Çempionlar Liqasında “Qarabağ”dan başqa, Azərbaycanın bir təmsilçisi də var. Bu, “Dinamo Zaqreb”in şərəfini qoruyan Mahir Emrelidir. Futbolçumuzun komandası ilk matçda səfərdə Norveçin “Bode Qlimt” klubuna minimal hesabla – 0:1 uduzub. Xorvatiya çempionu sabah evdə bu məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.
Maraqlıdır ki, “Qarabağ” futbol tariximizdə ilk və hələlik son dəfə ÇL qrupuna düşəndə komandamızın Bakıda “Kopenhagen”i məğlub etdiyi oyundakı yeganə qola Mahir imza atmışdı.
Xeyli vaxtdır zədədən əziyyət çəkən Emreli bu məsələlərlə bağlı Sports.az saytına blits-müsahibədə danışıb.
– Zədə səbəbindən uzun müddətdir sabit çıxış edə bilmirsən. İndi durumun necədir?
– Şükür, tam olaraq yaxşıyam. Zədə ilə bağlı artıq heç bir problem yoxdur. Sadəcə, bir ay məşqlərdən uzaq qalmışdım. Buna görə optimal formamdan uzağam. Amma zamanla formamı bərpa edib klubuma faydalı olmağa çalışacam.
– “Dinamo Zaqreb” ilk matçda səfərdə “Bode Qlimt”ə uduzdu. Sabah bu məğlubiyyətin əvəzini çıxmağa çalışacaqsınız…
– Bəli, bizi ağır oyun gözləyir. “Bode Qlimt”, həqiqətən, çox yaxşı komandadır. Səfər qarşılaşmasında da bunu göstərdi. Düzdür, orada bəzi maneələr var idi. Məsələn, meydanın süni örtüklü olması. Amma evdə tamam başqa oyun olacaq. Bizim çox güclü və yaxşı təşkil olunmuş komandamız, fərdi bacarıqları ilə oyunu dəyişə biləcək futbolçularımız var. İlk oyundakı səhvlərimizə baxmışıq və rəqibi yaxşı incələmişik. Ümid edirəm ki, qalib gəlib ÇL qruplarına vəsiqə qazanacağıq.
– Keçmiş komandan da ÇL qrupuna düşmək üçün bu gün mücadilə verəcək. Maraqlıdır ki, ilk dəfə “Qarabağ” bunu bacaranda sənin Bakıdakı oyunda vurduğun qələbə qolunun çox böyük əhəmiyyəti olmuşdu…
– Öncə keçmiş komandama uğurlar arzulayıram. Bura mənim doğma evim olub. Hər zaman “Qarabağ”ı dəstəkləyirəm və uğurlarına sevinirəm. Bu mövsüm sərgilədikləri oyunla Çempionlar Liqasının qrup mərhələsinə layiq olduqlarını sübut ediblər. Hətta qrup mərhələsində də çox gözəl işlər görə bilərlər. Sadəcə, bu gün bunu rəsmiləşdirmək üçün son nöqtəni qoymaq lazımdır.
– “Qarabağ”ın Plzendəki matçda şanslarını necə dəyərləndirirsən?
– “Qarabağ” uğurlu nəticələrdən savayı, çox gözəl, izləməkdən zövq aldığımız oyun nümayiş etdirir. Əgər əvvəllər yalnız top saxlamaqla diqqət çəkirdisə, indi həm hücumdakı oyunu, həm sürətli hücumlar zamanı müdafiəni unutmaması və bir çox başqa komponentlərə görə çox mükəmməl təşkil edilmiş, balanslaşdırılmış komanda olduğunu göstərir. “Qarabağ”ın bu axşam uğurlu nəticə əldə edib, qrup mərhələsinə vəsiqə qazanacağına inanıram.