur özbaşnalığına tamam fərqli tənqidin təqdimi ilə qarşılaşırıq.
Şair doğma yurdunun övladı olduğu kimi, doğma ailəsinin də övladıdır. Doğmalarının itkisindən doğan kədərini heç kimi təkrarlamadan çatdıra bilir: “Anasına bənzəmirsən heç kimin, Əl çatmaz, ün yetməz “Qala”san ana” – deyimi ana haqqında yazılmış bütün əsərlərdən fərqlənir. Yaxud da:
Dərdini düyləyib qəm yaylığına,
Baş əymir heç kəsin baş sağlığına…
Dözməyib anamın ayrılığına,
Atam əllərimi buraxıb gedir…
– bəndində ata-ana itkisinin ağrısı elə qovuşdurulur ki, bu itkinin ağrısı sənə valideynlərinin özü kimi doğma olur. Ən gözəli odur ki, Maarif Həsənoğlu bütün əsərlərində öz təbiiliyini təqdim edir.
Gülnar Səma
Müstəqil.Az